
28 sentyabr 2026-cı il tarixində Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı idarəçilik üçün Tərəfdaşlıq Proqramı III” (PGG III) çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi üzrə “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda mediatorlar üçün seminarın ilk günü keçirilib.
Newscenter.az xəbər verir ki, Mediasiya Şurasının tərəfdaşlığı ilə keçirilən tədbirin açılış hissəsində Avropa Şurasının Bakıdakı Ofisinin layihə üzrə məsul şəxsi Vəfa Rövşənova, Mediasiya Şurasının İdarə Heyətinin sədrinin müşaviri Əli Fərzəliyev, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin baş məsləhətçisi, birinci dərəcəli ədliyyə qulluqçusu Türkan Səmədova çıxış edərək seminarın məqsəd və əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Seminarın əsas məqsədi mediatorların peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, mediasiya prosesinin daha effektiv təşkili və mediatorların praktiki fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verilməsidir.
İlk gün ərzində iştirakçılara mediasiya prosesinə ümumi baxış, mediasiyanın əsas prinsipləri, Mediasiya üzrə Sinqapur Konvensiyası və effektiv mediasiyanın əhəmiyyəti ilə bağlı təqdimatlar keçirilib.
Həmçinin mediasiyaya hazırlıq mərhələsi, mediatorun fəaliyyətinin başlanğıc mərhələsində həyata keçirdiyi hərəkətlər, mediasiya hərəkət planının hazırlanması, ilk açılış iclasına hazırlıq və mediatorun etika filtrləri kimi mövzular ətrafında müzakirələr aparılıb.
Seminar çərçivəsində mediatorların praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə rol oyunlarından da istifadə olunub.
Günün ikinci hissəsində isə ilk açılış iclası, masaya qədərki davranışlar, mediatorun rolunun dəqiqləşdirilməsi, “Prosessual qaydalar” və tərəflərdə proses barədə aydınlıq yaradılması, ilk görüşdə mediatorun hərəkətləri, təkliflərin artırılması və həllin əldə olunması, həll seçimlərinin qiymətləndirilməsi mövzuları üzrə nəzəri və praktiki sessiyalar təşkil edilib.
Tədbir zamanı iştirakçıların mövzular üzrə fikir mübadiləsi aparmasına, praktiki nümunələr əsasında biliklərini möhkəmləndirməsinə və peşə fəaliyyətlərində qarşılaşdıqları məsələləri müzakirə etməsinə imkan yaradılıb.
Qeyd edək ki, “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda seminar 29 sentyabr 2026-cı il tarixində də davam etdiriləcək.
Süleyman












































