
Mənəvi cəhətdən korlanmış dünya mühitində qarşıdurma, münaqişə və müharibələrə son qoymaq mərhələsi necə baş verəcək? Bu atmosferdə, belə situasiyalarda fəsadların insan faktoruna təsirləri bəzən bizi çox düşündürür. Dünya, həqiqətən də, mənəvi deqradasiyanın bəlkə də kulminasiya nöqtəsindədir. Ədalət deyilən məfhum ayaqlar altına atılıb. İnsanlar belə mühitdə çox güvənsiz yaşayırlar. Bu da cəmiyyətin formalaşmasına ciddi neqativ izləri ilə yaddaşlarda həkk olunur. Əslində, bu mürəkkəb situasiya siyasəti aşan bir məsələdir, diplomatiyadan da böyükdür. Çünki dünyadakı müharibələrin, qarşıdurmaların və zorakılığın kökündə yalnız ərazi, iqtisadi maraq, sərvət, hakimiyyət uğrunda mübarizə dayanmır. Bu günün reallığı odur ki, bunların arxasında mənəvi dəyərlərdən uzaqlaşma, tamah, nifrət, qorxu və başqasının haqqını tanımamaq dayanır.
Və belə olan halda dünyanı düzəltmək üçün birinci nəyini düzəltməyə ehtiyac olduğunu öyrənmək lazımdır. Mən öz şəxsi fikrimi bildirirəm ki, mənəvi korlanma xəstəliyinə tutulan dünyanı siyasi və diplomatik həkimləri olan, mənəvi üstünlüklərə malik insanlar müalicə edə bilərlər. İnsanları dəyişmək lazımdır. Bilirsinizmi, dünya milyonlarla insandan və onların qəbul etdiyi qərarlardan asılıdır. Ədalətin gücün iradəsinə tabe edildiyi dünya hələ düzələ bilməz. Başqasının faciəsindən faydalanan, hətta bundan həzz alan insanlar nə qədər ki var, bu mənəvi boşluğu aradan qaldırmaq mümkün olmayacaq.
Həqiqətləri öz şəxsi və emosional ehtiyaclarına qurban verən insanlarla bu dünya düzəlməyəcək, mənəvi korlanma aradan qalxmayacaq. Heç bir siyasi məqsəd insan ləyaqətindən üstün tutulmamalıdır. İndi silahları susdurmaqla, nüvə silahlarını məhv etməklə, məhdudiyyətlər qoymaqla münaqişələri kökündən həll etmək mümkün deyil. Cənablar, bu münaqişələri yaradan səbəbləri öyrənmək lazımdır!
Bizə qarşı real ədalətsizlik, şəxsi maraqların üstünlüyü ilə 30 il ərzində ən dəhşətli formada haqsızlıq oldu. Dünya bilə-bilə ki, bu, bizə qarşı haqsızlıqdır, amma onu müdafiə etdi, nahaqqı qorudular. İnsanlarımızın şərəf və ləyaqətinin, dövlətimizin siyasi qürurunun əzilməsi üçün münbit şərait yaratdılar. Amma bu ölkənin milli-mənəvi dəyərlərini nəzərə almalı idilər. Çünki bu dəyərlər ən yüksək dəyərlər sisteminə malik kateqoriyada idi. Lakin bizi əzmək, böyük düşüncəyə malik bir ölkənin idarəçilik sistemini məhv etmək üçün bu torpağın yetişdirdiyi igidlərin məharətinə, ağıllarına bələd olduqları üçün bizə qarşı düşmənçilik həmişə olub.
70 il sovet imperiyası, ondan sonra kapitalizmin amansız ədalətsizliyi ilə üzləşən bir xalq olaraq, üz-üzə qaldığımız bu ədalətsizliyi bərpa etmək üçün toparlandıq. Bu imperialist düşmənçiliyə qarşı mübarizəyə start veriləndə özümüzə, dəyərlərimizə, ədalətimizə, həqiqətlərimizə, mərhəmətimizə güvənərək özümüzü mənəvi cəhətdən korlanmış dünyanın əzablarından xilas etdik. Bu, əsl həqiqətin qələbəsi, ədalətin təntənəsi, mərhəmətin zəfəri idi. İndi biz bu möhürü qazandıq. 44 günə Zəfər ölkəsinə çevrildik. Bu gün hesab edirəm ki, dünyanın ən böyük problemi silahların olması deyil, nüvə hədələrindən təlaşa gəlmək də deyil. Əsas problem gücün mənəvi məsuliyyətdən ayrılmasıdır. Güclü insan ən böyük mənəvi dəyərləri özündə cəmləsə, heç vaxt dünyada bu cür yaramaz qarşıdurmaları görmərik.
Biz daha ədalətli dünya modelini qura bilərik. Yetər ki, özümüzü dəyişək. Buna nümunə Qarabağımızın işğaldan azad olunması, suverenliyimizin bərpasıdır.
Cənablar, ədalətli olmaq lazımdır! Onda nəyimiz varsa, onunla xoşbəxt, firavan yaşamaq haqqını qazanırıq. Artıq mövcud olan beynəlxalq qurumlar dünyanı bu bəladan xilas edə bilmirlər. Yeni təşkilatların formalaşması, yeni yanaşma tərzinin və qaydaların müəyyən edilməsi, fərdlərin vicdanlı və məsuliyyətli yetişdirilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi zəruridir.
Yeni dünya modelini ortaya qoymaq üçün dünyanın yeni siyasi arxitekturası qurulmalıdır. Dünya mənəvi böhrandan xilas olmalıdır.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri












































