Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP-ın yeni hədəfləri müəyyənləşdi

YAP-ın yeni hədəfləri müəyyənləşdi


Prezident hakim partiya üzvləri üçün yol xəritəsi təqdim etmiş oldu

Təkcə Azərbaycan deyil, eyni zamanda Cənubi Qafqazın ən böyük və güclü siyasi təsisatı olan Yeni Azərbaycan Partiyası özünün növbəti, VIII qurultayını keçirdi. Təsis olunduğu gündən siyasi səhnədə ilklərə imza atan hakim partiya bu dəfə də ərazi bütövlüyümüzün bərpasından sonra geniş masştabda ali orqanı sayılan qurultayını keçirən ilk partiya oldu. Hakim partiyanın qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətli siyasi hadisə olmaqla yanaşı, cəmiyyətə, beynəlxalq aləmə, dost və Azərbaycana düşmən gözü ilə baxan ölkələrə, eyni zamanda hakim partiyanın çoxminli üzvlərinə ünvanlanan mühüm mesajlarla da yadda qaldı. Sadaladığımız mühüm əhəmiyyətli mesajlar isə Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verildi.

Qurultayda Cənab Prezident İlham Əliyevin geniş məzmunlu və proqram xarakterli çıxışı bir tərəfdən Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin prioritetlərinin, ölkəmizin yeni geosiyasi, iqtisadi və ictimai reallıqlar qarşısında qarşıya qoyduğu strateji məqsədlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli idisə, digər tərəfdən hakim partiya elektoratına dövlət başçısının çıxışı fonunda yol xəritəsinin təqdim olunması baxımından əhəmiyyətli idi. Cənab Prezidentin geniş məzmunlu çıxışı YAP üzvlərinin qarşıdakı dövrdə fəaliyyəti, qarşıya qoyulan hədəflərin əldə edilməsi üçün yol xəritəsi, strateji xarakter daşıyan proqram idi.

Qarşıdakı hədəflərin müəyyənləşdirilməsində ilk növbədə diqqətin işğaldan azad olunmuş ərazilərin bərpası, əhalinin doğma torpaqlarına qayıdışı, iqtisadi potensialın reallaşdırılması və Qarabağla Şərqi Zəngəzurun ölkənin ümumi inkişaf prosesinə tam inteqrasiyası olduğu Prezidentin çıxışında açıq şəkildə ifadə olundu. Qurultayda Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı açıqlanan göstəricilər bu istiqamətdə indiyə qədər görülən işlərin miqyasını nümayiş etdirirdi. Prezident İlham Əliyevin bildirdiyinə görə, bu ərazilərin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb. Qarabağ və Şərqi Zəngəzurda 96 min insanın yaşadığı, işlədiyi və təhsil aldığı, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşdığı bildirilib. Dövlət başçısı “Böyük Qayıdış” prosesinin bundan sonrakı illərdə daha da sürətləndiriləcəyini açıqlayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Böyük Qayıdış sadəcə əhalinin doğma torpaqlara qaytarılması proqramı deyil. Bu proses yeni şəhərlərin və kəndlərin salınmasını, müasir infrastrukturun yaradılmasını, təhsil və səhiyyə obyektlərinin qurulmasını, iş yerlərinin açılmasını və bütövlükdə yeni iqtisadi məkanın formalaşdırılmasını əhatə edir. Bu baxımdan qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadi inkişafında da daha böyük rol oynaya bilər. Cənab Prezidentin səsləndirdiyi fikirlər həm də Böyük Qayıdışın bundan sonra daha intensiv xarakter alacağı qənaətini formalaşdırdı.

Qurultayda dövlət başçısı tərəfindən səsləndirilən ən mühüm mesajlardan biri Azərbaycanın hərbi potensialının daha da gücləndirilməsi ilə bağlı idi. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın Zəfər əldə etməsinə və hazırda Ermənistanla münaqişədə olmamağımıza baxmayaraq, hərbi gücün artırılması zəruridir. Çünki regional və qlobal miqyasda cərəyan edən proseslər, dəyişən beynəlxalq təhlükəsizlik mühiti bu addımları atmağı şərləndirir. Daha dəqiq desək Tarixi Zəfərimizlə əldə edilmiş hərbi-siyasi nəticələrin davamlı qalması üçün müdafiə qabiliyyətimizi daha da gücləndirməli, bu prosesin yüksək səviyyədə saxlanılmasına nail olmalıyıq. Digər tərəfdən dünyada yeni münaqişə ocaqlarının yaranması, regional təhlükəsizlik mühitinin mürəkkəbləşməsi də qeyd edilən istiqamətdə daha diqqətli və tədbirli olmağı ön plana çıxarır.

Azərbaycan müharibə şəraitində ədalətli qələbə qazanıb torpaqlarını işğaldan azad etsə də, lakin özünün sülh gündəliyinə də sadiqdir. Bu baxımdan Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində səylərini davam etdirir. Elə Prezident İlham Əliyevin çıxışında da Azərbaycanın Ermənistanla münasibətlərinə də diqqət yetirilib.
Dövlət başçısı Ermənistanla sülhün əldə edilməsinin Azərbaycanın əsas məqsədlərindən biri olduğunu, sülh müqaviləsinin paraflandığını və iki ölkə arasında təmasların başladığını bildirdi. Həmçinin Azərbaycanla Ermənistan arasında ticarətin başladığını qeyd etdi. Burada mühüm məqam Azərbaycanın hərbi qələbədən sonra sülh gündəliyinə keçidi ilə bağlıdır. Prezidentin çıxışından belə bir yanaşma ortaya çıxır ki, Azərbaycan öz təhlükəsizliyini təmin etməklə yanaşı, regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün də yeni imkanların yaranmasında maraqlıdır.

Prezident İlham Əliyevin çıxışı zamanı hakim partiya üzvlərinin diqqətinə çatdırdığı ən mühüm məsələlərdən biri də ideoloji təhlükəsizliklə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, müasir dünyada təhlükələr artıq yalnız dövlət sərhədləri ilə məhdudlaşmır. İnternet, kiberhücumlar və süni intellekt kimi texnologiyalar informasiya və ideoloji təsir imkanlarını genişləndirib. Buna görə də cəmiyyətin bu təsirlərdən qorunması mühüm vəzifə kimi müəyyənləşdirilir. Bu tendensiya YAP qarşısında da yeni vəzifələr yaradır. Əgər əvvəlki dövrlərdə partiyaların ideoloji fəaliyyəti daha çox ənənəvi təbliğat vasitələri üzərində qurulurdusa, müasir dövrdə informasiya məkanının xüsusiyyətləri tamamilə dəyişib. İndi siyasi təşkilatlardan daha çevik kommunikasiya, gənclərlə yeni formatlarda iş, sosial şəbəkələrdə fəallıq, ictimai müzakirələrdə iştirak və müasir informasiya texnologiyalarından istifadə tələb olunur. Prezidentin “şablonlardan əl çəkmək” və yeni, müasir ideoloji iş aparmaq barədə fikirləri məhz bu baxımdan diqqət çəkir.
Bir sözlə, dünənin, bu günün və gələcəyin partiyası olan YAP partiya sədrinin iştirakı ilə Ali orqan toplantısı ilə həm dünənə nəzər saldı, həm bu gün görülən işləri təhlil etdi, həm də gələcək üçün hədəflərini müəyyənləşdirmiş oldu.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı
Xəbəri paylaş