
"Qlobal proseslərin nə qədər dinamik və dəyişkən olduğunu mövcud geosiyasi proseslər fonunda daha aydın müşahidə edirik. Yeni çağırışlar ölkələri ənənəvi narrativlərdən fərqli daha praqmatik və rasional siyasi - iqtisadi kurs həyata keçirməyə sövq edir. Sevindirici hal odur ki, yeni dünya nizamı dediyimiz siyasi konyunkturada Azərbaycanın mövqeyi kifayət qədər sağlam və mövcud tendensiyalarla adekvatdır".
Bunları Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə son vaxtlar Avropadan Azərbaycana olan marağın artmasını şərtləndirən amilər barədə danışarkən deyib. O qeyd edib ki, bu səbəbdən artıq Bakının geostrateji rolu Brüssel üçün qaçılmaz və uzlaşması zəruri olan bir reallıqdır:
"Bu gün Avropa ölkələri eyni zamanda üç strateji əhəmiyyətli çağırışla qarşı-qarşıyadır. Bunlar ilk növbədə sənayedə rəqabət qabiliyyətinin qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi və strateji müstəqilliyinin gücləndirilməsidir. Bu faktorları təmin etmək isə davamlı, eyni zamanda etibarlı tərəfdaşlıqlardan aslıdır. Qoca qitə Rusiya enerjisi fonunda bir mənbədən aslı olmağın acı təcrübəsini yaşayıb və alternativ mənbələrə yönəlməklə enerji diplomatiyasını genişləndirir".
Pərviz Mirizadə hesab edir ki, belə bir şəraitdə münaqişə səhifəsini bağlamış, regionda sülh və sabitliyi təmin edən Azərbaycanla iqtisadi-siyasi əlaqələri dərinləşdirmək kifayət qədər rentabellidir:
"Çünki Azərbaycan həm daxili resursları ilə, həm də Transxəzər regionunda əlverişli coğrafi mövqeyi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında kilid rollardan birini üstlənə biləcək potensialdadır. Bu faktorlar qarşılıqlı maraqlar kontekstində avropalıların strateji əhəmiyyətlərini qorumağa imkan verir".
Süleyman












































