Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dostluq münasibətlərindən strateji tərəfdaşlığa

Dostluq münasibətlərindən strateji tərəfdaşlığa


“Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də dünyanın müxtəlif regionlarında yerləşən ölkələrlə dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. Vyetnamla əlaqələr də məhz bu yanaşmanın tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətləri, qarşılıqlı siyasi etimad və beynəlxalq platformalarda əməkdaşlıq iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Hələ Ulu Öndər Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətdə olduğu illərdə Vyetnama səfəri Bakı ilə Hanoy arasında möhkəm dostluq münasibətləri formalaşdırmışdı. Müxtəlif illərdə vyetnamlı gənclərin Azərbaycanın ali təhsil müəssislərində təhsil alması bu əlaqələrin daha da genişlənməsinə yol açdı”.

Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov deyib. Millət vəkili deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri və səfərdən öncə Vyetnam xəbər agentliyinə verdiyi müsahibə zamanı diqqət etdiyi məsələlər Azərbaycan–Vyetnam münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir:

”Prezident İlham Əliyevin Vyetnam xəbər agentliyinə müsahibə zamanı diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycan ilə Vyetnam arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi perspektivləri idi. Son illərdə Bakı ilə Hanoy arasında iqtisadi-ticari sahədə əlaqələr inkişaf etsə də, lakin dövlət başçısının dediyi kimi İki ölkə arasında mövcud ticarət dövriyyəsi münasibətlərin real potensialını tam əks etdirmir. Azərbaycanın iqtisadi imkanları, enerji resursları, nəqliyyat-logistika infrastrukturu və əlverişli coğrafi mövqeyi, Vyetnamın isə dinamik inkişaf edən iqtisadiyyatı, istehsal potensialı və geniş beynəlxalq ticarət əlaqələri əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi imkanlar yaradır. Bu baxımdan qarşılıqlı ticarətin artırılması, biznes dairələri arasında əlaqələrin möhkəmləndirilməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi və məhsulların qarşılıqlı bazarlara çıxarılması əsas prioritetlərdən biri ola bilər”.

Deputat qeyd edib ki, enerji sektorunda əməkdaşlığın xüsusilə genişləndirilməsi mümkündür və Cənab Prezident müsahibə zamanı bu məqama diqqət yetirərək xüsusilə vurğuladı ki, enerji sektoru Azərbaycan–Vyetnam əməkdaşlığının perspektivli istiqamətlərindən biridir:

”Azərbaycanın neft-qaz sənayesində zəngin təcrübəsi, enerji infrastrukturu və beynəlxalq bazarlarda mövqeyi Vyetnamla bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. Neft və qaz hasilatı, yataqların işlənməsi, enerji infrastrukturunun inkişafı, texnologiyaların tətbiqi və mütəxəssis mübadiləsi istiqamətlərində qarşılıqlı fəaliyyət hər iki ölkə üçün faydalı nəticələr verə bilər. Eyni zamanda, bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi də gələcək münasibətlər üçün yeni imkanlar açır”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Vyetnam xəbər agentliyinə müsahibəsi təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqaz regionunun Asiya regionu ilə əlaqələrinin genişləndirilməsi strategiyasının mühüm istiqamətlərini bir daha ortaya qoyur:

”Vyetnamın iqtisadi inkişafı, beynəlxalq ticarətdə artan rolu və regional mövqeyi Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yaradır. İnkişaf edən əlaqələr, qarşılıqlı faydalı əməkdaşlıq onu deməyə əsas verir ki, Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluqdan strateji tərəfdaşlığa doğru istiqamət alır. Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfəri Bakı ilə Hanoy arasında münasibətlərdə yeni bir səhifə açmaqla bərabər, həm də iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində uğurlu addım olacaq”.

Süleyman
Xəbəri paylaş