Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib

Sahibə Qafarova Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib


Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 20-də Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının 61-ci plenar iclasında çıxış edib.

Newscenter.az xəbər verir ki, spiker əvvəlcə Türkmənistan Məclisini MDB Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alması münasibətilə təbrik edib.

Çıxışında Milli Məclisin sədri Assambleyanı açıq dialoq platforması kimi xarakterizə edərək, bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə oluna biləcəyini və dövlətlərin milli prioritetlərini nəzərə alaraq razılaşdırılmış yanaşmalar tapıla biləcəyini qeyd edib.

Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini, parlament əlaqələrinin genişləndirilməsinə və ölkələrimiz arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.

Qeyd olunub ki, humanitar sahədə əməkdaşlıq əhəmiyyətli istiqamətlərdən biridir və Azərbaycan MDB məkanında xalqlar arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinin qorunmasına kömək edən mədəni və humanitar mübadilələrin genişləndirilməsinin tərəfdarıdır.

Spiker MDB çərçivəsində Azərbaycanda keçirilmiş tədbirlərdən danışaraq, 2025-ci ilin iyun ayında Azərbaycanın Şərqi Zəngəzur regionunun Laçın şəhərində MDB Mədəniyyət Paytaxtı ilinin təntənəli açılış mərasimi çərçivəsində genişmiqyaslı tədbirlərin təşkil edildiyini, həmin ilin sentyabr-oktyabr aylarında ölkəmizin yeddi şəhərində 13 dövlətdən 1600-dən çox idmançının iştirak etdiyi III MDB Oyunlarının keçirildiyini qeyd edib. O, MDB PA çərçivəsində həyata keçirilən "MDB uşaqları" və "Yaddaş qatarı" kimi humanitar layihələri də xatırladaraq bildirib ki, bu layihələr gənc nəslə xalqlarımızın tarixi və mədəni irsi ilə daha yaxından tanış olmaq, yeni dostluq əlaqələri qurmaq imkanı verir.

Qeyd olunub ki, MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığın mühüm istiqaməti seçkilərin müşahidəsi və parlamentarizmin inkişafı məsələləri olaraq qalır. Azərbaycan nümayəndələri MDB PA-nın monitorinq fəaliyyətində mütəmadi olaraq iştirak edirlər. Spiker cari ilin ikinci yarısında Milli Məclisin deputatlarının Qazaxıstan Respublikası Qurultayının birinci çağırış deputatlarının və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının doqquzuncu çağırış deputatlarının seçilməsi üzrə müşahidə missiyalarında fəal iştirak etdiklərini diqqətə çatdırıb.

O, bu kontekstdə MDB PA-nın iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının fəaliyyətini də qeyd edərək, filialın gördüyü işlərin və təşkil etdiyi təbdirlərin əhəmiyyətindən danışıb.

Çıxışına yekun vuran Milli Məclisin sədri Assambleya çərçivəsində formalaşmış konstruktiv qarşılıqlı fəaliyyət ənənələrinin və toplanmış təcrübənin bundan sonra da parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə və dövlətlər arasında münasibətlərin inkişafına kömək edəcəyinə əminliyini bildirib.

Süleyman
Xəbəri paylaş