
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri müstəqil Azərbaycan Respublikasının institusional formalaşması və müasir dövlətçilik tarixində fundamental dönüş nöqtəsidir. Dərin siyasi xaos, hərbi uğursuzluqlar, sosial-iqtisadi tənəzzül və dövlətçiliyin süqutu təhlükəsi fonunda reallaşan bu seçki, mahiyyət etibarilə cəmiyyətin özünümüdafiə instinktinin və dövləti xilas etmə iradəsinin konstitusion-hüquqi müstəviyə keçidi idi. Ümummilli Lider Heydər Əliyevin seçicilərin mütləq səsini qazanaraq Prezident seçilməsi, sadəcə hakimiyyət dəyişikliyi deyil, böhran idarəçiliyindən sistemli dövlət quruculuğuna keçidin strateji təməlini qoydu.
1991–1993-cü illərdə Azərbaycan müstəqilliyini formal olaraq bərpa etsə də, dövlət suverenliyinin real məzmunla doldurulması mexanizmləri mövcud deyildi. Mərkəzi idarəetmə aparatı iflic vəziyyətə düşmüş, silahlı birləşmələr üzərində dövlət nəzarəti itirilmiş, separatçılıq meyilləri pik həddə çatmışdı. 1993-cü ilin iyun böhranı şəraitində xalqın təkidli tələbi ilə idarəetməyə qayıdan ulu öndər Heydər Əliyevin iyunun 15-də Ali Sovetin sədri seçilməsi, iyunun 24-dən prezident səlahiyyətlərini icra etməsi siyasi sabitliyin ilk zəminini yaratdı. Oktyabrın 3-də keçirilən prezident seçkiləri isə bu prosesin hüquqi legitimliyini tamlaşdıran və dövlət hakimiyyətinin monolitliyini bərpa edən həlledici mərhələ oldu.
Siyasi-analitik baxımdan 3 Oktyabr seçkilərinin əsas töhfəsi Azərbaycanın daxili və xarici siyasət strategiyasının yenidən nizamlanmasıdır. Daxili siyasi müstəvidə qanunsuz silahlı dəstələrin təsirsiz hala gətirilməsi, 1994 və 1995-ci illərdəki dövlət çevrilişi cəhdlərinin qarşısının qətiyyətlə alınması dövlət monopoliyasında olan güc strukturlarının formalaşmasına şərait yaratdı. Xarici siyasətdə isə radikal və emosional ritorikadan imtina edilərək milli maraqlara söykənən, geosiyasi reallıqları nəzərə alan balanslaşdırılmış diplomatiya kursuna start verildi. Bu strategiya Azərbaycanı beynəlxalq təcriddən çıxararaq regional təhlükəsizlik və əməkdaşlıq sisteminin fəal aktoru səviyyəsinə qaldırdı.
Hüquqi müstəvidə bu tarixi mərhələ müasir Azərbaycanın konstitusion quruluşunun və hüquqi dövlət modelinin bazasını formalaşdırdı. Prezident seçkiləri ilə təmin edilən siyasi legitimlik 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasına birbaşa zəmin yaratdı. Hakimiyyətlərin bölünməsi prinsipi, insan hüquq və azadlıqlarının aliliyi ali hüquqi normaya çevrildi. Qanunvericilik bazası beynəlxalq hüquq standartlarına uyğunlaşdırıldı, kompleks məhkəmə-hüquq islahatlarına başlanıldı və 1998-ci ildə Şərq aləmində ilk dəfə olaraq ölüm cəzası ləğv edildi.
Dövlət müstəqilliyinin iqtisadi suverenliklə tamamlanması Heydər Əliyevin dövlətçilik konsepsiyasının strateji sütununu təşkil edirdi. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" yalnız transmilli neft sazişi deyil, ölkənin geosiyasi təhlükəsizlik çətirinin və iqtisadi müstəqilliyinin bünövrəsi idi. Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan kimi boru kəmərləri geoiqtisadi xəritəni dəyişərək Azərbaycanı qlobal enerji bazarının vacib halqasına çevirdi. 1999-cu ildə Dövlət Neft Fondunun təsisi resursların gələcək nəsillərə və qeyri-neft sektorunun inkişafına yönəldilməsi mexanizmini təmin etdi.
İdeoloji müstəvidə Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlətin birlaşdirici doktrinasına çevirdi. Ərazisində yaşayan bütün etnik və dini qrupları vahid dövlətçilik ideyası ətrafında konsolidasiya edən bu konsept, eyni zamanda dünya azərbaycanlılarının milli-siyasi həmrəyliyinin institusional əsaslarını qoydu. Ana dilinin dövlət dili kimi tətbiqinin genişləndirilməsi və milli-mənəvi irsin qorunması dövlət suverenliyinin mənəvi dayaqlarını möhkəmləndirdi.
Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu strateji inkişaf modeli 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən dəyişən qlobal və regional konyuktura uyğun olaraq modernləşdirilmiş və davam etdirilmişdir. Son iki onillikdə həyata keçirilən məqsədyönlü iqtisadi şaxələnmə, hərbi-sənaye kompleksinin qurulması və modern ordu quruculuğu siyasəti 1993-cü ildə başlanmış dövlətçilik xəttinin məntiqi nəticəsidir.
Bu varislik siyasətinin ən yüksək strateji zirvəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan hərbi-siyasi Zəfər və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasıdır. Beləliklə də, 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri, milli dövlətin varlığını sarsılmaz hüquqi-siyasi təməllər üzərində bərqərar edərək bugünkü qalib və suveren Azərbaycanın tarixi start nöqtəsi rolunu oynamışdır.
Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı











































