Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Unudulmaz tarixi şəxsiyyət-Heydər Əliyev

Unudulmaz tarixi şəxsiyyət-Heydər Əliyev


Dövlətlərin taleyində elə anlar olur ki, orada zamanın axışı sadəcə təqvimlə deyil, millətin varlıq və ya yoxluq seçimi ilə ölçülür. Azərbaycan üçün 1993-cü ilin 3 oktyabrı məhz belə bir dramatik sınaq mühitində xalqın öz taleyinə sahib çıxdığı dönüş anıdır. Həmin dövrdə ölkəni bürüyən xaos, idarəolunmaz iddialar və sosial-iqtisadi tənəzzül cəmiyyətdə sabaha olan inamı tamamilə sarsıtmışdı. Siyasi institutların zəifliyi və daxili çəkişmələr dövlətçilik sütunlarını dayaqsız qoymuş, xarici təhdidlər isə bu zəifliyi milli faciəyə çevirmək üçün fürsət gözləyirdi. Belə bir dalandı xalqın tarixi yaddaşı və gələcək qurmaq arzusu öz xilaskarını meydana çıxardı.

Böyük şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin dövlət sükanı arxasına keçməsi sadəcə bir idarəçi dəyişikliyi deyil, milli təfəkkürün böhrandan qurtulma prosesinin başlanğıcı idi. 1993-cü il oktyabrın 3-də keçirilən ümummilli seçkilər xalqın öz liderinə olan sonsuz etimadının rəsmi möhürü oldu. Ulu Öndər dahi uzaqgörənliyi ilə cəmiyyətdəki dağınıqlığı aradan qaldıraraq insanları vahid bir ideya ətrafında birləşdirməyi bacardı. İlk növbədə daxili sabitlik təmin edildi, qanunun aliliyi bərpa olundu və müstəqilliyimizin ən böyük qalası olan nizami ordunun əsası qoyuldu. Bu strategiya Azərbaycanı parçalanmaq təhlükəsindən qoruyaraq onu addım-addım qlobal arenada çəkisi olan bir gücə çevirdi.

Bu möhkəm fundamental təməl XXI əsrin çağırışlarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən yeni bir inkişaf müstəvisinə daşındı. Dövlət başçısının rəhbərliyi ilə yürüdülən müstəqil iradəyə söykənən siyasət ölkəmizi regional layihələrin aparıcı qüvvəsinə və iqtisadi cəhətdən tam müstəqil bir dövlətə çevirdi. Onilliklər ərzində toplanan hərbi, siyasi və diplomatik güc xalq-iqtidar birliyi ilə birləşərək tarixi ədalətin bərpasına imkan yaratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Şanlı Qarabağ zəfəri və suverenliyimizin bütün sərhədlərimizdə tam təmin olunması Ulu Öndər Heydər Əliyev yolunun ən parlaq zirvəsi oldu. Bu gün işğaldan təmizlənmiş torpaqlarda yüksələn yeni şəhərlər və kəndlər Azərbaycanın sarsılmaz gücünün əyani sübutudur. 1993-cü ildə başlanan o böyük tarixi qayıdış bu gün ölkəmizi qlobal nüfuz sahibi olan qalib bir dövlət kimi işıqlı gələcəyə doğru aparmaqdadır.

Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş