Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi dostluqdan möhkəm tərəfdaşlığa uzanan Azərbaycan-Vyetnam əlaqələri

Tarixi dostluqdan möhkəm tərəfdaşlığa uzanan Azərbaycan-Vyetnam əlaqələri



Prezident cənab İlham Əliyev 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibə vermişdir. Müsahibə zamanı Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsasları və inkişaf mərhələləri barədə ətraflı bəhs olunmuşdur. Bildirilmişdir ki, iki ölkə arasında əlaqələrin təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, xüsusilə Bakıya səfəri ilə qoyulmuşdur. Bu səfərdən sonra münasibətlərin inkişafında növbəti mühüm mərhələ 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ilə bağlı olmuşdur. Həmin dövrdə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsini daşıyan Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri onun təşəbbüsü ilə səkkiz günədək uzadılmış, ölkənin əsas regionlarını əhatə etmişdir. Səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına təkan vermiş, iki ölkə arasında uzunmüddətli əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirmişdir.
Bu tarixi əlaqələrin davamı olaraq, Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Vyetnam arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə də toxunmuşdur. Qeyd etmişdir ki, 2014-cü ildə Vyetnama həyata keçirdiyi ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri münasibətlərin inkişafında mühüm rol oynamışdır. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələri yeni mərhələyə yüksəltmişdir. Dövlət başçısı siyasi dialoqla yanaşı, energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin və Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini bildirmişdir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş