
Ötən gün həm Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin, həm də Almaniyanın xarici işlər naziri Yohan Vadefulun Bakıya səfəri ilk növbədə diplomatiyamızın yüksək dinamikasından və çevikliyindən xəbər verir. Gürcüstan regionda Azərbaycanın ən etibarlı, strateji müttəfiqlərindən biridir, Almaniya isə Avropa İttifaqının (Aİ) lider ölkəsi kimi Azərbaycan üçün çox önəmli tərəfdaşdır. Prezident İlham Əliyevin hər iki naziri qəbul etməsi və onlarla Azərbaycan-Gürcüstan, Azərbaycan-Almaniya əlaqələrinin cari gündəliyini ətraflı müzakirə etməsi hər iki ölkə ilə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin strateji istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini göstərir.
Bu baxımdan, sözügedən səfərlər təkcə ikitərəfli münasibətlərin deyil, həm də Azərbaycanın regional və beynəlxalq diplomatik mövqeyinin güclənməsinin göstəricisidir. Azərbaycan son illərdə həm Cənubi Qafqazda, həm də Avropa məkanında etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmizin həyata keçirdiyi məqsədyönlü xarici siyasət, enerji təhlükəsizliyinə, nəqliyyat-kommunikasiya layihələrinə və regional əməkdaşlığa verdiyi töhfələr beynəlxalq tərəfdaşların diqqətini daha da artırır.
Gürcüstanla münasibətlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstanı yalnız mehriban qonşuluq və qarşılıqlı siyasi etimad deyil, həm də genişmiqyaslı iqtisadi və infrastruktur layihələri birləşdirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz çərçivəsində əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirib. Bu layihələr həm Azərbaycan və Gürcüstanın iqtisadi inkişafına, həm də regionun Avropa və Asiya arasında mühüm nəqliyyat-logistika qovşağına çevrilməsinə xidmət edir.

Bu gün dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji və nəqliyyat təhlükəsizliyinin qlobal gündəliyin əsas məsələlərindən birinə çevrildiyi şəraitdə Azərbaycan-Gürcüstan əməkdaşlığının rolu daha da artır. İki ölkənin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi regional sabitliyə, iqtisadi dayanıqlığa və yeni investisiya imkanlarının formalaşmasına mühüm töhfə verə bilər. Xüsusilə tranzit daşımaları, rəqəmsal bağlantılar, bərpa olunan enerji, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Azərbaycan-Almaniya münasibətləri də çoxşaxəli xarakter daşıyır. Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Avropanın siyasi, iqtisadi və texnoloji inkişafında mühüm rol oynayır. Bu ölkə ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir.
Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyi Almaniya və digər Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilir. Bununla yanaşı, əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmaması, sənaye, innovasiya, yaşıl enerji, təhsil, səhiyyə və yüksək texnologiyalar sahələrini də əhatə etməsi vacibdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri də xarici investorlar və qabaqcıl şirkətlər üçün yeni əməkdaşlıq imkanları yaradır.
Prezident İlham Əliyevin xarici tərəfdaşlarla keçirdiyi görüşlər Azərbaycanın xarici siyasətinin ardıcıl və praqmatik xarakter daşıdığını bir daha nümayiş etdirir. Bu siyasətin əsas istiqamətlərindən biri milli maraqların qorunması ilə yanaşı, qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Azərbaycan bütün tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı hörmət, bərabərlik və etimad prinsiplərini əsas götürür.
Eyni gündə Gürcüstan və Almaniya rəsmilərinin Bakıda olması ölkəmizin müxtəlif geosiyasi istiqamətlər arasında əlaqələndirici rolunun gücləndiyini də göstərir. Azərbaycan həm regional qonşuları, həm də Avropa dövlətləri ilə açıq və konstruktiv dialoq apararaq, əməkdaşlığın yeni formatlarını təşviq edir. Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və diplomatik imkanlarının mühüm göstəricisidir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan və Azərbaycan-Almaniya əlaqələri qarşıdakı dövrdə də yüksələn xətlə inkişaf edəcək. Qarşılıqlı səfərlər, siyasi məsləhətləşmələr və yüksək səviyyəli görüşlər əldə olunmuş razılaşmaların praktiki nəticələrə çevrilməsinə imkan verəcək. Azərbaycanın fəal diplomatiyası isə regionda sülh, təhlükəsizlik və davamlı inkişaf gündəliyinin formalaşdırılmasına bundan sonra da mühüm töhfələr verəcək.
Əlisahib Hüseyniv, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































