
“Hazırda dünyada, o cümlədən yaxın regionlarda mürəkkəb proseslər və münaqişələr davam edir. Belə bir şəraitdə sabitliyin qorunması və təhlükəsizliyin gücləndirilməsi vacib şərtdir. Bu baxımdan, Azərbaycanın qazandığı naliyyətlərlə yanaşı qarşıda da mühüm vəzifələr dayanır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında bu vəzifələrdən bəhs edib. İlk növbədə, daha da güclü olmalıyıq. Çünki dünyada nizam-intizam pozulub, beynəlxalq hüquq işləmir. Ona görə də, bu istiqamətdə işlər davam etdirilməlidir”.
Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP Təftiş komissiyasının üzvü Samir Vəliyev deyib.
Deputat bildirib ki, cənab Prezident hərbi gücümüzün daha da artırılması üçün gələn ilin dövlət büdcəsində bu illə müqayisədə daha çox vəsaitin ayrlacağını açıqlayıb. Eyni zamanda, ideoloji işin gücləndiriməsi də əsas vəzifələrdən biridir. Prezident İlham Əliyev bu barədə deyib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”. Əlbəttə, Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir, bununla belə, təhsilin inkişafı daim diqqət mərkəzində olmalıdır. Çünki cəmiyyət nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də şər – böhtanlara, ideoloji təxribatlara uymayacaq. Digər tərəfdən, vətənpərvərlik ruhu daim yüksək olmalıdır.
“Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Cənab Prezidentin dediyi kimi, bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Ona görə də, xalq olaraq ayıq-sayıq olmalıyıq. Bu məsələdə partiyamızın üzvlərinin üzərinə də böyük vəzifələr düşür. Məlumdur ki, xaricdə ölkəmizə qarşı məkrli kampaniyalar aparılır. Məqsəd ölkəmizdə sabitliyi pozmaq, ictimiayyəti çaşdırmaq və nəticə etibarilə dövlətimizi zəiflədərək xarici qüvvələrdən asılı vəziyyətə salmaqdır. Bu səbəbdən ideoloji məsələlərə daha məsuliyyətlə yanaşmaq lazımdır. İdeoloji işimiz partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu, dövlət başçısının YAP üzvlərinə əsas tövsiyələrindən biridir” – deyən, deputat əlavə edib ki, Prezident İlham Əliyev çıxışında əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı növbəti il minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılacağını açıqlayıb. Bu fakt dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiq edir.
Süleyman












































