
Prezident İlham Əliyevin 19–21 noyabr 2026-cı il tarixlərində Vyetnama səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi, enerji, nəqliyyat-logistika, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan–Vyetnam dostluğunun tarixi kökləri 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərinə gedib çıxır. Bu münasibətlərin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də mühüm rolu olmuşdur. Onun 1983-cü ildə Vyetnama səfəri zamanı aparılan danışıqlar və əldə edilən razılaşmalar iki xalq arasında iqtisadi, elmi-texniki və humanitar əlaqələrin genişlənməsinə töhfə vermişdir.
İkitərəfli münasibətlərdə ən mühüm mərhələlərdən biri 7–8 may 2025-ci il tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri olmuşdur. Həmin səfər çərçivəsində aparılan danışıqların nəticəsi olaraq “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul edilmişdir. Bu sənəd münasibətlərin siyasi və hüquqi əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezidentin dövlət səfərinin nəticələrində iki əsas istiqamət diqqət çəkir: strateji siyasi dialoqun genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin konkret layihələrə çevrilməsi.
Görüşün mühüm nəticələrindən biri hər iki ölkənin neft-qaz şirkətlərinin konkret layihələr həyata keçirməsi üçün əlverişli şərait yaradılması barədə razılıqdır.
Digər vacib məqam Vyetnamın Azərbaycanda səfirlik açmaq niyyətini açıqlamasıdır. Bu, diplomatik və iqtisadi əlaqələrin institusional əsaslarını gücləndirəcək.
Müzakirələrdə Azərbaycanın Vyetnamın region ölkələri ilə əlaqələrinin genişləndirilməsində rol oynaya biləcəyi də vurğulanıb. Çünki bu gün Azərbaycanda regionda və dünyada orta güc dövləti kimi tanınaraq, kifayət qədər çəkisi olan, siyasi arenada ciddi gündəliklə çıxış edən dövlətdir.
Azərbaycanla Vyetnam arasında iqtisadi-ticarət əlaqələrinin dövriyyəsi 2025-ci ildə 150 milyon ABŞ dollarını keçib, tranzit yükdaşımaları 2026-cı ilin yanvar-sentyabr aylarında 8 min tondan çox olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 dəfə artmışdır.
Konkret layihələrə gəldikdə isə, SOCAR və PetroVietnam arasında 2025-ci ildə Anlaşma Memorandumu imzalanıb. Memorandum neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssis hazırlığını əhatə edir.
Eyni zamanda, Vyetnam şirkətlərinin Azərbaycanda günəş və külək enerjisi, tikinti və infrastruktur layihələrinə marağı var.
Vyetnamın ROX Group şirkəti ilə 2026-cı ilin sentyabrında Bakıda investisiya sahəsində müvafiq razılaşmalar əldə edilib.
Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişafı həm ikitərəfli əməkdaşlıq, həm də Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında iqtisadi və humanitar əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır və iki coğrafiya arasında əlaqələrin gücləndirilməsində böyük əhəmiyyət daşıyır.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı












































