
[spoiler][/spoiler]Hadisələr zaman keçdikcə tarixi məzmun və siyasi əhəmiyyət qazanır. Dövlətlərarası münasibətlər çərçivəsində keçirilən rəsmi görüşlər, eləcə də nüfuzlu beynəlxalq informasiya agentliklərinə verilən müsahibələr diplomatik salnamənin mühüm hadisələri kimi yadda qalır və gələcək siyasi proseslərə istiqamət verən tarixi məqamlarla səciyyələnir. Azərbaycanla Vyetnam arasında münasibətlər hələ sabiq SSRİ dönəmindən başlayıb. Bu münasibətlər siyasi baxımdan Azərbaycanla deyil, Azərbaycan vasitəsilə SSRİ arasında münasibətlər idi. İkitərəfli münasibətlər Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra yarandı və inkişaf etdirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə həm Azərbaycanla Vyetnam arasında münasibətlərin tarixinin xatırladılması baxımından, həm də ikitərəfli münasibətlərin şəbəkəsinin coğrafiyası, əlaqələrin istiqamətləri, perspektivləri haqqında ətraflı bilgi kimi qəbul edildi.
Dövlət başçımız müsahibədə bu iki dövlət arasında əlaqələrin 1959-cu ildən, Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə başladığını, 1983-cü ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyətinin Vyetnama səfər etdiyini, böyük tarixi şəxiyyət Heydər Əliyevin təşəbbüsü ilə bu səfərin müddətinin səkkiz gün uzadıldığını, rəsmi səfərin ölkənin əsas regionlarını əhatələdiyini, Azərbaycan Respublikasının Prezidentinin 2014-cü ildə Vyetnama ilk dövlət səfərini, 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana cavab səfərini xatırladaraq dedi: “Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.
Dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyaların, müvafiq idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılır. Bundan əlavə, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir”.
Müsahibədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirildiyini, 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutduğunu, 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalandığını, tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunduğunu, humanitar əməkdaşlığın xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynadığını, ... müvafiq əlaqələrin təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilələr vasitəsilə davamlı olaraq möhkəmləndirildiyini, bu istiqamətdə xüsusi rolu olan Heydər Əliyev Fondunun Ha Siag əyalətində ibtidai məktəb tikdiyini və təhsil proqramlarını dəstəklədiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, “Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər. Sevindirici haldır ki, bu akademik əlaqələr zəngin tarixi ənənələrə əsaslanır: hətta sovet dövründə belə, təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin rifahı naminə uğurla tətbiq edib. İki ölkə arasında uzunmüddətli dostluğun rəmzi 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub. Həmin açılış bu görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib”.
Dövlət başçımızın müsahibəsi iki dövlət arasında əlaqələrin geniş şəbəkəsi haqqında ətraflı və gərəkli məlumatlar oldu. Müsahibə xatırlatdı ki, 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-Vyatnam sənədli filmi üçün “Vyetnam süitası” yazıb, rejissor Əjdər İbrahimov 1959-cu ildən 1962-ci ilə qədər Vyetnamda yaşayıb, işləyib, milli kino məktəbinin ön sıralarında olub, yerli rejissorların və aktyorların formalaşmasına kömək göstərib, Vyetnama bir neçə kitab həsr edib, “Vyetnamda gördüklərim” Vyetnam dilinə tərcümə edilib, bu kitabın təqdimatı bu il Hanoyda keçirilib...
Azərbaycan dünya dövlətlərinin səmimi ehtiramı ilə əhatələnmiş bir dövlətdir. İkitərəfli əlaqələr həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə təsdiqlədi ki, bu əlaqələr inama söykənir, etimada söykənir, dayanıqlıdır. Vyetnam bu əlaqələri Azərbaycan kimi tərəfdaşla daha da genişləndirəcəkdir...
Səbinə XASAYEVA.
Milli Məclisin deputatı











































