
Cənab İlham Əliyevin ölkəmizdə keçirilən mötəbər tədbirlərdəki hər bir çıxışı yaxın keçmişi analiz etməklə bərabər, gələcəyə dair dövlət siyasətinin konturlarını da açıq və konseptual şəkildə əhatə edir. Bu baxımdan Cənab Prezidentin Yeni Azərbaycan Partiyasının Qurultayındakı çıxışı da olduqca maraqlı və təsirli idi. Cənab İlham Əliyevin çıxışı zamanı bir neçə məqam xüsusən diqqətəlayiqdir.
Birincisi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini heç bir kənar qüvvə öz aktivinə yaza bilməz. Müharibəni udan da, uduzan da sərkərdələrdir. Necə ki, Atilla, İsgəndər, Çingizxan, Şah İsmayıl özlərindən öncə mövcud olmuş tayfa və xalqları güclü bir dövlət şəklində birləşdirən və böyük imperiyalar quran sərkərdələr kimi adlarını tarixə yazıblar, eyni qaydada da Qarabağ münaqişəsinin həllinin şəriksiz memarı İlham Əliyevdir. Müharibədə qələbəni təmin edən hansısa bir faktor deyil, məhz mürəkkəb bir sistemdir. Sistemi dövlət başçıları, sərkərdələr qurur və qurulan sistemin nəticələri də uğurların əldə edilib edilməməsində özünü göstərir. Qələbələrin, xüsusən müasir qələbələrin əldə olunması üçün güclü ordu quruculuğunun, xarici siyasətin, maliyyə imkanlarınıın, daxili birliyin, düzgün zamanın müəyyən edilməsinin və bir çox digər amillərin təmin edilməsi həyati əhəmiyyət kəsb edir. Bu amillərdən birinin və ya bir neçəsinin təmin olunmadığı təqdirdə qələbə qazanmaq mümkün deyil. Biz bunu birinci Qarabağ müharibəsində yaşamışıq.
Cənab İlham Əliyevin çıxışındakı ikincisi vacib məqam ordu quruculuğuna diqqətin bundan sonra da artırılacağı ilə bağlıdır. Qarabağ münaqişəsinin həll edilməsi ölkəmizi gözləyən xarici təsir risklərindən tamamilə qurtarmır. Hazırda beynəlxalq hüquq normaları işləmir, münaqişələri həll etməyə cavabdeh olan Birləşmiş Millətlər Təşkilatı tamamilə yararsız bir quruma çevrilib, dünya və regional əhəmiyyətli güclü dövlətlər ölkələrinin maraqlarını təmin etmək üçün güc vasitəsindən daha fəal şəkildə istifadə edirlər. Belə bir reallığın hökm sürdüyü bir zamanda, dövlətimiz, bizi güclü görmək istəməyən, hissələrə bölmək istəyən ölkələrlə əhatə olunub. Liberal siyasət bizim kimi mürəkkəb regionda yerləşən dövlətlər üçün faciəvi nəticələrə səbəb ola bilər. Hərbi gücün artırılması isə dövlətimizə qarşı çirkin niyyətlərə qarşı çəkindirici funksiyanı daşımalıdır. Bu çıxış eyni zamanda Ermənistanla sülh və ticarət münasibətlərinin qurulmasına qarşı çıxan istər daxili, istərsə də xarici qüvvələrə mesajdır. Biz sülh və mehriban birgəyaşayış istəyirik, ancaq istənilən əks mövqenin də qarşısını almaq üçün siyasi iradəyə malikik.
Fikrimcə Cənab İlham Əliyevin çıxışındakı üçüncü ən vacib məqam dövlətimizin xarici siyasətdəki müstəqilliyi ilə bağlı idi. Cənab Prezidentin də qeyd etdiyi kimi xarici siyasətdəki çox vektoluq bir çox hallarda böyük və regional gücləri rahatsız etsə də bu qəbul olunması vacib olan bir reallıqdır. Dövlətimiz hər hansı bir güclü dövlətin arxa baxcası və ya bufer zonası deyil və olmayacaqdır. Azərbaycan xarici siyasətdə tam suverenlik əldə etmək istəyən ölkələr üçün bir nümunədir və qürurla demək olar ki, Mərkəzi Asiya ölkələrinin timsalında bu yolun artıq uğurlu davamçıları vardır.
Azərbaycan öz inkişaf yolu və xarici siyasət kursu olan bir dövlətdir. Dövlətimiz hər bir ölkənin suverenliyinə hörmətlə yanaşır və özünə qarşı eyni münasibətin göstərilməsini istəyir və tələb edir.
Elçin Ağamalı, siyasi şərhçi











































