Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin plenar iclası keçirilib

Milli Məclisin plenar iclası keçirilib


Noyabrın 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasının növbəti plenar iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclası açan Milli Məclisin sədri bildirib ki, sabah ölkəmizdə Kəlbəcər şəhəri günü qeyd olunacaq. Bu şəhərimizin də erməni işğalından azad edilməsi Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həm hərbi, həm də diplomatik Zəfərinin nəticəsi oldu. Azad edilmiş digər rayonlarımız kimi, bu gün Kəlbəcər də ikinci həyatını yaşayır. Bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər.

Sonra spiker diqqətə çatdırıb ki, noyabrın 18-dən 20-dək Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti Türkmənistanda işgüzar səfərdə olub. Səfərdə məqsəd MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və 61-ci plenar iclasında iştirak etmək idi.

Qeyd olunub ki, noyabrın 19-da Assambleyanın Şura iclası keçirilib, gündəliyin məsələləri ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Noyabrın 20-də keçirilən plenar iclasda isə birgə təşəbbüslərin həyata keçirilməsi, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Spiker qeyd edib ki, plenar iclasdakı çıxışında MDB-nin Parlamentlərarası Assambleyası çərçivəsində iş birliyinin əhəmiyyəti barədə danışıb. İclasda humanitar əlaqələrə də diqqət yetirilib.

Spiker tədbirdəki çıxışında ötən il Laçın şəhərində MDB-nin Mədəniyyət Paytaxtı ilinin təntənəli açılış mərasimi çərçivəsində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib, ölkəmizin 7 şəhərində III MDB Oyunlarının təşkil olunduğunu vurğulayıb.

O da nəzərə çatdırılıb ki, Milli Məclisin deputatları Parlamentlərarası Assambleyanın seçkilərin monitorinqi fəaliyyətində mütəmadi iştirak edirlər.

Spiker deyib ki, səfər çərçivəsində deputatlarımız Assambleya komissiyalarının iclaslarında fəal iştirak ediblər.

Səfər zamanı parlament sədrləri Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüblər.

Görüşdə digər məsələlər ilə yanaşı, bu da qeyd edilib ki, Assambleya parlamentlərimiz arasında əməkdaşlığın inkişafına töhfə verir.

Qeyd olunub ki, səfər çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə nümayəndə heyətimizin görüşü olub. Görüşdə vurğulanıb ki, Azərbaycan və Türkmənistan dövlət başçılarının birgə səyləri ilə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri ardıcıl inkişaf edir. Söhbət zamanı parlamentlərin dostluq qrupları arasında qarşılıqlı əlaqənin genişləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın möhkəmləndirilməsi məsələləri nəzərdən keçirilib.

Spiker deyib ki, səfər çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də nümayəndə heyətimizin görüşündə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Milli Məclisin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov və Fazil Mustafa, deputatlar Hikmət Məmmədov, Ceyhun Məmmədov, Elman Nəsirov, Azay Quliyev, Razi Nurullayev, Tural Gəncəliyev və Vüqar Bayramov çıxış ediblər.

Onlar Azərbaycanın regionda sülhün və əməkdaşlığın bərqərar edilməsi ilə bağlı təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi potensialının inkişafı, milli maraqların qorunması və təhlükəsizliyin möhkəmləndirilməsi kimi gündəmdə olan məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda Ermənistanın yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılmasının regionda davamlı sülhün təmin olunması baxımından əhəmiyyətinə diqqət çəkilib, TRİPP layihəsinin icrasına rəsmən başlanması Cənubi Qafqazda yeni əməkdaşlıq və iqtisadi inteqrasiya imkanlarının reallaşması kimi qiymətləndirilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə vüsətli quruculuq işlərinin aparılması, həmin ərazilərin iqtisadi potensialının sürətlə artması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin və müəyyənləşdirilmiş strateji hədəflərin real nəticələri kimi dəyərləndirilib. Bu nailiyyətlərin qorunub saxlanılması və tarixi Qələbənin davamlı uğura çevrilməsi üçün ideoloji fəaliyyətin daha sistemli qurulmasının, informasiya təhlükəsizliyinin gücləndirilməsinin, sosial media sahəsində məsuliyyətin artırılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, regionlarda məskunlaşmanın stimullaşdırılması üçün əlavə imkanların yaradılması, infrastrukturun və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi zərurəti də diqqətə çatdırılıb.

Çıxışlarda cənab Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərinin nəticələrinə və onun Azərbaycan üçün siyasi, iqtisadi və strateji əhəmiyyətinə də toxunulub. Səfərin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyduğu, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Müzakirədə Azərbaycanın rəqəmsal inkişaf sahəsində əldə etdiyi nailiyyətlər diqqətə çatdırılıb. BMT-nin müvafiq hesabatında Azərbaycanın bir sıra parametrlər üzrə yüksək göstəriciləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl rəqəmsallaşma siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirib və rəqəmsal transformasiya prosesinin əlaqələndirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının rolu xüsusi vurğulanıb.

Cari məsələlərin müzakirəsindən sonra spiker bildirib ki, gündəliyə 10 məsələ daxildir, ilk 2 məsələ beynəlxalq müqavilələrin təsdiqi ilə bağlı qanun layihələridir. O, bu layihələrin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Gündəliyin birinci məsələsi olan “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi ilə bağlı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.

Komitə sədri bildirib ki, Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş saziş Azərbaycanın enerji strategiyasının davamlılığı, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2009-cu ildə imzalanıb. 2026-cı ildə qəbul edilmiş və yataqda dörd yeni quyunun işlənməsini nəzərdə tutan Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarına əsasən, SOCAR və podratçı tərəflər sazişi yeni redaksiyada hazırlayıb. Yeni redaksiya üzrə əsas dəyişiklik işlənmə və hasilat dövrünün otuz (30) ildən qırx (40) ilədək uzadılmasıdır. Bu uzadılma Tammiqyaslı İşlənmə üzrə 4-cü quyunun işlənməsi və onun yaratdığı dəyərin reallaşdırılması ilə bağlıdır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihə barədə təmsil etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

Məsələ ətrafında çıxış edən komitə sədri Zahid Orucun və deputat Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında” Konvensiyaya qoşulmaq barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, “Mülki və ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında" Konvensiya 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanıb. Konvensiya 42 maddədən ibarətdir. Onun əsas məqsədi xarici elementin iştirakı və ya digər transsərhəd komponentlə müşayiət olunan mülki və ya ticarət işlərində hüquqi yardım məsələlərinin səmərəli şəkildə həll olunması, müxtəlif hüquq sistemlərinə malik dövlətlərin mülki proses sahəsində əməkdaşlığının razılaşdırılmış və sadələşdirilmiş prosedurlar əsasında həyata keçirilməsindən ibarətdir.

Konvensiyanın müddəalarına əsasən, razılığa gələn dövlətin məhkəmə orqanı sübutların əldə edilməsi və ya hər hansı digər məhkəmə hərəkətinin yerinə yetirilməsi üçün digər dövlətin səlahiyyətli orqanına sorğu məktubu vasitəsilə müraciət edə bilər. Konvensiyanın digər maddələri sorğu məktublarının qəbulu, icrası kimi məsələləri və digər zəruri prosedurları tənzimləyir. Azərbaycan Respublikasının konvensiyaya dair bəyanat və qeyd-şərtləri sənədin təsdiqini nəzərdə tutan layihəyə əlavə olunub.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihəyə dair komitənin müsbət rəyini təqdim edib.

Sənədin müzakirəsində deputat Aydın Mirzəzadənin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov növbəti məsələ - “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib.

Nəzərə çatdırılıb ki, ikinci oxunuşdan sonra layihənin mətnində heç bir dəyişiklik aparılmayıb və sənədin olduğu kimi səsə qoyulması xahiş edilib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Qeyd olunub ki, sənəd Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların heyət üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin diplomatik missiya və ya müvafiq xüsusi missiya ilə ölkəmizə səfər edən şəxslərin 15 gündən artıq Azərbaycanda müvəqqəti olduğu hallarda qeydiyyatının həyata keçirilməsini nəzərdə tutur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, təklif edilən dəyişikliklər aidiyyət növü üzrə prosessual qaydaların dəqiq tənzimlənməsi məqsədilə hazırlanıb. Komitə sədri birinci oxunuşda dəyişikliklər barədə geniş məlumat verildiyini və sənədin ətraflı müzakirə olunduğunu deyib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

O, layihə barədə birinci oxunuş zamanı ətraflı məlumat verildiyini deyib, həmin vaxt aparılan müzakirələrdə qaldırılan məsələlərə aydınlıq gətirib.

Qeyd olunub ki, qanun layihəsi Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun, o cümlədən metro və dəmir yolu şəbəkələrinin inkişafı, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrin vaxtında və səmərəli icrası məqsədilə hazırlanıb. Sənəddə təklif olunan dəyişikliklər ölkə üzrə mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsi işlərinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın təmin olunmasına xidmət edir.

Təqdim olunan layihə barədə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təmsil etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Aydın Hüseynov məsələ ilə bağlı bəzi qeydlərini açıqlayıblar. Komitə sədri Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirib.

Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) danışıb.

O, layihənin birinci oxunuşunda təqdimatı zamanı onun konseptual mahiyyəti, əsas məqsədləri və nəzərdə tutulan hüquqi yeniliklər barədə ətraflı məlumat verildiyini, sənədə dair hər hansı dəyişiklik və ya əlavə təkliflər barədə müraciətlərin daxil olmadığını deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutları ölkənin ictimai həyatında sosial-humanitar təşəbbüslərin həyata keçirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında, ictimai iştirakçılığın və hüquqi maarifləndirmənin genişləndirilməsində vacib rol oynayırlar. Bu institutların fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi dövlətin və cəmiyyətin qarşılıqlı güvəninə, ictimai məsuliyyətin güclənməsinə və qanunun aliliyinə xidmət edir.

Hüquq siyasət və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev məsələ barədə bu komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin spikeri gündəliyin son 3 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Maraqlar toqquşması haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planı"nın icrası çərçivəsində hazırlanıb. Sənəd vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı məsələləri, eləcə də vəzifəli şəxslərin xidməti vəzifələrini icra etdikləri və ondan sonrakı dövrdə maraqlar toqquşmasının qarşısının alınması məqsədi ilə onlara tətbiq edilən məhdudiyyətləri müəyyən edir.

Qeyd edilib ki, maraqlar toqquşmasının, yəni vəzifəli şəxsin xidməti səlahiyyətləri ilə şəxsi maraqları arasındakı ziddiyyətin aradan qaldırılması üzrə səmərəli idarəetmənin olması yarana biləcək hüquq pozuntularının qarşısını alır. Qanun layihəsi maraqlar toqquşmasının qarşısının alınması üçün preventiv tədbirlərin görülməsini nəzərdə tutur.

Layihəyə əsasən, maraqlar toqquşmasının idarə edilməsi onun vaxtında aşkar edilməsini, bəyan olunması və həllini təmin edir, vəzifəli şəxslərin fəaliyyətində səmərəliliyin, şəffaflığın yüksəldilməsinə və cəmiyyətdə onlara etimadın artmasına xidmət edir. Vicdanlı davranış, dövlət və ya ictimai maraqların üstünlüyü, maraqlar toqquşması risklərinin erkən aşkar edilməsi, hesabatlılıq, məsuliyyət, dürüstlük, obyektivlik və qərəzsizlik maraqlar toqquşmasının idarə edilməsinin əsas prinsipləri kimi müəyyən edilir.

Sənəddə qeyd olunur ki, vəzifəli şəxs şəxsi marağına toxunan məsələlərə dair hüquqi və inzibati aktların hazırlanmasında iştirak etmir. Kollegial qurumun üzvü olan vəzifəli şəxs həmin qurum tərəfindən baxılan məsələlər şəxsi marağına toxunduğu hallarda həmin qurumu qabaqcadan məlumatlandırmalıdır.

Layihədə maraqlar toqquşmasını həll etmək üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə yenidən baxılması, dəyişdirilməsi və ya fəaliyyətinə nəzarətin yenidən təşkil edilməsi, xidməti vəzifələrlə ziddiyyət təşkil edən kənar fəaliyyətə və işə xitam verilməsi, vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan informasiyaya çıxış imkanlarının məhdudlaşdırılması, vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan xidməti vəzifələrin icrasından kənarlaşdırılması, başqa vəzifəyə keçirilməsi və ya vəzifədən azad edilməsi, maraqlar toqquşması yaranan məsələ üzrə qərarların qəbul edilməsində iştirakın məhdudlaşdırılması barədə məsələ qaldırılması nəzərdə tutulur.

Millət vəkili nəzərə çatdırıb ki, qanun layihəsində normalarla yanaşı, onları işlək edən mexanizm də müəyyən edilir. Belə ki, vəzifəli şəxs vəzifəyə təyin olunmazdan və ya xidməti vəzifələrin icrasına başlamazdan əvvəl şəxsi maraqları haqqında bəyannamə təqdim edir. Bununla yanaşı, o, maraqlar toqquşmasının qarşısını öz tədbirləri ilə ala bilmədikdə, bu barədə ona məlum olduğu vaxtdan dərhal, mümkün deyilsə, üç iş günü müddətində səlahiyyətli subyektə yazılı məlumat verməlidir. Məlumat daxil olduqdan və ya maraqlar toqquşmasının əlamətləri aşkar edildikdən sonra səlahiyyətli subyekt 30 iş günü ərzində araşdırma aparır və nəticəsi barədə vəzifəli şəxsə dərhal yazılı məlumat verir. Qərar qəbul edilənədək vəzifəli şəxs həmin məsələ üzrə vəzifə icrasını müvəqqəti dayandırır. Məsələnin həlli ilə bağlı tədbir seçilərkən vəzifəli şəxsin xidməti vəzifələri, şəxsi marağının xarakteri, maraqlar toqquşmasının növü və digər amillər nəzərə alınır. Layihədə, eyni zamanda hər bir vəzifəli şəxs üçün maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması ilə bağlı istənilən məsələ üzrə konfidensial yazılı məsləhət almaq hüququ da müəyyən edilir.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihə barədə bu komitənin rəyini və fikirlərini açıqlayıb.

O, qanun layihəsinin dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və cəmiyyətin dövlət institutlarına etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Bildirib ki, maraqlar toqquşması dövlət vəzifəsini həyata keçirən şəxsin şəxsi maraqları ilə üzərinə götürdüyü xidməti vəzifələr arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır.

Komitə sədri maraqların toqquşmasının hansı hallarda yarandığını, hansı şəxslərə şamil edildiyini və şəxsi maraqların hansı meyarlar əsasında qiymətləndiriləcəyini müəyyənləşdirməyin əhəmiyyətindən danışıb. O, nəzərə çatdırıb ki, layihədə vəzifəli şəxsin maraqların toqquşması ehtimalını müəyyən etdikdə hansı quruma, hansı müddətdə və hansı qaydada məlumat verməli olduğu öz əksini tapıb. Məlumatların qeydiyyatı, yoxlanılması, məxfiliyi və onlarla bağlı qərarların qəbul edilməsi üçün konkret proseduralar, həmçinin maraqların toqquşmasının həlli yolları ilə bağlı tədbirlər müəyyən olunub. Bununla yanaşı, korrupsiya risklərinin azaldılması və nəzarət mexanizmləri ilə bağlı məsələlər təsbit edilib.

Bildirilib ki, qanunun qəbulundan sonra onun tətbiqi ilə bağlı maarifləndirmə işlərinin aparılması, təlimlərin təşkili və praktiki metodiki tövsiyələrin hazırlanması da mühüm əhəmiyyət daşıyır.

Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb. O, habelə bildirib ki, “Maraqlar toqquşması haqqında” qanun layihəsi ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, ölkəmizdə korrupsiya ilə mübarizə son illərdə qanunvericilik bazasını, idarəetmə sistemini və qaydalarını, inzibati prosedurları, tənzimləmə rejimini, şəffaflıq reqlamentini əhatə etməklə institusional xarakter daşıyır.

Komitə sədri diqqətə çatdırıb ki, korrupsiya ilə mübarizənin maraqlar toqquşması müstəvisində aparılması dövlət üçün prinsipial əhəmiyyət daşıyır və belə bir yanaşma son nəticədə iqtisadi idarəetmənin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Həmçinin qeyd edilib ki, antikorrupsiya siyasəti ilə fiskal siyasətin əsas kəsişmə nöqtəsi büdcə vəsaitlərindən istifadənin səmərəliliyidir. Effektiv büdcə siyasəti yalnız vəsaitlərin düzgün planlaşdırılmasından deyil, həmin vəsaitlərin bölüşdürülməsi və istifadəsi zamanı qərarların obyektiv meyarlara əsaslanmasından asılıdır. Buna görə də layihədə müqavilələrin bağlanması, qərarların qəbul edilməsi, dövlət əmlakından istifadə olunması və xüsusilə də dövlət satınalmalarında birbaşa və dolayı iştirakla bağlı mühüm məhdudiyyətlər nəzərdə tutulur. Bu müddəalar dövlət resurslarının bölüşdürülməsi zamanı şəxsi maraqların qərarvermə prosesinə təsirinin məhdudlaşdırılmasına yönəlib. Bununla yanaşı, qanun layihəsində sağlam rəqabətin inkişafına, sahibkarlıq subyektləri üçün bərabər fəaliyyət mühitinin yaradılmasına xidmət edən məsələlər də öz əksini tapıb.

