
20 Noyabr – Ağdam Şəhəri Günüdür. Qarabağın mərkəzində yerləşən Ağdam qədim tarixi, zəngin mədəni irsi, münbit torpaqları və özünəməxsus təbiəti ilə hər zaman seçilib.
Birinci Qarabağ müharibəsi dövründə Ağdam uğrunda 42 gün davam edən ağır döyüşlər 23 iyul 1993-cü ildə rayon ərazisinin böyük hissəsinin işğalı ilə nəticələndi.
Ümumilikdə rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi ilə birlikdə 90 kənd işğal olundu. Təxminən 128 min Ağdam sakini doğma yurd-yuvasını tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində rayonun iqtisadi və sosial infrastrukturu dağıdıldı. Ağdamın məscidləri, tarixi abidələri, qəbiristanlıqları və digər mədəni irs nümunələri də vandalizmə məruz qaldı.
Azərbaycan xalqı uzun illər ərzində torpaqlarımızın azad olunacağına, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə inamını bira an belə itirmədi.
2020-ci ilin payızında başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. 44 günlük müharibədə qazanılan tarixi Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. 3 gün sonra - 23 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamda üçrəngli bayrağımızı ucaltdı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi və 20 noyabr Ağdam şəhəri günü kimi müəyyənləşdirildi. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edildi. Bu sənəd işğaldan azad olunmuş ərazilər arasında ilk təsdiqlənən şəhər baş planı kimi xüsusi əhəmiyyət daşıyır. Baş Plana əsasən, Ağdam müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Şəhərdə beş yaşayış məhəlləsinin yaradılması, sosial obyektlərin, müasir infrastrukturun qurulması nəzərdə tutulub.
Ağdamın kəndlərində də quruculuq işləri aparılır. Təsadüfi deyil ki, 2026-cı il iyulun 14-də Azərbaycan və Slovakiya prezidentləri Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar.
Ağdamın gələcək inkişafında iqtisadiyyatın şaxələndirilməsi, istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur. Bu baxımdan Ağdam Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın əsas məqsədi Qarabağın sənaye potensialını reallaşdırmaq, yerli istehsalı genişləndirmək, sahibkarlığı dəstəkləmək və əhalinin məşğulluğunu təmin etməkdir. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkənin ikinci böyük sənaye parkıdır.
Ağdamın dirçəlişində nəqliyyat infrastrukturunun inkişafı da mühüm yer tutur. Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, dəmir yolu xəttinin çəkilməsi və yeni nəqliyyat qovşaqlarının yaradılması şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir. Həmçinin 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı keçirildi.
Ağdamın tarixi-memarlıq irsinin qorunması istiqamətində də mühüm işlər görülür. Ağdam Cümə məscidinin, Qiyaslı məscidinin, Pənahəli xanın İmarət kompleksinin bərpası, Şahbulaq qalasının qorunması və digər layihələr şəhərin tarixi simasının yenidən canlandırılmasına xidmət edir.
Ağdamın bərpasının ən mühüm nəticəsi, şübhəsiz ki, insanların doğma torpaqlarına qayıtmasıdır. Çünki şəhərin və kəndlərin yenidən qurulmasının əsas məqsədi burada həyatın bərpası, insanların öz torpaqlarında əbədi yaşamasıdır.
Könül Nurullayeva,
Milli Məclisin deputatı











































