
"ABŞ, Rusiya və Çin liderlərinin gözlənilən üçtərəfli görüşü hazırda beynəlxalq siyasətin ən diqqətçəkən məsələlərindən biridir. Söhbət ABŞ Prezidenti Donald Trampın, Rusiya Prezidenti Vladimir Putinin və Çin Prezidenti Si Cimpinin, Çinin Şençjen şəhərində, APEC sammiti çərçivəsində keçirilməsi planlaşdırılan üçtərəfli görüşündən gedir. Görüşün əsas əhəmiyyəti üç böyük gücün bir masa arxasında əyləşməsindən daha genişdir".
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, ABŞ-nin qlobal liderlik mövqeyi, Çinin yeni dünya duzənindəki iddiaları və Rusiyanın beynəlxalq təcriddən çıxmaq cəhdləri, eyni diplomatik platformada üz-üzə gələcək:
"Liderlərin gündəliyində əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi, ABŞ-İran müharibəsi, ticarət, süni intellekt və nüvə silahları məsələləri ola bilər. Rusiya Prezidenti Vladimir Putin, Ukrayna müharibəsi ilə bağlı Moskvanın mövqeyini gücləndirmək və beynəlxalq çəkisini artırmağa çalışacaq. ABŞ Prezidenti Donald Tramp, nüvə silahlarının məhdudlaşdırılması istiqamətində diplomatik nəticə əldə etmək və beynəlxalq liderlik rolunu nümayiş etdirməyə cəhd edəcək. Çin Prezidenti Si Cimpin, Çinin qlobal diplomatiyada aparıcı mövqeyini ön plana çəkmək, ABŞ-la münasibətlərində sabitliyi qoruyub saxlamaq və Pekinin beynəlxalq nüfuzunu daha da artırmağa çalışacaq".
Ekspert onu da deyib ki, Rusiya və Çin liderlərinin üçtərəfli görüşdən əvvəl Şençjendə ikitərəfli görüşü nəzərdə tutulur:
"İkitərəfli görüş və daha sonra üçtərəfli görüş yalnız münaqişələrin həlli platforması kimi deyil, dünyanın gələcək siyasi və iqtisadi qaydalarını müəyyənləşdirmək uğrunda rəqabət kimi də qiymətləndirmək olar. Əlbəttə ki, görüş tarixi və simvolik olaraq çox əhəmiyyətlidir, lakin konkret razılaşmaların əldə olunması ehtimalı aşağıdır. İlkin məlumatlara görə Çin, ABŞ və Rusiya ilə eyni səviyyəli nüvə məhdudlaşdırılması mexanizminə qoşulmağa maraq göstərməyib. Səbəb, nüvə potensialları arasında ciddi fərqin olması göstərilir. Trampın İran və nüvə silahları məsələlərini müzakirə etmək istədiyi, Ukrayna məsələsinin isə ABŞ tərəfinin ilkin mövqeyinə görə üçtərəfli görüşün əsas gündəliyində nəzərdə tutulmadığı bildirilir. Bu yanaşma onu göstərir ki, üç liderin eyni masa ətrafına gəlməsi avtomatik olaraq beynəlxalq problemlərin müzakirə ediləcəyi və həlli anlamı daşımır. Bu baxımdan hesab edirəm ki, görüşdən siyasi məqsədlər üçün kifayət qədər səmərəli istifadə etmək imkanı var və Moskvanın görüşün yekununda birgə bəyanat əldə etməyə çalışdığı vurğulanır. Bu detal çox əhəmiyyətlidir. Çünki belə bir görüşdə bəyanatın qəbul edilməsi Rusiyanın ABŞ və Çinlə eyni diplomatik platformada çıxış etməsinin siyasi nəticəsini daha da gücləndirə bilər. Bu həmçinin gələcəkdə münaqişələrin həllinə, sanksiyaların ləğvi və təhlükəsizlik zəmanətlərinin verilməsi üçün zəmin yarada bilər. Yəni gələcəkdə öhdəliklər və mexanizmlərin formalaşdırılması baxımından çox əhəmiyyətlidir".
Çingiz Şahbazi hesab edir ki, dünyanın bu üç süpürdövləti arasında birbaşa siyasi dialoqun baş tutması və gələcəkdə davam etdirilməsi nüvə təhlükəsizliyi, ticarət və regional gərginliklərin azaldılması istiqamətində faydalı ola bilər:
"Ukrayna və İran müharibələrinin dayandırılması, diplomatik kanalların açılması üçün faydalı ola bilər. ABŞ, Çin və Rusiyanın qlobal güc balansı, nüvə təhlükəsizliyi və beynəlxalq münasibətlərin gələcək qaydaları və istiqamətləri barədə mövqelərin daha da aydın görünməsi və uzlaşması baxımından da çox faydalı olacağını düşünürəm".
Süleyman












































