Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında yeni imkanlar

Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında yeni imkanlar



Azərbaycanın xarici siyasət prioritetləri sırasında Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Qitə ölkələri əksəriyyəti ilə qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü, beynəlxalq hüququn prinsiplərinə riayət olunması prinsipləri əsasında əməkdaşlıq quran Bakı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, onun irəli aparılması istiqamətində addımlar atır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri həm Bakı-Hanoy, həm də Cənubi Qafqaz region ilə Asiya arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Əslində bəlli bir tarixə malik olan Azərbaycan-Vyetnam əlaqələrini bir qədər də inkişaf etdirmək, yeni əməkdaşlıq imkanları tapmaq baxımından böyük potensial var. Vyetnama rəsmi səfərindən əvvəl Prezident İlham Əliyevin bu ölkənin xəbər agentliyinə verdiyi müsahibədə bu məqama xüsusi diqqət çəkərək əsas istiqamətləri müəyyənləşdirmiş oldu.

Dövlət başçısı Azərbaycanın tranzit və logistika potensialının Vyetnamla münasibətlərin inkişafında xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı. Danılmaz faktdır ki, Şərqlə Qərb arasında mühüm nəqliyyat bağlantısına çevrilən Azərbaycan paralel olaraq Orta Dəhlizin inkişafında fəal iştirak edir. Xəzər dənizi, dəmir yolları, avtomobil yolları, liman infrastrukturu və beynəlxalq nəqliyyat şəbəkələri ölkəmizin tranzit imkanlarını daha da artırır. Vyetnam da öz növbəsində Asiya regionunda istehsal və ticarət mərkəzlərindən biri kimi mühüm mövqeyə malikdir. Bu baxımdan Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə Vyetnam məhsullarının Avropa bazarlarına çıxarılması ikitərəfli əməkdaşlıqda mühüm istiqamətlərdən birini təşkil edə bilər. Eyni zamanda yükdaşımaların optimallaşdırılması və yeni logistika marşrutlarının formalaşdırılması istiqamətində əməkdaşlıq üçün Bakı və Hanoy arasında geniş perspektivlər mövcuddur. Onu da qeyd etmək lazımdır ki, bu imkanlar təkcə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına deyil, eyni zamanda Asiya və Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə yol aça bilər. Ən əsası Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi mövqeyinin daha da güclənməsinə xidmət edə bilər.

Prezidentin müsahibə zamanı dediyi kimi investisiya əməkdaşlığı da münasibətlərin gələcək inkişafında mühüm rol oynayacaq. Azərbaycan xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu baxımdan Vyetnam şirkətləri də bu imkanlardan istifadə edərək Azərbaycanda tikinti, sənaye, infrastruktur, enerji, kənd təsərrüfatı və digər sahələrdə layihələrdə iştirak edə bilərlər.

Dövlət başçısı müsahibəsi zamanı humanitar, mədəni və təhsil sahələrində əməkdaşlığa da diqqət çəkib. Bildirilib ki, xalqlar arasında qarşılıqlı əlaqələrin artırılması, mədəniyyət günlərinin keçirilməsi, tələbə mübadiləsi, universitetlərarası əlaqələrin qurulması, turizm imkanlarının təşviqi və birgə layihələrin həyata keçirilməsi siyasi və iqtisadi əməkdaşlığın daha da möhkəm zəmin almasına kömək edər.

Azərbaycan-Vyetnam münasibətlərindən bəhs edərkən bu münasibətlərin inkişafında Ulu Öndərin xüsusi rolunu qeyd etməmək mümkün deyil. 1959-cu ildə Vyetnamın dövlət və siyasi xadimi Ho Şi Minin Azərbaycana səfəri, 1983-cü ildə isə Heydər Əliyevin Vyetnama səfəri iki xalq arasında dostluq münasibətlərinin inkişafında mühüm hadisələr olub. Bu tarixi əlaqələr zaman keçdikcə siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə təkan verib. Məhz zamanında əsası möhkəm təməllə qoyulmuş həmin münasibətlərin nəticəsidir ki, bu gün Bakı-Hanoy əlaqələri dostluq prinsiplərini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yönəlir. Azərbaycanın möhkəm Hazırda hər iki ölkənin münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində nümayiş etdirdiyi siyasi iradə bu dostluğun müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinə imkan yaradır.

Bu gün Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlıq və siyasi dialoqa xüsusi önəm verirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq platformalarda tərəflərin qarşılıqlı fəaliyyət göstərməsi, beynəlxalq hüququn prinsiplərinə, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında mövqelərin yaxınlaşması münasibətlərin siyasi məzmununu daha da gücləndirir.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı
Xəbəri paylaş