Məsələ ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Hikmət Məmmədov, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Vasif Qafarov layihənin əhəmiyyətini qeyd edərək, bəzi təkliflərini də bildiriblər. Komitə sədri Arzu Nağıyev və deputat Kamal Cəfərov səsləndirilən fikirlərə münasibət bildiriblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.

Nəzərə çatdırılıb ki, sözügedən Qanunun 11-ci maddəsində məhkəmə ekspertinə qoyulan ixtisas tələblərinin dəqiqləşdirilməsi nəzərdə tutulur. Layihəyə əsasən, məhkəmə eksperti olmaq istəyən şəxsin xüsusi bilikləri müvafiq məhkəmə eksperti ixtisası üzrə olmalıdır. Həmçinin hər bir məhkəmə eksperti ixtisası üzrə fəaliyyət göstərmək üçün tələb olunan ali təhsil ixtisasları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən siyahı ilə normativ qaydada müəyyən edilir. Bundan başqa, sənəddə "məhkəmə ekspertizası ixtisası" anlayışı əvəzinə "məhkəmə eksperti ixtisası" anlayışından istifadə edilməklə terminologiya dəqiqləşdirilir.

Qeyd olunub ki, təklif olunan dəyişikliklər məhkəmə ekspertlərinin fəaliyyət göstərdikləri sahəyə uyğun ali təhsilə malik olmasının təmin edilməsinə, şəhadətnamələrin verilməsində vahid meyarların tətbiqinə və ekspert rəylərinin keyfiyyətinin artırılmasına xidmət edir.

Müzakirələr zamanı deputat Razi Nurullayev bəzi qeydlərini səsləndirib. Nizami Səfərov millət vəkilinin qaldırdığı məsələyə aydınlıq gətirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Bildirilib ki, qanun layihəsi gömrük orqanlarında kadrların xidmət üzrə başqa vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməyə və rotasiya institutunun tətbiqi üçün normativ hüquqi bazanı yaratmağa, bununla da gömrük sistemində peşəkar idarəetmənin, xidməti intizamın, institusional çevikliyin və korrupsiya risklərinin qabaqlanmasının təmin edilməsinə yönəlib. Qeyd olunub ki, gömrük orqanlarında rotasiya mexanizminin formalaşdırılmasının məqsədi müxtəlif struktur və ərazi vahidlərində toplanmış bilik və təcrübənin qarşılıqlı ötürülməsi, idarəetmə standartlarının vahidləşdirilməsi, yeni səriştələrin formalaşdırılması və müxtəlif vəzifələrdə uzunmüddətli dəyişməzliyin mənfi nəticələrinin qarşısının alınmasıdır.

Nəzərə satdırılıb ki, layihə ilə "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 52-ci və 53-cü maddələri qarşılıqlı əlaqədə yeni redaksiyada verilir, başqa işə keçirilmənin əsasları sistemləşdirilir və rotasiya ayrıca hüquqi əsas kimi müəyyən edilir. Yuxarı vəzifəyə, habelə ailə vəziyyətinə görə keçirilmədə vəzifəli şəxsin razılığı tələbi saxlanılır, digər hallarda yerdəyişmə isə qanunla müəyyən edilən müvafiq əsaslara uyğun həyata keçirilir.

Qeyd olunub ki, sənəddə gömrük xidmətinin xüsusi rütbə, ixtisaslaşma, ərazi və xidmətin fasiləsizliyi kimi xüsusiyyətlərinə uyğun ayrıca qaydanın hazırlanması üçün hüquqi əsas yaradılır. Həmin qayda rotasiyanın vahid meyarlarla, planlı və ardıcıl həyata keçirilməsini təmin etməyə xidmət edəcək.

Komitə sədri Əli Hüseynli məsələ ilə bağlı qeydlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Süleyman
Xəbəri paylaş