
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin müsahibəsi strateji tərəfdaşlığın perspektivlərini ortaya qoyur
2026-cı il noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini, beynəlxalq əməkdaşlıq prinsiplərini və Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi hadisə kimi diqqət çəkir.
Dövlət başçısının müsahibəsi iki ölkə arasında uzun illərə söykənən dostluq münasibətlərinin müasir dövrün tələblərinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Tarixi dostluqdan strateji tərəfdaşlığa
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanla Vyetnam arasında münasibətlərin təxminən 70 illik tarixə malik olduğunu xüsusi vurğulamışdır. Bu dostluğun təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuşdur.
1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm dönüş nöqtəsi olmuşdur. Həmin səfər zamanı əldə edilən razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə vermiş, uzunmüddətli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Azərbaycanın Vyetnamla münasibətlərinin inkişafında sonrakı illərdə də mühüm addımlar atılmışdır. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir.
2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri isə münasibətlərin yeni mərhələsinin başlanğıcı olmuşdur. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi qarşılıqlı əlaqələrin daha yüksək səviyyəyə yüksəlməsinə şərait yaratmışdır.
İqtisadi əməkdaşlıq və yeni imkanlar
Müsahibədə Azərbaycan və Vyetnam arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına xüsusi diqqət yetirilmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötmüşdür. Bununla belə, mövcud göstəricilər əməkdaşlığın real potensialını tam əks etdirmir.
Energetika sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində birgə fəaliyyət mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, tikinti, infrastruktur, alternativ enerji, kənd təsərrüfatı və sənaye sahələrində də yeni əməkdaşlıq imkanları mövcuddur.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat-logistika infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. Xüsusilə Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Humanitar və mədəni əlaqələr xalqlar arasında dostluq körpüsüdür
Prezident İlham Əliyev müsahibəsində humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın xalqların bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynadığını bildirmişdir.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmuşdur. Fondun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil layihələri, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan universitetlərində təhsil almış təxminən 5 min vyetnamlı gəncin olması da bu əlaqələrin zəngin tarixindən xəbər verir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması iki xalqın dostluğunun rəmzi hadisələrindən biri olmuşdur.
Mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Azərbaycanda Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə festivalın Bakı və Qəbələ şəhərlərini əhatə etməsi, vyetnamlı şair Mai Van Phanın şeirlər toplusunun Azərbaycan dilində nəşr olunması qarşılıqlı mədəni mübadilənin genişləndiyini göstərir.
Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin də Vyetnamla əlaqələrin inkişafında mühüm xidmətləri olmuşdur. Bəstəkar Qara Qarayevin yaratdığı “Vyetnam süitası” və rejissor Əjdər İbrahimovun Vyetnam kino sənətinin inkişafına verdiyi töhfələr bu dostluğun mədəni tarixində xüsusi yer tutur.
Beynəlxalq münasibətlərdə qarşılıqlı dəstək və etimad
Müsahibədə iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da diqqət mərkəzində olmuşdur. Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət göstərirlər.
Prezident İlham Əliyev Vyetnamın Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi yüksək qiymətləndirmişdir.
Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” tayfununun və 2025-ci ildəki genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi də iki ölkə arasındakı dostluğun yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, real humanitar dəstəklə möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın müstəqil, çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan xarici siyasətinin mühüm təzahürüdür.
Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri artıq yalnız tarixi dostluq və diplomatik əlaqələr səviyyəsində deyil, iqtisadi, siyasi, humanitar və strateji tərəfdaşlıq istiqamətində inkişaf edir.
Azərbaycanın Cənubi Qafqazda mühüm logistika və energetika mərkəzi, Vyetnamın isə Cənub-Şərqi Asiyada dinamik inkişaf edən dövlət olması qarşılıqlı əməkdaşlıq üçün geniş perspektivlər açır.
Əminliklə demək olar ki, tarixi dostluğa, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan Azərbaycan–Vyetnam münasibətləri gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və xalqlarımız arasında dostluq bağlarının möhkəmlənməsinə xidmət edəcəkdir.YAP Yevlax rayon təşkilatının fəalı,Yevlax şəhər Nizami adına 7 nömrəli tam orya ümumtəhsil məktəbinin direktor müavini direktor müavini Nərmin Səmədova











































