
“Tarixi zəfərimizdən sonra Azərbaycan dövlətinin qarşısında duran vacib məsələlərdən biri işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlınməsi idi. Ötən 6 il ərzində əsas etibarilə daxili imkanlarımız hesabına müəyyən miqdarda ərazilərimiz mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu sahədə ixtisaslaşmış qurum olan ANAMA əməkdaşlarının 2020-2026-cı illər üzrə işğaldan azad edilən ərazilərimizdə apardıqları minatəmizləmə əməliyyatları nəticəsində 311 min hektara yaxın ərazi minalardan və partlamamış sursatlardan təmizlənib. Ümumilikdə aşkar edilərək zərərsizləşdirilən partlayıcı vasitələrin sayı 270 minə yaxındır. Ancaq bu da bir həqiqətdir ki, bu tipli problemlərin həllində istənilən ölkəyə beynəlxalq dəstəyin verilməsi, eyni zamanda bu sahədə böyük təcrübəsi olan ölkələrin təcrübəsinin öyrənilməsi başlıca şərtdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri təkcə siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi deyil, həmçinin mina probleminə qarşı mübarizədə Vyetnam təcrübəsinin öyrənilməsi baxımından əhəmiyyətlidir”.
Bunları Newscenter.az-a “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının sədri Faiq Seyidov deyib. O bildirib ki, Vyetnam mina və partlamamış hərbi sursatlarla mübarizə sahəsində böyük təcrübəyə malidkir və bu təcrübənin öyrənilməsi, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Azərbaycana mina probleminə qarşı nübarizədə fayda verə bilər:
”İlk növbədə, mina təhlükəsinin qiymətləndirilməsi, təmizləmə prosesinin təşkili, mütəxəssislərin hazırlanması, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahələrində qarşılıqlı bilik mübadiləsinin aprılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdə Vyetnamla əməkdaşlığı təsadüfi deyil. Hər iki ölkə mina təhlükəsinin ağır nəticələri ilə üzləşib və bu problem bu gün də insanların həyatına, təhlükəsizliyinə, sosial-iqtisadi inkişafına təsir göstərir. Məhz bu ortaq reallıq ölkələr arasında əməkdaşlığın daha praktik və nəticəyönümlü olmasına zəmin yaradır. Hesab edirəm ki, təcrübə mübadiləsi, birgə təlimlər, mütəxəssislərin hazırlanması və mina probleminin həlli ilə bağlı institusional əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalı ola bilər. Ən əsası birgə əməkdaşlıq işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə prosesinin sürətlənməsinə gətirib çıxarar”.
Faiq Seyidov qeyd edib ki, Ermənistanın 30 ilə yaxın işğal dövründə Azərbaycanın şəhər və rayonlarından basdırdığı minalar və ərazilərdə qalan partlamamış hərbi sursatlar insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır:
“İkinci Qarabağ müharibəsindən sonra 441 nəfər minaya düşüb ki, onlardan da 73-ü həlak olub. Həlak olan mina qurbanlarından 58-i mülki şəxsdir. Onların aralarında qadınlar və uşaqlar da var. Bu statistik göstəricilər problemin nə dərəcədə ağrılı və çətin olduğunu göstərir. Bu, həmçinin Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış prosesinə, quruculuq işlərinə, iqtisadi fəaliyyətin genişləndirilməsinə də mane olur. Bu səbəbdən mina təhlükəsinin aradan qaldırılması Azərbaycan üçün yalnız texniki və humanitar məsələ deyil, həm də ölkənin postmünaqişə dövründə qarşıya qoyduğu strateji məqsədlərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Süleyman











































