
2026-cı ilin oktyabr və noyabr aylarını Azərbaycan və Gürcüstan arasında çevik diplomatiya dövrü hesab etmək olar. Belə ki, oktyabrın sonlarında Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstana səfər edib, orada çox önəmli görüşlər keçirib. Daha sonra noyabrın son bir həftəsi ərzində Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və eləcə də Gürcüstanın Baş nazirinin digər müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycana səfərə gəlib. Bu səfərlər formal protokol səfərləri deyil. Azərbaycan və Gürcüstan Cənubi Qafqazın iki ən yaxın strateji müttəfiq ölkəsi kimi bütün önəmli məsələləri müxtəlif kanallar vasitəsilə mütəmadi qaydada müzakirə edib dəyərləndirir. Bu baxımdan, Gürcüstan Baş nazirinin iki müavinin Bakıya ard-arda səfərləri bir daha onu göstərir ki, bu gün Bakı ilə Tbilisi arasında siyasi dialoq və əməkdaşlıq həqiqətən də ən yüksək səviyyədədir.
Prezident İlham Əliyevin noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşü zamanı xalqlarımız arasında əbədi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib və bundan irəli gələrək bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi bildirilib. Bununla yanaşı, ikitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və əlaqələrimizin genişləndirilməsi baxımından müntəzəm olaraq həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, həmçinin bu yaxınlarda keçirilmiş hökumətlərarası komissiyanın iclasından irəli gələn məsələlərə toxunulub. Öz növbəsində xanım Maka Boçorişvili də ölkələrimizin iştirakı ilə həyata keçirilən iri layihələrin daha geniş coğrafiyanın enerji təchizatı baxımından da mühüm əhəmiyyət daşıdığını və bu layihələrin regionun enerji xəritəsinin dəyişməsinə ciddi təsir göstərdiyini vurğulayıb.
Bu məqam bir daha göstərir ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsində məhdudlaşmır. Bakı ilə Tbilisi arasında formalaşmış strateji tərəfdaşlıq Cənubi Qafqazın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji sabitliyi və nəqliyyat-kommunikasiya əlaqələri baxımından bütövlükdə regional əhəmiyyət daşıyır. Hər iki ölkə regionda sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi birgə layihələr bu tərəfdaşlığın praktiki nəticələrini aydın şəkildə nümayiş etdirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər mühüm təşəbbüslər iki ölkənin iqtisadi potensialını artırmaqla yanaşı, onların regional və beynəlxalq əhəmiyyətini də önəmli dərəcədə yüksəldib. Bu layihələr sayəsində Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına və regional ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir.
Xüsusilə enerji sahəsində əməkdaşlıq son illərdə yeni məzmun qazanıb. Azərbaycan qazının Gürcüstan ərazisindən keçməklə Avropa bazarlarına çıxarılması, eləcə də elektrik enerjisi ixracı və bərpaolunan enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsi iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirir. Qarşıdakı dövrdə yaşıl enerji, enerji səmərəliliyi və regional enerji inteqrasiyası istiqamətlərində yeni layihələrin həyata keçirilməsi gözlənilir.
Nəqliyyat sahəsində də Azərbaycan və Gürcüstan arasında qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması, tranzit imkanlarının genişləndirilməsi və logistika infrastrukturunun təkmilləşdirilməsi hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər fonunda Azərbaycan və Gürcüstanın nəqliyyat-logistika imkanları daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Bakı ilə Tbilisinin koordinasiyalı fəaliyyəti regional iqtisadi əlaqələrin dayanıqlılığı üçün mühüm amildir.
Siyasi münasibətlərə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan bütün məsələlərdə qarşılıqlı hörmət, etimad və suverenliyə ehtiram prinsiplərindən çıxış edirlər. Ölkələr bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, regional məsələlərə münasibətdə konstruktiv mövqe nümayiş etdirirlər. Bu yanaşma həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də Cənubi Qafqazda etimad mühitinin formalaşmasına xidmət edir. Həmçinin mədəni-humanitar əlaqələr də Azərbaycan-Gürcüstan münasibətlərinin mühüm istiqamətlərindən biridir. Xalqlarımızı birləşdirən tarixi qonşuluq, qarşılıqlı hörmət və dostluq münasibətləri dövlətlərarası əlaqələrin möhkəm sosial əsasını təşkil edir. Müxtəlif mədəni tədbirlər, təhsil və turizm sahəsində əməkdaşlıq, eləcə də xalqlar arasında qarşılıqlı səfərlər bu əlaqələrin daha da inkişafına imkan yaradır.
Beləliklə, 2026-cı ilin oktyabr və noyabr aylarında baş tutan qarşılıqlı səfərlər Azərbaycan-Gürcüstan münasibətlərində siyasi dialoqun intensivliyini və strateji tərəfdaşlığın dərinliyini nümayiş etdirir. Bu səfərlər həm ikitərəfli gündəliyin aktual məsələlərinin müzakirəsi, həm də gələcək əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əminliklə deyə bilərik ki, Bakı ilə Tbilisi arasındakı münasibətlər qarşıdakı dövrdə də yüksələn xətlə inkişaf edəcək. Çünki bu tərəfdaşlıq yalnız hökumətlərarası əlaqələrə deyil, xalqlarımız arasında mövcud olan möhkəm dostluq və qonşuluq bağlarına əsaslanır. Hər iki xalq bir-birinə güvənir və etimad bəsləyir. Tarixi dostluğumuz hazırkı strateji müttəfiqliyimizin təməlini təşkil edir. Azərbaycan və Gürcüstanın strateji müttəfiqliyi Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın zəmanətidir.
Əlisahib Hüseynov












































