
"Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən və bütün Türk dünyasını bir araya gətirəcək Zəngəzur dəhlizinin (TRIPP layihəsi) tikinti işlərinə start verilib. Zəngəzur dəhlizi artıq xəyal deyil, gerçəyə çevrilir.
Prezident İlham Əliyevin Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində vurğuladığı kimi, Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Ermənistanın revanşist müxalifətinin və ya İran rəsmilərinin, Rusiya ekspertlərinin istər dəhlizlə bağlı neqativ fikirlərinə, istərsə də Ermənistanın yeni Konstitusiya layihəsinin Bakının diktəsi ilə hazırlandığı barədə provokativ rəylərinə fikir vermək lazım deyil:
"Zəngəzur dəhlizi (TRIPP layihəsi) də açılacaq, Ermənistanın yeni Konstitusiyası da qonşulara qarşı heç bir ərazi iddiaları olmadan qəbul ediləcək. Bu tək Azərbaycanın yox, həm də zamanın diktəsidir!".
Süleyman












































