Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəhbəri fəaliyyətə başlamadan mühakimə etmək də, tərifləmək də etik deyil

Rəhbəri fəaliyyətə başlamadan mühakimə etmək də, tərifləmək də etik deyil


İdarəetmə mədəniyyətinin mühüm prinsiplərindən biri obyektivlik və peşəkar etikadır. Təəssüf ki, bəzən bir rəhbər vəzifəyə təyin olunan kimi, hələ fəaliyyətə başlamamış onun haqqında müxtəlif mülahizələr, qiymətləndirmələr, tənqidlər və hətta həddindən artıq təriflər səsləndirilməyə başlanılır.
Əslində, bu yanaşmaların hər ikisi eyni dərəcədə yanlışdır.
Bir rəhbəri fəaliyyətə başlamadan tənqid etmək nə qədər əsassızdırsa, onu hələ heç bir nəticə ortaya qoymadan tərifləmək də bir o qədər qeyri-etikdir. Çünki rəhbərliyin uğuru və ya uğursuzluğu vəzifəyə təyinatla deyil, fəaliyyətin nəticələri ilə müəyyən olunur.

Vəzifəyə təyinat insana etimadın ifadəsidir, lakin onun fəaliyyətinin uğurunun təsdiqi deyil.

Rəhbərə əvvəlcədən mənfi münasibət bəsləmək, onun imkanlarını və təşəbbüslərini nəticələrini görmədən şübhə altına almaq sağlam idarəetmə mühitinə zərər vurur. Eyni zamanda, heç bir real nəticə olmadan onu göylərə qaldırmaq, hər addımını uğur kimi təqdim etmək də obyektivlikdən uzaqdır. Belə münasibət peşəkar qiymətləndirməni şəxsi simpatiya və antipatiyaların təsirinə salır.

Unutmaq olmaz ki, rəhbərin fəaliyyətini qiymətləndirmək üçün müəyyən zaman, konkret hədəflər və ölçülə bilən nəticələr lazımdır. Onun idarəetmə qabiliyyəti, kollektivlə münasibətləri, qərarlarının keyfiyyəti, təşəbbüskarlığı və təşkilata verdiyi töhfə məhz bu meyarlar əsasında dəyərləndirilməlidir.

Burada başqa bir mühüm məqam da var: rəhbəri əvvəlcədən tənqid və ya tərif obyektinə çevirmək bəzən kollektivdə süni gözləntilər, tərəfkeşlik və qruplaşmalar yaradır. Bu isə işgüzar münasibətlərə deyil, şəxsi münasibətlərə əsaslanan idarəçilik mühitini gücləndirir.

Mənim qənaətimcə, sağlam akademik və institusional mühitdə nə qabaqlayıcı tənqidə, nə də qabaqlayıcı mədhiyyəyə yer olmalıdır.

Gəlin, insanları vəzifəyə təyin olunduqlarına görə deyil, gördükləri işə, əldə etdikləri nəticələrə və yaratdıqları dəyərə görə qiymətləndirək.

Çünki rəhbər haqqında ən obyektiv hökmü nə təyinat xəbəri, nə şəxsi münasibətlər, nə də alqışlar verir. Bu hökmü zaman, fəaliyyət və nəticələr verir.

Tənqid də nəticəyə əsaslanmalıdır, tərif də. Əks halda, hər ikisi peşəkar etikadan uzaqlaşaraq şəxsi münasibətlərin ifadəsinə çevrilir.


Zahid Məmmədov

İqtisadçı alim, professor
Xəbəri paylaş