Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sektorunda yeni yanaşma: Effektiv fəaliyyətə xidmət edən addım

QHT sektorunda yeni yanaşma: Effektiv fəaliyyətə xidmət edən addım


“Zaman keçdikcə, müxtəlif sahələrdə yeni yanaşmalar, günün tələblərinə uyğun fəaliyyət zərurətə çevrildikcə hər bir sektorda həmin tələb və təkliflərə uyğun addımların atılması qaçınılmaz olur. Qeyri-hökumət təşkilatları və bu sahədə mövcud olan qanunvericiliyin günün tələblərinə uyğun təkmiləşdirilməsi də bu sıradadır. Bu baxımdan QHT-lər haqqında qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər və onun parlament səviyyəsində müzakirəyə çıxarılması mühüm əhəmiyyət daşıyır. Hər şeydən əvvəl onu demək lazımdır ki, sözügedən dəyişikliklər Qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin təkmilləşdirilməsinə, onların institusional imkanlarının genişləndirilməsinə və ən əsası onların ixtisaslaşmasına xidmət edir. Bütün bu sadaladıqlarımızın təşviqi isə ilk növbədə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.

Bunları Newscenter.az-a “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının sədri Faiq Deyidov deyib. Onun sözlərinə görə, müasir dövrdə QHT-lərin fəaliyyəti yalnız ictimai təşəbbüslərin həyata keçirilməsi, yaxud hansısa sosial problemlərin gündəmə gətirilməsi, həmin problemlərin həlli istiqamətində müxtəlif səpkili layihələrin həyata keçirilməsi ilə məhdudlaşmır:

“Düzdür, qeyd etdiyimiz fəaliyyətlər bir tərəfdən dövlətlə vətəndaş cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsinə, ölkədə baş verən proseslərdə, mövcud olan bu və ya digər problemlərin həllində ictimai iştirakçılığın artırılmasına müsbət təsir göstərir. QHT-lər həyata keçirdikləri layihələr vasitəsilə cəmiyyətin sosial ehtiyaclarını müəyyənləşdirir, müxtəlif istiqamətlərdə maarifləndirmə işləri aparırlar. Lakin bəzi hallarda yuxarıda qeyd etdiyimiz layihələr istər cəmiyyət, istərsə də dövlət üçün o qədər də effektli olmur. Məsələn, beynəlxalq və ya regional münasibət üzrə ixtisaslaşmış QHT səhiyyə, təhsil, yaxud sosial sahə üzrə layihə icra edir. Həmin QHT-də həyata keçirdiyi layihə üzrə ixtisaslaşmış kadrların olmaması, həmçinin bu sahələrdə mövcud problemlərdən, risklər və onların həlli yollarından xəbərsizlik nəticə etibarilə həyata keçirilən layihənin nə cəmiyyətə, nə də dövlətə faydasını sağlayır. Bu baxımdan qanunvericilikdə yeniliklər və QHT-lərin ixtisaslaşması QHT-lərin fəaliyyətinin daha məqsədyönlü təşkilinə şərait yarada bilər”.

Faiq Deyidov qeyd edib ki, qanuna təklif olunan dəyişikliklərin əsas istiqamətlərindən biri QHT-lərin fəaliyyət sahələri üzrə təsnifatının müəyyənləşdirilməsi və onların konkret istiqamət üzrə ixtisaslaşmasının təşviqidir:

”Təklifə əsasən, ictimai birliklərin peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq, iqtisadiyyat və digər qanunla müəyyən edilən sahələr üzrə yaradılması nəzərdə tutulur. İctimai birlik və fondların yalnız bir növ üzrə təsis edilməsi yanaşması təşkilatların fəaliyyət profilinin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edir”.

Faiq Deyidov, ”QHT sektorunda ixtisaslaşmanın gücləndirilməsi ilk növbədə layihələrin hazırlanması və həyata keçirilməsi keyfiyyətinə müsbət təsir göstərə bilər. Konkret sahədə çalışan təşkilat həmin istiqamətdə problemləri, ehtiyacları, mövcud vəziyyəti və həll yollarını daha dərindən öyrənmək imkanına malik olur. Bu isə layihələrin təsadüfi ideyalar əsasında deyil, real ehtiyaclar və təhlillər əsasında hazırlanmasına şərait yaradır. “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatı mina təhlükəsizliyi və minatəmizləmə üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutudur və uzun illərdir həyata keçirdiyimiz layihələr də məhz bu istiqaməti əhatə edir. Bu baxımdan biz təşkilat olaraq QHT-lərlə bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikləri təqdir edir, bu dəyişikliklərin QHT sektoruna yeni nəfəs və daha effektiv fəaliyyət gətirəcəyinə inanırıq”,-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş