Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Dünya Bankı arasında maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Dünya Bankı arasında maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub


Oktyabrın 2-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə Dünya Bankının “İş yerləri və iqtisadi artım üçün maliyyə əlçatanlığı” (FINGROW) və nəqliyyat missiyalarının əsas nəticələri, gələcək əməkdaşlıq istiqamətləri, eləcə də layihələrin hazırlanmasının və icrasının sürətləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə Dünya Bankı arasında koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Anar Kərimov Azərbaycanın sosial-iqtisadi inkişafının dəstəklənməsi və islahat gündəliyinin həyata keçirilməsi baxımından Dünya Bankı ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, maliyyə əlçatanlığının genişləndirilməsi, özəl sektorun maliyyələşdirilməsi və nəqliyyat infrastrukturunun inkişafı sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

“FINGROW” layihəsi üzrə hazırlıq işlərinə toxunan A.Kərimov layihə çərçivəsində nəzərdə tutulan qismən kredit zəmanəti və kapital maliyyələşdirilməsi komponentlərinin həyata keçirilməsi üçün müvafiq maliyyələşdirmə və hüquqi mexanizmlərin formalaşdırılması, eləcə də layihənin konseptual çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

Eyni zamanda, Dünya Bankının maliyyələşdirdiyi “Regional Yollar və İnkişaf” layihəsinin cari ilin mart ayında uğurla başa çatdığı qeyd edilib. Bildirilib ki, yol sektorunda əməkdaşlığın davamı olaraq “M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması” layihəsinin hazırlanması və Dünya Bankı tərəfindən kredit və texniki yardım göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Öz növbəsində, xanım R.Prays Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. O, “FINGROW” layihəsi çərçivəsində maliyyə əlçatanlığının genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi istiqamətində Dünya Bankının maliyyə və ekspert dəstəyini göstərməyə hazır olduğunu bildirib.

Tərəflər qeyd olunan istiqamətlərdə əməkdaşlığın davam etdirilməsinin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Süleyman
Xəbəri paylaş