Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Azərbaycan Partiyası – milli qurtuluş ideyasından güclü dövlətçilik strategiyasına!..

Yeni Azərbaycan Partiyası – milli qurtuluş ideyasından güclü dövlətçilik strategiyasına!..


Bu və ya digər ideya, mütərəqqi fikir düşüncələrdə müəyyən bir dövrün təhlili ilə başlayır, həmin dövrlə zaman anlamında sabahlar arasında arzulanan fəlsəfənin ifadəsi kimi gerçəkləşir. Bu ideya xalqla, dövlətlə, dövlətçiliklə bağlıdırsa, onun işığı daha aydın duyulur, daha aydın görünür, Vətən ünvanlı düşüncələrin rəmzi səyyarəsinə dönən bu ideya yeni bir tarixin başlanğıcı olur...

Ötən əsrin sonları istər “xalqlar həbsxanası” olan sabiq SSRİ üçün, istərsə də müttəfiq respublikalar üçün siyasi çalxantılar dövrü oldu. Moskvanın gizlin, aşkar himayəsinə ümidlənən Ermənistan əvvəlki dövrlərdə olduğu kimi yenə sərhədlərini Azərbaycanın torpaqları hesabına genişləndirmək istəyirdi. Azərbaycanda bu niyyətə qarşı narazılıqlar artmışdı, yaranan narazılıqlar təşkilatlanmışdı, ümumxalq hərəkatına çevrilmişdi. Bu hərəkat artıq böyük, çox böyük qüvvə idi, o qədər böyük ki, İmperiyanın siyasi nüfuzu, silahlı sistemi, institusional xəfiyyə şəbəkəsi, ... onun boyundan ehtiyatlanmağa başlamışdı. Ehtiyatlanan, müəyyən mənada, çəkinən İmperiya Azərbaycanda milli-azadlıq hərəkatını boğmağa cəhd etsə də, bu məqsədlə Bakıya çoxsaylı qoşun yeritsə də istəyinə çata bilmədi. Unutdu ki, “Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır! (Tofiq Fikrət)...

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Azərbaycan yeni siyasi dövrün Azərbaycanı olurdu. Böyük tarixi şəxsiyyətlər tarixin axarını xalqının sabahlarına yönləndirməyi bacarır. Heydər Əliyev belə böyük tarixi şəxsiyyət idi.

1992-ci il oktyabrın 16-da bir qrup ziyalı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək yeni bir partiyanın – Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına münasibət bildirməsini, yaradılması məqsədəuyğun olarsa, ona rəhbərlik etməsini xahiş etdi. Həmişə azərbaycançılıq məfkurəsi ilə yaşayan və işləyən, azərbaycançılığı ilə həmişə qürurlanan böyük tarixi şəxsiyyətin müraciətə cavab kimi yazdığı məqalə 1992-ci il oktyabrın 24-də dərc olundu: “Yeni, Müstəqil Azərbaycan uğrunda”. Böyük tarixi şəxsiyyət Heydər Əliyev ziyalıların tarixli müraciətinə tarixi cavabında demişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Noyabrın 5-də respublika ziyalılarını təmsil edən YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. Noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması qərara alındı, Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.
Tarix yeni dünyanın yeni partiyasının ideoloji işığı ilə işıqlanacaqdı. İşıqlandı da!..

Yarandığı gündən fəaliyyəti sədaqət simvolu olan bu partiyanın üzvləri üçün bir meyar olub: Vətənə və ümummilli maraqlara sədaqət. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin üzvlərini ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən bu siyasi partiyanın yaranması və fəaliyyəti haqqında dediyi fikirlər Azərbaycan gerçəkliklərinin ifadəsidir: “YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı...”.
        
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev partiyanın yaradılmasının 30 illik yubileyinə həsr olunmuş toplantıda çıxışında dedi: “Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu ulu öndər Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir...”...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev demişdir: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Yeni Azərbaycan Partiyasının III Qurultayında (6 mart, 2005) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev partiyanın sədri seçildi. Bu seçim də Azərbaycanın dövlətçiliyinin daha da möhkəmləndirilməsinin siyasi (və mənəvi!) qarantı oldu.

Hər partiya fəaliyyəti müddətində özünün tarixini yaradır. Bu tarixin dövlətə, dövlətçiliyə xidmətini vətəndaşlar da dürüst dəyərləndirir, zaman da. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı tarixi qurultay oldu. Yeni Nizamnamə qəbul edildi, yeni tərkibdə 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası, 35 nəfərlik Veteranlar Şurası təsdiq edildi, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YAP-ın VIII qurultayında çıxışında dedi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.

Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı. Bu prinsiplər Azərbaycan dövlətçiliyinin prinsipləridir.

Yeni Azərbaycan Partiyası hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun daha da möhkəmlənməsində, dünyəvi bir dövlətdə xalqın çox böyük əksəriyyətinin partiyası olmaq etibarilə demokratik inkişaf prosesində yaxından iştirak edir.

Sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olan Yeni Azərbaycan Partiyası bu dövrdə daha əhatəli, Azərbaycan dövlətçiliyi üçün daha gərəkli ideyaların gerçəkləşdirilməsini təmin edir. Sələf-xələf sədaqəti ilə!
Yeni Azərbaycan Partiyası Azərbaycançılığın, dövlətçiliyin partiyasıdır!..
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş