
"23 noyabr 2026-cı il Cənubi Qafqazda sülh gündəliyi baxımından mühüm siyasi hadisələrlə yadda qaldı. Eyni gündə həm TRİPP layihəsinin praktiki icrasına başlanılması, həm də Ermənistanın yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim edilməsi Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, bu iki hadisənin eyni vaxta təsadüf etməsi xüsusilə diqqətəlayiqdir:
"Çünki söhbət sülh prosesinin iki mühüm istiqamətindən – regional iqtisadi inteqrasiyadan və siyasi-hüquqi maneələrin aradan qaldırılmasından gedir.
İlk növbədə, TRİPP layihəsinin praktiki mərhələyə keçməsi regional kommunikasiyaların açılması istiqamətində real irəliləyişdir. Məlumdur ki, dünəndən etibarən layihə üzrə hazırlıq və tikinti işlərinə start verilib. Təxminən 43 kilometrlik marşrut Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, dəmir yolu, avtomobil yolu, enerji və digər kommunikasiya xətlərini əhatə etməlidir. ABŞ-ın prosesdə birbaşa iştirak etməsi isə layihəyə yalnız iqtisadi deyil, həm də mühüm geosiyasi əhəmiyyət qazandırır".
Politoloq deyib ki, burada əsas məqam TRİPP-in sadəcə nəqliyyat layihəsi olmamasıdır:
"Bu təşəbbüs Azərbaycan və Ermənistan arasında qarşılıqlı iqtisadi asılılığın formalaşmasına, kommunikasiya xətlərinin açılmasına və uzunmüddətli perspektivdə qarşıdurma risklərinin azaldılmasına xidmət edə bilər. Ermənistan üçün də layihə mühüm iqtisadi imkanlar yaradır. Beləliklə, İrəvanın regional kommunikasiyaların açılmasından əldə edəcəyi faydalar sülhün qorunmasını onun milli maraqlarının tərkib hissəsinə çevirmək potensialına malikdir".
Yusif Bağırzadənin sözlərinə görə, digər mühüm hadisə isə Ermənistanın yeni Konstitusiya layihəsinin açıqlanmasıdır:
"Bu məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanması qarşısında dayanan əsas siyasi-hüquqi maneələrdən biri ilə birbaşa əlaqəlidir. Məlum olduğu kimi, bizim uzun müddətdir ki, etiraz etdiyimiz əsas məqamlardan biri, yəni Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad yeni Konstitusiya layihəsindən çıxarılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan da sənədin qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağını və ratifikasiya ediləcəyini bəyan edib.
Lakin burada mühüm bir siyasi məqamı nəzərdən qaçırmaq olmaz: Konstitusiya layihəsinin açıqlanması onun qəbul edilməsi demək deyil. Sənədin referendum mərhələsinə çıxarılması üçün Ermənistan parlamentində 105 deputatdan ən azı 70-nin dəstəyinə ehtiyac var. Hakim Mülki Müqavilə Partiyasının isə 64 mandatı mövcuddur. Deməli, Paşinyan müxalifətin dəstəyini qazanmalı, daha sonra isə referendumda ictimaiyyətin razılığını əldə etməlidir. Bu isə Ermənistanın daxili siyasi mübarizəsi fonunda heç də asan proses olmayacaq.
Beləliklə, Ermənistan rəhbərliyinin qarşısında yalnız yeni Konstitusiyanı hazırlamaq deyil, həm də cəmiyyətə onun dövlətçilik maraqlarına uyğunluğunu izah etmək və siyasi müqaviməti dəf etmək vəzifəsi dayanır. Paşinyanın referendumun nəticəsindən asılı olaraq istefa vermək və ya növbəti seçkilərdə baş nazirliyə namizəd olmamaq barədə açıqlaması da bu prosesin onun siyasi gələcəyi ilə nə dərəcədə sıx bağlı olduğunu göstərir.
Düşünürəm ki, 23 noyabr hadisələri Azərbaycan-Ermənistan sülh prosesində indiyədək əldə olunmuş ən mühüm praktiki irəliləyişlərdən biridir. Çünki ilk dəfə olaraq sülhün iki əsas komponenti – iqtisadi-kommunikasiya inteqrasiyası və Ermənistanın konstitusion-hüquqi dəyişiklikləri paralel şəkildə konkret icra mərhələsinə daxil olur.
Nəticə etibarilə, hazırki hadisələr sülh müqaviləsinin imzalanmasını əvvəlkindən daha real və yaxın perspektivə çevirir. Lakin bunu artıq sülhün təmin olunması kimi qiymətləndirmək tezdir. Əsl həlledici mərhələ Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi və TRİPP üzrə razılaşmaların Azərbaycanın suveren hüquqları və Naxçıvanla maneəsiz bağlantısı baxımından tam icrasıdır".
Süleyman












































