Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamın xarabalıqları dünyaya erməni işğalının və vandalizminin əsl mahiyyətini göstərən acı sübutdur

Ağdamın xarabalıqları dünyaya erməni işğalının və vandalizminin əsl mahiyyətini göstərən acı sübutdur


Bu gün günlərdən 20 Noyabr - Ağdam Şəhəri Günüdür. Ənb yeni tariximizin misilsiz və bənzərsiz hadisələrindən biri məhz bu təqvim günündə baş verib. Söhbət erməni vandalizmi nəticəsində "Qafqazın Xirosiması"na, "Ruhlar şəhəri"nə çevrilmiş Ağdamın 44 günlük müharibə nəticəsində bir güllə belə atılmadan azad edilməsindən, düşməndən geri alınmasından gedir. Və bu gün həmin möhtəşəm hadisədən - Ağdam şəhərinin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür. Ali Baş Komandan İlham Əliyevin səırkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdamın düşmən tapdağından azad olunduğu gün ən yeni tariximizə Ağdam Şəhəri Günü kimi yazıldı. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
20 noyabr tarixinin Ağdam Şəhəri Günü kimi qeyd edilməsi bu tarixi hadisənin əhəmiyyətini sözsüz ki, daha da artırır. Az öncə qeyd etdiyim kimi Ağdamın 30 illik işğal buxovundan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin nəticəsi idi. 2020-ci ilin sentyabrın 27-dən başlayan əzəli torpaqlarımızın azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatları zamanı şanlı Azərbaycan Ordusunun gücü qarşısında tab gətirməyin mümkün olmadığını dərk edən və həm canlı qüvvə baxımından, həm də hərbi texnika cəhətdən böyük itkilərə məruz qalan Ermənistan sonda kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları Üçtərəfli Bəyanat Ermənistanın təslim aktı idi. Və məhz həmin akta uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana döyüşsüz qaytarıldı. Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil oldular və orada üçrəngli bayrağımızı ucaltdılar. Bu, dünya hərb tarixində həqiqətən də misilsiz hadisə idi.
Bu hadisə Azərbaycanın hərbi-siyasi gücünün, diplomatik iradəsinin və beynəlxalq hüquqa əsaslanan mövqeyinin parlaq təcəssümü idi. Ağdamın azad olunması ilə Azərbaycan həm tarixi ədaləti bərpa etdi, həm də uzun illər ərzində doğma yurdlarından didərgin salınmış ağdamlıların qayıdışına yol açdı. Qarşıda isə bizi Ağdamın dirçəlişi səhifəsi gözləyirdi. İşğal dövründə Ağdam şəhəri və rayonun kəndləri erməni vandalizminin ən ağır nümunələrindən birinə çevrilmişdi. Bir vaxtlar insanların gur yaşadığı, mədəniyyətin, təhsilin, ticarətin və ictimai həyatın qaynadığı şəhər tamamilə dağıdılmış, yaşayış binaları, məktəblər, xəstəxanalar, inzibati binalar, məscidlər və tarixi abidələr məqsədli şəkildə məhv edilmişdi. Ağdamın xarabalıqları dünyaya erməni işğalının və vandalizminin əsl mahiyyətini göstərən acı sübutdur.
Bu gün isə həmin xarabalıqların yerində yeni Ağdam qurulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri nəticəsində şəhər müasir şəhərsalma prinsipləri əsasında yenidən dirçəldilir. Yeni yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, tibb müəssisələri, inzibati binalar, sosial obyektlər və nəqliyyat infrastrukturu inşa olunur. Ağdam yalnız fiziki baxımdan deyil, iqtisadi, sosial və mədəni baxımdan da yenidən canlandırılır. Ən önəmli məqamlardan biri də budur ki, Ağdamın gələcəyi ilə bağlı həyata keçirilən layihələr şəhərin Qarabağın mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsinə hesablanıb. Sənaye parkının yaradılması, kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin açılması və sahibkarlıq imkanlarının genişləndirilməsi doğma yurda qayıdacaq sakinlərin layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir. Bu proses həm də Qarabağın dayanıqlı inkişafı və regionun iqtisadi potensialından səmərəli istifadə baxımından böyük əhəmiyyət daşıyır.
Ağdamın dirçəldilməsi təkcə tikinti layihəsi deyil, həm də milli yaddaşın, tarixi ədalətin və mənəvi dəyərlərin bərpasıdır. Ağdam məscidinin, İmarət kompleksinin, tarixi-mədəni abidələrin və digər irs nümunələrinin bərpası xalqımızın öz tarixini və mədəniyyətini qorumaq əzmini nümayiş etdirir. Bu şəhər bu gün yenidən öz keçmiş şöhrətinə qayıtmağa başlayıb. Onun küçələrində uşaqların şaqraq səsi eşidilir, məktəblərində dərslər keçirilir, mədəniyyət ocaqları fəaliyyətini bərpa edir.
Ağdam Şəhəri Günü hər bir azərbaycanlı üçün xüsusi mənəvi anlam daşıyır. Bu gün həm Zəfərimizi qürurla xatırlamaq, həm şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, həm də gələcəyə inamla baxmaq günüdür. Ağdamın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının fədakarlığı heç vaxt unudulmayacaq. Onların qanı ilə yazılan Zəfər tariximiz gələcək nəsillərə milli qürur və vətənpərvərlik nümunəsi olacaq.
Bu əlamətdar gün münasibətilə bütün ağdamlıları və xalqımızı təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. İnanırıq ki, Ağdam yaxın gələcəkdə Azərbaycanın ən gözəl, müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək. Ağdam tam dirçələcək, canlanacaq və öz adını tarixə yalnız “Ruhlar şəhəri” kimi deyil, həm də yenidən doğulan, gələcəyə inamla addımlayan zəfər şəhəri kimi yazdıracaq.
Ağdam Şəhəri Günümüz mübarək olsun! Qarabağ Azərbaycandır!

Əlisahib Hüseynov

Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş