
“Ümummilli Lider Heydər Əliyevin vaxtı ilə bizə tövsiyə etdiyi və miras kimi qoyub getdiyi Azərbaycançılıq ideologiyasının fəlsəfəsi, əhəmiyyəti, millətimizin, xalqımızın inkişaf strategiyası, xilas yolu olduğunu zaman keçdikcə daha dərindən anlayırıq. Bu bir danılmaz faktdır ki, Azərbaycançılıq ideologiyası, məfkurəsinin müasir dövlətçilik ideologiyası səviyyəsinə yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər müstəqil dövlət quruculuğu prosesində xalqı vahid amal ətrafında birləşdirən milli ideologiyanın formalaşdırılmasını strateji vəzifə kimi müəyyənləşdirmişdi. Onun siyasi fəlsəfəsində Azərbaycançılıq milli mənsubiyyətindən, dilindən və dini etiqadından asılı olmayaraq, Azərbaycanı öz Vətəni hesab edən bütün insanların ümumi ideya ətrafında birləşməsi demək idi”.
Bunları Newscenter.az-a “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının sədri Faiq Seyidov deyib. O bildirib ki, Ulu Öndərin məhkəm təməllər üzərində açdığı yolu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Faiq Seyidov qeyd edib ki, günümüzdə Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətində Azərbaycançılıq ideologiyası ön planda gəlir. Təşkilat sədrinin sözlərinə görə, milli maraqlarımızın qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması və cəmiyyətin həmrəyliyinin gücləndirilməsi məsələləri dövlət başçısının fəaliyyətinin əsas ana xəttini təşkil edir ki, bütün bu sadaladığımız istiqamətlər də öz növbəsində Azərbaycançılıq ideologiyasının mühüm həlqələrini təşkil edir:
”Azərbaycançılıq ideologiyasının bütün dövrlər üçün aktual olduğu, dövlətimizin, millətimizin inkişaf istiqamətlərini müəyyən edən yol xəritəsi funksiyası daşıdığını Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxışı zamanı bir daha açıq şəkildə ifadə etdi, onun gənc nəsillər tərəfindən daha dərindən öyrənilməsinin vacibliyini vurğuladı. Bu ideologiyanın gələcək nəsillər arasında yaşadılması xüsusilə gənclərin milli ruhda, vətənpərvərlik və vətəndaşlıq məsuliyyəti əsasında tərbiyə olunmasını zəruri edir. Gənclər Azərbaycanın tarixini, dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini dərindən bilməli, müasir bilik və texnologiyalara yiyələnməli, ölkənin inkişafına öz töhfələrini verməlidirlər. Milli kimliyə bağlılıqla müasir dünyagörüşünün uzlaşdırılması Azərbaycan cəmiyyətinin intellektual və mənəvi potensialının güclənməsinə xidmət edir”.
Faiq Seyidov diqqətə çatdırıb ki, Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri də ana dilimizin qorunması və inkişaf etdirilməsidir. Onun sözlərinə görə, bu prosesdə də gənclərin üzərinə böyük məsuliyyət düşür. Təşkilat sədri hesab edir ki, gənclər Azərbaycan ideologiyasına sahiblənmək, onu dərindən öyrənməklə həm də dilimizi yaşada, onun saflığını qoruya, inkişaf etdirə bilərlər:
“Dilimizi qorumaq, onun saflığına diqqət yetirmək, gənc nəslə düzgün və səlis Azərbaycan dilində danışmağı və yazmağı aşılamaq milli kimliyimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm vəzifədir”.
Süleyman











































