Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü: Tarixi Zəfərin, milli qürurun və Böyük Qayıdışın təntənəsi

25 Noyabr – Kəlbəcər Şəhəri Günü: Tarixi Zəfərin, milli qürurun və Böyük Qayıdışın təntənəsi



25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutan, milli birliyin, dövlətçilik iradəsinin və ərazi bütövlüyümüzün bərpasının rəmzi olan əlamətdar tarixdir. Bu gün xalqımız üçün yalnız bir şəhərin azadlığa qovuşduğu gün deyil, həm də tarixi ədalətin bərpasının, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsinin təcəssümüdür.
Kəlbəcər Azərbaycanın zəngin tarixi, qədim mədəniyyəti, füsunkar təbiəti və strateji əhəmiyyəti ilə seçilən bölgələrindən biridir. Əzəmətli dağları, saf bulaqları, zəngin təbii sərvətləri, tarixi-memarlıq abidələri və özünəməxsus mədəni irsi ilə seçilən bu diyar xalqımızın milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Kəlbəcər həm də əsrlər boyu formalaşmış zəngin həyat tərzinin, milli adət-ənənələrin və tarixi yaddaşın qorunub saxlandığı qədim Azərbaycan torpağıdır.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ərzində ağır humanitar fəlakətlə üzləşmiş, şəhərin və rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsimizə ciddi ziyan vurulmuşdur. Doğma yurdlarından didərgin düşən kəlbəcərlilər uzun illər ərzində öz torpaqlarına qayıtmaq arzusu ilə yaşamış, bu arzunun gerçəkləşəcəyinə olan inamlarını heç vaxt itirməmişlər.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və xalq-ordu birliyi ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticələrin əldə olunmasını təmin etmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm tarixi mərhələ başa çatmışdır.
2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrilmişdir. Üçtərəfli Bəyanata uyğun olaraq Kəlbəcərin Azərbaycana qaytarılması xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm hadisə kimi yadda qalmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edilmişdir.
Bu əlamətdar tarix Azərbaycanın milli iradəsinin, dövlətimizin siyasi və diplomatik gücünün, xalqımızın sarsılmaz birliyinin təntənəsidir. Kəlbəcərin azad olunması doğma yurdlarından didərgin düşmüş minlərlə insanın qayıdış ümidlərini yenidən canlandırmış, bölgədə genişmiqyaslı bərpa və quruculuq prosesinin başlanmasına zəmin yaratmışdır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri dövlətimizin qarşıya qoyduğu strateji məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını nümayiş etdirir. Kəlbəcərdə yol-nəqliyyat infrastrukturunun qurulması, enerji təminatının yaxşılaşdırılması, sosial və ictimai obyektlərin tikintisi, yaşayış məntəqələrinin bərpası, turizm potensialının inkişaf etdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Xüsusilə Kəlbəcər şəhərinin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması bölgənin gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Kəlbəcərin zəngin təbii potensialı, mineral su ehtiyatları, əlverişli turizm imkanları və strateji coğrafi mövqeyi onun ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacağını deməyə əsas verir. Burada həyata keçirilən layihələr yalnız infrastrukturun bərpasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, sosial rifahın yüksəldilməsinə və dayanıqlı inkişafın formalaşdırılmasına xidmət edir.
Böyük Qayıdış prosesi Kəlbəcərin həyatında yeni tarixi mərhələnin başlanğıcıdır. Doğma torpaqlarına qayıdan sakinlərin öz evlərində təhlükəsiz və layiqli həyat şəraitinin təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Uzun illər yurd həsrəti ilə yaşayan insanların doğma ocaqlarına qayıtması, şəhərin yenidən canlanması və bölgədə həyatın bərpa olunması tarixi ədalətin real təcəssümüdür.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü həm də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş şəhidlərimizin fədakarlığı heç zaman unudulmayacaqdır. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün vətənpərvərlik və milli qürur nümunəsi olacaqdır.
Bu gün Kəlbəcər özünün yeni inkişaf dövrünü yaşayır. Dağıntıların yerində yeni infrastrukturun yaradılması, müasir şəhər mühitinin formalaşdırılması, tarixi-mədəni irsin qorunması və əhalinin doğma yurda qayıdışının təmin edilməsi dövlətimizin gücünü və gələcəyə yönəlmiş inkişaf strategiyasını nümayiş etdirir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə Kəlbəcər sakinlərini və doğma yurd həsrəti ilə illərini yaşamış soydaşlarımızı səmimi-qəlbdən təbrik edirik. Kəlbəcərin inkişafı, abadlaşması və öz sakinləri ilə yenidən canlanması naminə həyata keçirilən bütün layihələrdə uğurlar arzulayırıq.
Kəlbəcər Azərbaycanın ayrılmaz parçası, milli qürurumuzun və tarixi Zəfərimizin rəmzidir. Doğma torpaqlarımızda quruculuq işləri davam edir, Böyük Qayıdış gerçəkləşir, Kəlbəcərin gələcəyi daha da möhkəm təməllər üzərində qurulur.
Yaşasın müstəqil və qüdrətli Azərbaycan! Yaşasın azad Kəlbəcər!
Gülnar İsayeva
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş