
Milli Məclisin deputatı İlham Məmmədov Yevlax şəhərinə səfəri çərçivəsində rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olub.
Newscenter.az xəbər verir ki, millət vəkili Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevlə birlikdə şəhərin əsas küçə və prospektlərinə baxış keçirərək görülən işlərin gedişatını yerində izləyib. Şəhər rəhbəri dövlətimizin dəstəyi və təşəbbüsü ilə reallaşdırılan bu infrastruktur layihələrinin uğurla, planlı və ardıcıl şəkildə davam etdirildiyini diqqətə çatdırıb.

Deputat qeyd edib ki, görüşlər zamanı şəhər sakinləri hava şəraitindən asılı olmayaraq rayonda aparılan abadlıq-quruculuq tədbirlərindən, müasir infrastrukturun yaradılmasından böyük məmnunluq duyduqlarını bildiriblər:
"Onlar bu müsbət dəyişikliklərə və yaradılan rahat şəraitə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıq hisslərini ifadə etdilər.
Bəli, bütün bunlar möhtərəm Prezidentimizin respublikamızın bütün bölgələrinə olduğu kimi, Yevlax rayonuna da göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları uğurla icra olunur. Dövlətimiz tərəfindən atılan məqsədyönlü addımlar nəticəsində şəhər və rayonlarımızın siması gündən-günə yenilənir, yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, əhalinin rifah halının yüksəldilməsi və məşğulluğunun təmin olunması istiqamətində mühüm layihələr həyata keçirilir. Regionların tarazlı və davamlı inkişafı müasir Azərbaycanın ümumi tərəqqisinin əsas sütunlarından birini təşkil edir".
Süleyman











































