
Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın iqtisadi, siyasi əlaqələrinin genişləndirilməsinə xidmət edir. Bu kontekstdə dövlətimizin başçısının vyetnamlı həmkarı To Lam ilə geniş tərkibdə görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin strateji əhəmiyyət daşıdığını vurğulaması çevik diplomatiyamızın yaratdığı reallığı əks etdirir. Hazırkı qeyri-sabit beynəlxalq münasibətlər sistemində və qlobal geosiyasi təlatümlər şəraitində dövlətlərin ikitərəfli qarşılıqlı maraqlar əsasında güclü tərəfdaşlıqlar qurması ən optimal mövqedir. Azərbaycan və Vyetnam da ikitərəfli əlaqələrin iqtisadi dayanıqlılıq üçün etibarlı seçim olduğunu nəzərə alaraq əməkdaşlıq imkanlarını daha da genişləndirməyə çalışır.
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibədə hər iki ölkənin regional mövqeyini dəqiq ifadə edərək bildirib ki, bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Başqa sözlə desək, Vyetnam bu gün Azərbaycan üçün Cənub-Şərqi Asiyanın ən perspektivli iqtisadi tərəfdaşlarından biridir. Eyni zamanda, Vyetnam üçün isə Azərbaycan Cənubi Qafqaz, Xəzər hövzəsi və Avropa bazarlarına çıxış baxımından əhəmiyyətli imkanlar təqdim edir. Bu baxımdan, bu gün hər iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı marağın yüksək səviyyədə olduğunu görürük.
Hər iki ölkə iqtisadi dayanıqlılığın təmin olunması, milli maraqların qorunması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fəal siyasət həyata keçirir. Qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Onu da qeyd etməliyik ki, bu gün ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün həqiqətən də böyük imkanlar var. Ona görə də hazırda Azərbaycan–Vyetnam əlaqələrinin inkişafında iqtisadi əməkdaşlıq əsas istiqamətlərdən biri kimi çıxış edir. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi mühüm prioritetlər sırasındadır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq logistika layihələrində fəal iştirakı Vyetnam üçün yeni əməkdaşlıq imkanları yaradır. Eyni zamanda, Vyetnamın sürətlə inkişaf edən iqtisadiyyatı, istehsal potensialı və Asiya bazarındakı mövqeyi Azərbaycan şirkətləri üçün əhəmiyyətli perspektivlər vəd edir. Bu baxımdan nəqliyyat-logistika, kənd təsərrüfatı, sənaye, enerji, turizm və informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi böyük potensiala malikdir. İqtisadi əlaqələrin şaxələndirilməsi hər iki ölkənin qlobal və regional risklərə qarşı dayanıqlılığını artıra bilər. Qarşılıqlı faydaya əsaslanan layihələr həm yeni investisiya imkanlarının yaranmasına, həm də biznes subyektləri arasında birbaşa təmasların intensivləşməsinə şərait yaradacaq.
Azərbaycanın əsas aparıcı rol oynadığı Orta Dəhliz bu gün Vyetnam üçün də cəlbedicidir. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu rəqəm əməkdaşlığın nəqliyyat-logistika istiqamətində artıq konkret nəticələr verməyə başladığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər qüvvələrini birləşdirərək yeni bazarlara çıxmaq, birgə layihələr həyata keçirmək, biznes və investisiya imkanlarını genişləndirmək potensialına malikdirlər. Bu baxımdan, Prezidentin Vyetnama səfəri yalnız mövcud münasibətlərin qiymətləndirilməsi ilə məhdudlaşmır. Bu səfər eyni zamanda gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycanınla Vyetnam arasında qarşılıqlı səfərlərin intensivləşdirilməsi, hökumətlərarası və biznes forumlarının keçirilməsi, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin hazırlanması əlaqələrin daha praktik məzmun qazanmasına imkan yarada və xalqlarımızın rifahına mühüm töhfə verə bilər. Bu gün Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişafı göstərir ki, müasir dövrdə ölkələr arasında etibarlı tərəfdaşlıq yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi və humanitar layihələrlə möhkəmlənir. Bu baxımdan qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi hər iki dövlət üçün uzunmüddətli dividendlər vəd edir. Qlobal geosiyasi proseslərin mürəkkəbləşdiyi bir vaxtda Bakı ilə Hanoy arasında qarşılıqlı etimad və maraqlara əsaslanan tərəfdaşlığın möhkəmləndirilməsi həm regional, həm də beynəlxalq əməkdaşlıq baxımından həqiqətən də olduqca mühüm əhəmiyyət daşıyır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri











































