Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Qayıdışın növbəti mərhələsi daha sürətli gedəcək

Böyük Qayıdışın növbəti mərhələsi daha sürətli gedəcək


"Cənab Prezidentin YAP-ın qurultayındakı çıxışında siyasi məsələlərlə yanaşı, iqtisadi və sosial məsələlərə də geniş yer ayrıldı. Sosial ödənişlərin artırılması, investisiyalar, dövlət borcu və valyuta ehtiyatları, enerji siyasəti, tranzit imkanları, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı mühüm məsələlərə toxundu".

Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu məsələlərin hər biri ayrıca geniş müzakirə mövzusudur:

"Amma çıxışda iki məqam mənim diqqətimi xüsusilə cəlb etdi. Birincisi, qlobal enerji keçidi ilə bağlı yanaşmadır. Prezidentdən sitat:

"Bu gün "yaşıl keçid"lə bağlı tezisi ortaya atanlar arasında da artıq ciddi müzakirələr gedir. Yaxşı, qoy almasınlar bizim qazımızı, neftimizi, neft məhsullarımızı. Onların iqtisadiyyatı necə inkişaf edəcək?”

Bir neçə ildir ki, dünyada yaşıl enerji və karbohidrogenlərdən imtina perspektivləri müzakirə olunanda mən də mövqeyimi bu istiqamətdə ifadə etmişəm ki, ən azı yaxın 50 ildə qlobal iqtisadiyyat neft və qazdan tam imtina edə bilməyəcək".

İqtisadçı qeyd edib ki, məsələ yalnız neft və qazın yanacaq kimi istifadəsi ilə məhdudlaşmır:

"Karbohidrogenlər neft-kimya sənayesindən başlayaraq çoxsaylı məhsulların istehsalında mühüm xammal bazasıdır. Eyni zamanda, enerji təhlükəsizliyi və iqtisadi səmərəlilik məsələləri də qalır. Yaşıl enerjinin payı artacaq, texnologiyalar inkişaf edəcək, enerji balansı dəyişəcək, amma bu proses neft və qazın qısa və orta müddətdə iqtisadi əhəmiyyətini aradan qaldırmayacaq.

İkinci diqqətimi çəkən məqam Böyük Qayıdışla bağlı açıqlanan yeni rəqəmlər oldu.
Qarabağ və Şərqi Zəngəzurda artıq 96 min insanın yaşaması, çalışması və təhsil alması, bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsaitin ayrılması, 48 yaşayış məntəqəsində keçmiş köçkünlərin məskunlaşması ilə bağlı açıqlanan rəqəmlər yeni məlumatlardır. Düşünürəm ki, prosesləri mediada izləyən və şərh edənlərin də böyük hissəsi bu rəqəmləri ilk dəfə eşitdi".

Eldəniz Əmirov hesab edir ki, Böyük Qayıdışın növbəti mərhələsi daha sürətli gedəcək:

"Birinci Dövlət Proqramı dövründə əsas infrastrukturun böyük hissəsi yaradılıb, eyni zamanda azad edilmiş ərazilərin idarə olunması üzrə ciddi praktiki təcrübə toplanıb. Xüsusi nümayəndəliklərin fəaliyyəti, qurumlararası koordinasiya, minatəmizləmə, tikinti və məskunlaşmanın təşkili mexanizmləri artıq daha oturuşmuş sistem üzrə işləyir.
Bu baxımdan, Böyük Qayıdışa dair II Dövlət Proqramı dövründə həm məskunlaşmanın, həm də həmin ərazilərdə iqtisadi fəaliyyətin daha sürətli genişlənəcəyini düşünürəm".

Süleyman
Xəbəri paylaş