
Zəngin və qədim tariximizin səhifələri yalnız illərin və rəqəmlərin ardıcıllığı ilə deyil, xalqların taleyini dəyişən, dövlətçilik ənənələrinə yeni nəfəs verən tarixi qərarlar və taleyüklü addımlarla ölçülür. 34 il əvvəl Azərbaycanın siyasi səhnəsində Yeni Azərbaycan Partiyasının meydana çıxması da məhz belə bir möhtəşəm iradənin, millətin öz gələcəyinə sahib çıxmaq əzminin təntənəsi idi.
Bu gün biz o tarixi zirvədən keçilən yola nəzər salarkən "Yeni Azərbaycan Partiyası olaraq Azərbaycan xalqı və dövləti üçün nə etdik?" sualını təkcə hesabat xarakterli bir sorğu kimi deyil, həm də milli özünüdərkimizin, dövlətçilik fəlsəfəmizin mahiyyəti kimi dəyərləndiririk. Bu yolun başlanğıcında da, zirvəsində də partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi vəsiyyəti səslənən müdrik kəlamı dayanır: "Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir". Bəli, bizim üçün partiya mənsubiyyəti sadəcə siyasi mövqe deyil, Vətənə və dövlətə xidmətin ən ali, dəyişməz prioritetidir!
Yeni Azərbaycan Partiyasının yaratdığı dövlətçilik məktəbinin kökləri hələ sovet imperiyasının sərt ideoloji çərçivələri daxilində Ulu Öndər Heydər Əliyevin apardığı gizli və aşkar milli oyanış siyasətinə söykənir. O dövrdə imperiya mərkəzinin bütün təzyiqlərinə baxmayaraq, Ümummilli Liderimiz Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi, mədəni və intellektual bünövrəsini zərgər dəqiqliyi ilə hörürdü. Bütün sahələrdə ardıcıl milliləşmə xətti yürüdülür, milli ruhlu kadrların yetişdirilməsi dövlət siyasətinin əsasına çevrilirdi. Təhsil, səhiyyə və mədəniyyət ocaqları misilsiz dövlət qayğısı ilə əhatə olunur, xalqın mənəvi yaddaşı dirçəldilirdi. Ulu Öndərin 1978-ci ildə böyük siyasi cəsarət göstərərək Azərbaycan dilinin respublika Konstitusiyasında dövlət dili kimi təsbit olunmasına nail olması imperiya daxilində milli suverenliyin ilk böyük qələbəsi idi. 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qaldırılması isə bir millətin əsrlər boyu qəlbində yaşatdığı azadlıq eşqinin rəsmi dövlət rəmzinə çevrilməsi, milli kimliyimizin bərpası demək idi. Məhz bu tarixi zəmin üzərində 1992-ci ilin noyabrında yaradılan Yeni Azərbaycan Partiyası ölkəni xaos, vətəndaş qarşıdurması və parçalanma uçurumundan xilas edərək müstəqilliyimizi əbədi və dönməz etdi.
Ümummilli Liderimizin əsasını qoyduğu bu strateji quruculuq xətti Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni əsrin reallıqlarına uyğun olaraq möhtəşəm zirvələrə yüksəldi. Ötən illər ərzində həyata keçirilən nəhəng iqtisadi islahatlar, qlobal enerji və nəqliyyat layihələri, müasir standartlara cavab verən ordu quruculuğu Azərbaycanı regionun şəksiz liderinə çevirdi. Bu uzaqgörən siyasətin ən parlaq nəticəsi isə xalqımızın əsrlər boyu gözlədiyi tarixi ədalətin bərpası oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Nadir şahdan sonra Azərbaycan tarixində düz 275 il sonra yeganə müdrik sərkərdə və dövlət başçısı kimi adını əbədiyyətə həkk edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi. Vətən müharibəsində qazanılan parlaq Qələbə və antiterror tədbirləri nəticəsində üçrəngli bayrağımızın Şuşada, Xankəndidə və bütün azad edilmiş torpaqlarımızda dalğalanması Yeni Azərbaycan Partiyasının dövlətçilik ideologiyasının tarixi sınaqdan üzüağ çıxmasının ən ali sübutudur.
Tarixi Zəfərlə regionda tamamilə yeni geosiyasi mənzərə yaradan Azərbaycan üçün Yeni Azərbaycan Partiyasının VIII Qurultayı gələcək onilliklərin strateji yol xəritəsini müəyyənləşdirdi. Cənab Prezident İlham Əliyevin həmin qurultaydakı dərin məzmunlu, proqram xarakterli çıxışı partiyamızın qarşısında duran yeni missiyanı, xüsusilə informasiya və ideoloji təhlükəsizliyin təmin edilməsini, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsini ön plana çəkdi. Dövlət başçısının tarixi həqiqətlərimizin dünyaya çatdırılması, Qərbi Azərbaycana, qədim İrəvan torpaqlarına dinc qayıdış konsepsiyası və Zəngəzur dəhlizi ilə bağlı irəli sürdüyü strateji hədəflər bu gün partiyamızın ideoloji fəaliyyətinin ana xəttini təşkil edir. Vaxtilə qazanılmış zəfərlərin mənəvi rəmzi olan Zəfər tağının ucalığı bu gün tarixi yurd yerlərimizə, o cümlədən qədim İrəvana qayıdış ideyalarının işığında milli təfəkkürümüzün yeni üfüqlərini açır.
34 illik şərəfli tarixə malik olan Yeni Azərbaycan Partiyası bu gün də xalqın sarsılmaz etimadına arxalanaraq Vətənə və dövlətə xidmət amalını böyük qürurla davam etdirir. Ulu Öndərimiz Heydər Əliyevin yandırdığı müstəqillik məşəlini bu gün öz qətiyyəti və müdrikliyi ilə daha uca zirvələrə daşıyan möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız müstəqil Azərbaycanın daha qüdrətli gələcəyi, ərazi bütövlüyümüzün və suverenliyimizin əbədi qorunması naminə bundan sonra da yeni tarixi nailiyyətlərə imza atacaqdır.
Zaman dəyişsə də, çağırışlar yenilənsə də, Yeni Azərbaycan Partiyasının dəyişməz andı və ali məqsədi birdir: Dahi Heydər Əliyevin ideyalarının işığı altında - güclü dövlət, qüdrətli xalq və əbədi müstəqil Azərbaycan!
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini











































