Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan-Azərbaycan münasibətləri yalnız dövlətlərarası deyil, xalqlararası qarşıdurma mahiyyəti daşıyır

Ermənistan-Azərbaycan münasibətləri yalnız dövlətlərarası deyil, xalqlararası qarşıdurma mahiyyəti daşıyır


Azərbaycan 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatından sonra ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Ermənistan-Azərbaycan arasında özündə sülh anlayışı ehtiva edən sənədin imzalanması mümkün görünsə də, klassik hüquqi məzmunlu sülh müqaviləsinin imzalanması hələ ki mümkün deyil.
Birincisi, klassik hüquqi bazalı sülh müqaviləsi sovet dövründə Azərbaycanın razılığı olmadan qanuni və tarixi ərazilərinin Ermənistana verilməsini legitimləşdirə bilər. Ermənistan Baş naziri Nikol Paşinyanın irəli sürdüyü “Real Ermənistan” konsepsiyası da Ermənistanın qanunsuz əldə etdiyi Azərbaycan torpaqları üzərində hüquqi-siyasi haqqı qazanmaq xəttidir. Ancaq Ermənistana Azərbaycan torpaqları üzərində legitimlik qazandıran müddəaları ehtiva edən müqavilənin imzalanması mümkün deyil.
İkincisi və ən əsası, Ermənistan-Azərbaycan münasibətləri yalnız dövlətlərarası deyil, xalqlararası qarşıdurma mahiyyəti daşıyır. Rusiya iki əsrdən çox dövrdə erməni-azərbaycanlı qarşıdurmasını zamanla milli-etnik münaqişəyə çevirə bilib və bu gün danışıqlar dövlətlərarası müstəvidə aparılsa da, qarşıdurma cəmiyyətlərarası və milli yaddaş müstəvisində faktiki toqquşma ehtimalını özündə saxlayır. Ermənistan-Azərbaycan dövlətlərarası sülh razılaşması yaxın onilliklərdə xalqlararası yeni müharibə riskini tam aradan qaldırmır. Elə Rusiyanın da Cənubi Qafqazda strateji qələbəsi məhz etnik münaqişə nəticəsidir. Ancaq Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri Rusiyadan real suverenlik, müstəqil dövlətçilik və sülh şansı verir.
Paşinyanın Ermənistan-Azərbaycan arasında sülhün aralıq mərhələsi barədə açıqlamaları prosesin yekun sülh müqaviləsi ehtimalını artırsa da, Ermənistan daxilində revanşist və xaricində siyasi təzyiqlər, xüsusən də Rusiya və İran faktorları bu prosesə ciddi maneədir.
Eyni zamanda, Gürcüstan-Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdləri Cənubi Qafqaz uğrunda geosiyasi mübarizənin dərinləşdiyinin əlamətləri kimi, Azərbaycanın da paralel olaraq İran və Böyük Britaniya ilə hərbi əməkdaşlıq perspektivləri regionda daha da mürəkkəbləşən təhlükəsizlik mexanizmi yaradılması cəhdlərini göstərir.
Rusiya üçün Ermənistan üzərində təsir imkanlarının qorunması və Azərbaycandan iqtisadi, enerji təminatı əvəzləyicisi kimi regional inteqrasiyanı əngəlləmək məqsəd olaraq qalır. İranın TRIPP layihəsinin təhlükəsizliyində Rusiyadan başqa digər qüvvələrin iştirakına münasibətdə sərgilədiyi mövqe də Rusiya və İranın koordinasiyalı regional destablizasiya siyasətinin tərkib hissəsidir.
Ancaq 2026-cı il 26 may tarixli ABŞ-Ermənistan TRIPP Çərçivə Sazişinə əsasən, ABŞ Ermənistanın sərhəd təhlükəsizliyində əməkdaşlıq etməyi və TRIPP ərazilərində sərhəd təhlükəsizliyinin təmin olunması prosesinə dəstək verməyi nəzərdə tutur.
Bütün bunlar Ermənistan-Azərbaycan qarşıdurmasının gələcəkdə yalnız iki dövlət arasında münasibətlər müstəvisində deyil, Cənubi Qafqaz uğrunda rəqabət aparan böyük və regional güclərin maraqları kontekstində də yenidən aktuallaşa biləcəyini göstərir. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasındakı münasibətlər indiki vəziyyətdə dövlətlərarası diplomatik fasilə dövrü kimi xalqlararası qarşıdurmanı gecikdirir. Yeri gəlmişkən, Qafqazda Rusiya öz geosiyasi maraqlarını təmin etmək məqsədi ilə istifadə etdiyi xalqlararası münaqişə modelini Ukraynaya münasibətdə özü də qazandı.
Vüqar Dadaşov, MCP sədr müavini
Xəbəri paylaş