
Böyük siyasət kiçik reaksiyalarla deyil, böyük iradə, strateji düşüncə və siyasi məsuliyyətlə formalaşır. Öz mövqeyinə, nüfuzuna və siyasi çəkisinə güvənən siyasətçilər xırda hadisələri böyütmür, emosional davranışlardan uzaq durur, süni gündəm yaratmağa ehtiyac duymurlar. Amma siyasi baxımdan zəif, təsir imkanları məhdud, öz mövqeyinin doğruluğuna inanmayan siyasətçilər ən kiçik reaksiyaya, adi tənqidə belə dözümsüz yanaşır, bunları özləri üçün böyük təhdid kimi qəbul edirlər. Çünki hər bir tənqiddə, hər bir etirazda öz siyasi çəkilərinin və imkanlarının məhdudluğunu görürlər. Bu isə gücün nümayişi deyil, daxili zəifliyin, narahatlığın, siyasi özünəinam çatışmazlığının və özgüvənsizliyin təzahürüdür. Kiçik hadisələri böyük böhranlara çevirmək nə siyasi məharətdir, nə də üstünlük. Əksinə, bu, siyasi qeyri-sabitliyin, təmkinsizliyin və strateji düşüncə çatışmazlığının göstəricisidir.
Siyasətçi dərindən və strateji düşünməyi, hadisələrin mahiyyətini düzgün qiymətləndirməyi, xırda məsələləri böyütməməyi, zərurət yarandıqda onları siyasi gündəmin önünə çıxarmamağı bacarmalıdır ki, ölkəsinə daha böyük faydalar qazandıra bilsin. Təəssüf ki, istər siyasətdə, istərsə də mətbuatda belə kiçik düşüncəli siyasətçilərə və jurnalistlərə rast gəlinir. Hadisələri şişirtmək, onlardan sui-istifadə edərək süni şəkildə böyütmək və həmin hadisələrin kölgəsində özünü böyük göstərməyə çalışmaq siyasi məsuliyyət deyil. Bu, öz dövlətinə qarşı naxələflikdir. Çünki siyasətdə böyüklük hadisənin miqyası ilə deyil, ona verilən reaksiyanın mahiyyəti, məsuliyyəti və nəticəsi ilə ölçülür. Bəzən siyasi cavab məhz səssizliklə verilir. Bəli, bəzən səssiz, lakin prinsipial və qətiyyətli mövqe ən güclü mesaj, ən təsirli cavab olur. Anlayanlar üçün bu səssizliyin özü kifayət qədər aydın mesajdır. Onlar bilməlidirlər ki, zamanı gələndə həmin səssiz mesajın səsli ifadəsi də mütləq olacaq.
Lakin elələri var ki, özlərini o qədər kiçildiblər ki, yalnız xırda məsələlər və mənasız mübahisələr üzərindən özlərini böyük göstərməyə çalışırlar.
Bəşər tarixində bunun çoxsaylı nümunələri olub. Böyük müharibələrin heç də hamısı böyük səbəblərdən başlamayıb. Bəzən kiçik ambisiyalar, dar düşüncələr, hadisələrin yanlış qiymətləndirilməsi və ya məqsədli təxribatlar dövlətlərarası qarşıdurmalara, xalqlar arasında düşmənçiliyə və ağır fəlakətlərə yol açıb. Kiçik bir qığılcımı böyük yanğına çevirmək istəyənlər çox vaxt həmin yanğının söndürülməsində deyil, daha da alovlanmasında maraqlı olurlar. Çünki özləri siyasi baxımdan o qədər kiçikdirlər ki, yalnız yaratdıqları böyük qarşıdurmaların kölgəsində görünməyə çalışırlar. Belələrinə demək lazımdır: Siz artıq öz missiyanızı yerinə yetirmisiniz. Maskalarınız açılıb, niyyətləriniz üzə çıxıb. Siyasi baxımdan tükənmiş, özünüzü ifşa etmiş zavallılarsınız. Bizim isə siyasi müdriklik nümayiş etdirərək xırda hadisələrə emosional reaksiya vermədən, onların arxasında dayanan məqsədləri düzgün qiymətləndirməklə vəziyyəti idarə edən böyük və güclü liderimiz var. Dövlət idarəçiliyində ən böyük sınaqlardan biri təzyiq və təsirlərə emosiyalarla deyil, siyasi iradə, təmkin və strateji düşüncə ilə cavab vermək bacarığıdır. Yalnız milli maraqlarımızın diktəsi ilə qərarlar qəbul etmək prinsipinə sadiq qalan siyasi liderimiz belə məqamlarda öz möhkəmliyini, qətiyyətini və xarakterini ortaya qoyaraq dövlətimizin milli maraqlarını və mənafeyini qoruyub. Amma xırda stresslərə belə tab gətirə bilməyən, ən kiçik təzyiq qarşısında oyuncaq kimi əyilən, qırılan siyasətçilər bugünkü dünya reallıqlarında dayanıqlı siyasi mövqe qazana bilməyən, uzunmüddətli siyasi perspektivi olmayan ziyankarlardır. Yadınızda saxlayın: Stress siyasətçinin xarakterini, idarəçilik qabiliyyətini və siyasi iradəsini üzə çıxaran mühüm sınaqdır. Zəiflər emosiyalarının əsirinə çevrilərək özlərini siyasi baxımdan tükəndirirlər. Güclülər isə emosiyalarını idarə edərək strateji düşüncəyə, siyasi iradəyə və məsuliyyətli qərarlara üstünlük verirlər.
Dəyərli soydaşlar!
Bu gün artıq elə bir dövrdə yaşayırıq ki, insanları, onların davranışlarını, mövqelərini və hadisələrə münasibətlərini tanımaq, qiymətləndirmək üçün kifayət qədər texniki və informasiya imkanlarına malikik. Biz bu gün dünənin, bu günün və gələcəyin Azərbaycanını düşünən siyasi ideologiya ətrafında millət olaraq birləşmişik. Bu birlik sağlam düşüncəyə, dövlətçilik məsuliyyətinə, milli maraqlara və dövlətçiliyin təməl prinsiplərini qorumaq iradəsinə əsaslanır. Siyasi liderinin ətrafında birləşən, dövlətçiliyinin məsuliyyətini dərk edən xalq üçün milli maraqlar hər zaman xırda siyasi ambisiyalardan, şəxsi maraqlardan və süni qarşıdurmalardan üstün olmalıdır. Bu gün ən kiçik stress qarşısında əyilən, qırılan, siyasi iradəsini itirərək darmadağın olan siyasi oyuncaqların nə qədər təhlükəli ola biləcəyi artıq aydın görünür.
Unutmaq olmaz ki, siyasətdə əsl böyüklük hər hadisəyə reaksiya verməkdə deyil, hansı hadisəyə nə zaman və necə münasibət bildirməyi bacarmaqdadır. Siyasi iradə məhz belə məqamlarda, təmkinin zəifliklə, səssizliyin acizliklə qarışdırıldığı anlarda özünü göstərir. Çünki səssizlik hər zaman cavabsızlıq deyil, bəzən ən böyük qərarların arxasında dayanan siyasi müdriklikdir. Tarix isə səs-küy salanları deyil, mürəkkəb məqamlarda iradəsini, təmkinini və dövlətçilik məsuliyyətini qoruyaraq doğru qərarlar verənləri yadda saxlayır. Siyasətdə böyüklük özünü böyük göstərmək deyil, böyük məsuliyyət daşımağı bacarmaqdır.
Ramil Hüseynov












































