
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Sosialist Respublikasına həyata keçirdiyi səfər və səfər çərçivəsində Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin, qarşılıqlı etimadın və tarixi bağlılığın bariz təzahürüdür. Bu səfər Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident Cənab İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər ölkələrimiz arasında formalaşmış möhkəm tərəfdaşlıq münasibətlərinin mahiyyətini, əldə olunan nailiyyətləri və gələcək əməkdaşlıq perspektivlərini aydın şəkildə əks etdirir. Eyni zamanda, bu səfər Azərbaycanın beynəlxalq əlaqələrinin şaxələndirilməsi və dost ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən uğurlu xarici siyasətin növbəti göstəricisidir.
Bildirmək istərdim ki, Azərbaycan ilə Vyetnam arasında iqtisadi-ticari əlaqələrin inkişafı da xüsusi diqqət çəkir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarından artıq olması qarşılıqlı iqtisadi əməkdaşlığın genişlənən miqyasını göstərir. Bununla yanaşı, tranzit daşımaları sahəsində müşahidə olunan müsbət dinamika Azərbaycanın əlverişli coğrafi mövqeyinin və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunun Vyetnamla əməkdaşlıq üçün yeni imkanlar yaratdığını təsdiqləyir. Mövcud potensialın səmərəli reallaşdırılması, ticarət əlaqələrinin genişləndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi gələcək münasibətlərin əsas istiqamətlərindən olacaqdır. Əminliklə demək olar ki, qarşılıqlı maraqlara və dostluq ənənələrinə əsaslanan Azərbaycan-Vyetnam münasibətləri qarşıdakı dövrdə daha da möhkəmlənəcək, iqtisadi-ticari əməkdaşlıq yeni imkanlarla zənginləşərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaqdır.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı











































