Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixin güvəncəsi, gələcəyin üfüqü

Tarixin güvəncəsi, gələcəyin üfüqü


Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 19-da Vyetnama rəsmi səfəri başlayıb. Noyabrın 20-də Prezident İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq və Milli Assambleyanın sədri Çan Tan Man ilə görüşləri keçirilib. Dövlət başçısının Vyetnamın milli azadlıq və dövlətçilik tarixində xüsusi yeri olan Ho Şi Minin məqbərəsini, eləcə də “İnqilab şəhidləri” abidəsini ziyarət etməsi səfərin siyasi məzmununu tarixi yaddaşa və qarşılıqlı sayğıya söykənən mənəvi çalarlarla tamamlayır.

Bu səfər, hər şeydən öncə, Azərbaycan-Vyetnam münasibətlərinin artıq strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi dönəmə düşür. Prezidentin səfər ərəfəsində Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibə isə qarşıdakı əməkdaşlığın tarixi əsaslarını, mövcud imkanlarını və gələcək prioritetlərini aydınlaşdıran mühüm siyasi-konseptual mətn kimi dəyərlidir.

Əlbəttə, dövlətlər arasında münasibətlərin tarixi yalnız diplomatik təqvimlə, imzalanmış sənədlərlə, qarşılıqlı səfərlərin sayı ilə ölçülmür; elə əlaqələr var, onların təməlində ortaq maraqlar dayanır; elələri də var, maraqlarla yanaşı, tarixi yaddaş, qarşılıqlı güvən, mənəvi yaxınlıq və zamanın sınağından çıxmış dostluq ənənələri yaşayır. Azərbaycanla Vyetnam arasında münasibətlər bax, bu – ikinci qəbildəndir. Burada coğrafi uzaqlıq mənəvi məsafəyə çevrilməyib, əksinə, fərqli tarixi-coğrafi məkanlarda formalaşmış iki xalqın qarşılıqlı sayğısı əməkdaşlığın davamlı mənəvi dayağı olub.

Prezident İlham Əliyevin müsahibəsi də məhz bu baxımdan diplomatik münasibətlərin mövcud durumuna verilmiş qiymət olmaqla yanaşı, həm də keçmişin siyasi təcrübəsini, bugünün geoiqtisadi gerçəkliklərini və gələcəyin strateji imkanlarını vahid məntiqdə birləşdirən konseptual baxışın ifadəsidir. Dövlət başçısının yanaşmasında diqqəti çəkən əsas cəhət münasibətlərin tarixi ardıcıllıqla, lakin gələcəyə yönəlik məzmunla təqdim olunmasıdır. Başqa sözlə, tarix burada gələcək əməkdaşlığın mənəvi-siyasi kapitalı kimi dəyərləndirilir.

Azərbaycan-Vyetnam münasibətlərinin başlanğıcında iki böyük siyasi şəxsiyyətin – Ho Şi Minin və Heydər Əliyevin adlarının dayanması təsadüfi deyil. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluğun rəmzi başlanğıcına çevrilmişdisə, 1983-cü ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Vyetnama həyata keçirilmiş səfər həmin münasibətlərin iqtisadi və institusional məzmun qazanmasında mühüm mərhələ olmuşdur.

Burada bir məqam özəlliklə əlamətdardır: Heydər Əliyevin təşəbbüsü ilə səfər proqramının səkkiz günədək uzadılması, Vyetnamın əsas bölgələrinin əhatə olunması diplomatik protokolun hüdudlarından qırağa çıxan, ölkənin gerçək inkişaf ehtiyaclarını yerində öyrənməyə yönəlmiş dövlətçilik yanaşması idi.

Bu tarixi xətt İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ilə yeni mərhələyə qədəm qoydu. 2025-ci ilin mayında Vyetnam KP MK-nın Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı qəbul edilmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə münasibətlərin artıq keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini təsdiqlədi. Beləliklə, tarixi dostluq çağdaş strateji tərəfdaşlığa çevrildi.

Prezident İlham Əliyevin indiki Hanoy səfərinin Ho Şi Minin məqbərəsinə ehtiram ziyarəti ilə müşayiət olunması da bu mənada dərin rəmzi məzmun daşıyır. – Bir vaxtlar Bakıya səfəri ilə dostluğun təməlini qoyan tarixi şəxsiyyətin xatirəsinin müstəqil Azərbaycan dövlətinin başçısı tərəfindən yad edilməsi iki xalq arasında münasibətlərin nəsillərdən-nəsillərə ötürülən mənəvi davamlılığını ifadə edir.

Əslində, burada Azərbaycan diplomatiyasının mühüm bir özəlliyi görünür: söhbət tarixi münasibətlərə sayğıduyarlıq göstərməklə yetinməmək, həmin münasibətləri çağdaş dövlət maraqlarına, qarşılıqlı faydaya və uzunmüddətli əməkdaşlıq mexanizmlərinə çevirməkdən gedir. Bu, siyasi varisliyin yalnız şəxsiyyətlər və hadisələrlə məhdudlaşmayaraq, dövlətçilik düşüncəsinin özündə də davam etdiyini göstərir.

Çağdaş beynəlxalq münasibətlər sistemində coğrafiya öncəki önəmini itirməsə də, onun iqtisadi-siyasi məzmunu dəyişir; artıq dövlətlərin bir-birinə yaxınlığı yükdaşıma dəhlizləri, enerji marşrutları, yatırım imkanları və beynəlxalq əməkdaşlıq şəbəkələri ilə müəyyənləşir. Bu mənada Azərbaycanla Vyetnam arasında tərəfdaşlığın genişlənməsi iki ölkənin ikitərəfli maraqlarından daha geniş geoiqtisadi anlam daşıyır.

Vyetnam Cənub-Şərqi Asiyanın dinamik iqtisadiyyatlarından biri, Azərbaycan isə Avrasiya məkanında vacib enerji və daşımalar qovşağıdır. Bu iki imkanın uzlaşdırılması yeni bazarlara çıxış, təchizat zəncirlərinin şaxələndirilməsi və qarşılıqlı yatırım üçün əlverişli perspektivlər açır.

Prezidentin müsahibəsində 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi vurğulanır; lakin dövlət başçısının bu göstəricinin mövcud potensialı tam əks etdirmədiyini deməsi daha önəmli strateji ismarıcdır. Çün münasibətlərin inkişaf səviyyəsi istifadə edilməmiş imkanların nə dərəcədə düzgün müəyyənləşdirilməsi ilə də ölçülür.

Energetika bu əməkdaşlığın ənənəvi və perspektivli istiqamətlərindəndir. SOCAR ilə PetroVietnam arasında 2025-ci ildə imzalanmış Anlaşma kəşfiyyat, hasilat, texniki xidmət və mütəxəssis hazırlığı sahələrində yeni imkanlar yaradır. Bununla yanaşı, Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanın tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə marağı iqtisadi tərəfdaşlığın daha çoxşaxəli xarakter aldığını göstərir.

Özəlliklə diqqətəlayiq məqam yükdaşıma, logistik əməkdaşlıqdır. 2026-cı ilin ilk 9 ayında tranzit daşımalarının öncəki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 6 dəfə artaraq 8 min tonu ötməsi hələ böyük həcm olmasa da, inkişaf meylinin önəmli göstəricisidir.

Orta dəhliz və Quzey-Güney yükdaşıma dəhlizi kontekstində Azərbaycan-Vyetnam əməkdaşlığına baxdıqda daha geniş mənzərə yaranır: Bakı ilə Hanoy arasında bağlantılar Asiya və Avropanı birləşdirən iqtisadi münasibətlər sisteminin tərkib hissəsinə çevrilə bilər. Burada Azərbaycanın üstünlüyü əlverişli coğrafi mövqeyini ardıcıl dövlət siyasəti, çağdaş infrastruktur və beynəlxalq tərəfdaşlıq vasitəsilə real iqtisadi dəyərə çevirməsindədir.

Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı beynəlxalq siyasətdə qarşılıqlı sayğıya və bərabərhüquqlu əməkdaşlığa əsaslanan tərəfdaşlıq modelinin də diqqətəlayiq örnəyidir. Hər iki dövlət öz tarixi təcrübəsində milli müstəqilliyin, suverenliyin və inkişaf yolunu sərbəst müəyyənləşdirməyin önəmini dərindən yaşamışdır. Bu tarixi təcrübə onların siyasi dialoqunda ortaq anlayışların formalaşmasına əlverişli zəmin yaradır.

Azərbaycanın xarici siyasətində müxtəlif güc mərkəzləri ilə dəngəli, milli maraqlara əsaslanan münasibətlər qurmaq, əməkdaşlıq coğrafiyasını genişləndirmək və beynəlxalq platformalarda fəal iştirak etmək mühüm yer tutur. Vyetnamla münasibətlər də bu çoxvektorlu siyasətin Asiya yönündəki əhəmiyyətli təzahürlərindəndir.

BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda dialoq, parlamentlərarası dostluq qruplarının fəaliyyəti, siyasi partiyalar arasında əməkdaşlıq münasibətlərin daha geniş institusional müstəvidə inkişaf etdiyini göstərir.

Bu baxımdan Prezident İlham Əliyevin Vyetnamın Baş naziri və Milli Assambleyasının sədri ilə görüşləri də münasibətlərin həm hökumətlərarası, həm də parlamentlərarası ölçülərinin inkişafı baxımından önəmlidir. Strateji tərəfdaşlıq haqqında siyasi iradənin müxtəlif dövlət institutlarının fəaliyyəti ilə tamamlanması əməkdaşlığın davamlılığı üçün mühüm şərtdir.

Burada diqqət çəkən başqa bir cəhət də var: Azərbaycan üçün Asiya ilə münasibətlərin dərinləşdirilməsi müstəqil xarici siyasətin imkanlarını artıran tamamlayıcı strateji xəttdir. – Vyetnamla tərəfdaşlıq Azərbaycanın beynəlxalq bağlarının coğrafi və məzmun baxımından şaxələndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin Hanoyda başlayan yüksək səviyyəli görüşləri məhz belə bir strateji gündəmin gerçəkləşməsi baxımından xüsusi önəm daşıyır. Öncəki illərdə yaradılmış siyasi-hüquqi baza, qarşılıqlı güvən və iqtisadi əməkdaşlıq təcrübəsi indi yeni təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdırır.

Əlbəttə, hər bir strateji tərəfdaşlığın gerçək gücü onun duyurulmuş məqsədlərinin həyata keçirilməsi ilə müəyyənləşir. Bu mənada Azərbaycan-Vyetnam münasibətlərinin qarşıdakı mərhələsində əsas meyar siyasi güvənin konkret layihələrə, yatırımlara, qarşılıqlı ticarətin artımına və xalqların rifahına xidmət edən nəticələrə çevrilməsi olacaq.

Azərbaycanla Vyetnam arasında təxminən 70 illik dostluq tarixinin bugünkü mənzərəsi göstərir ki, beynəlxalq münasibətlərdə zamanın sınağından çıxmış güvən böyük strateji sərvətdir.

Keçilən yol artıq yeni məzmun qazanır

Prezidentin Hanoya rəsmi səfəri tarixi ardıcıllığın növbəti mərhələsidir. Bu səfərin siyasi anlamı Azərbaycanın Asiyanın bəlli bölgəsi ilə əlaqələrinin genişlənməsi, beynəlxalq tərəfdaşlıq imkanlarının şaxələndirilməsi və çoxşaxəli xarici siyasətinin yeni coğrafiyalarda praktik məzmun qazanmasındadır. Bu yolun başlanğıcında tarixi sayğı, davamında siyasi iradə, bugünkü mərhələsində isə ortaq maraqlar və gələcəyə yönəlmiş böyük imkanlar dayanır.

Burada keçmişə minnətdarlıq, bugünün imkanlarına realist baxış və gələcəyə əsaslandırılmış inam var.

Bakı ilə Hanoy arasında minlərlə km məsafə olsa da, bu məsafəni qısaldan etibarlı siyasi dialoq, iqtisadi maraqlar və tarixi yaddaşdır. İndi qarşıda duran əsas vəzifə həmin mənəvi-siyasi sərvəti yeni nəslin də faydalana biləcəyi davamlı əməkdaşlıq mühitinə çevirməkdir.

Dövlətlər arasında ən güvənli körpülər yalnız yollarla, limanlarla, enerji xətləri ilə qurulmur. Onların görünməyən, lakin bəzən ən möhkəm dayaqları qarşılıqlı sayğı, tarixi sədaqət, güvəncə və ortaq gələcək iradəsidir.

Əkbər QOŞALI
Xəbəri paylaş