
Dünən Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri Ilham Aliyev cənablarının qurultaydakı geniş və proqram xarakterli çıxışı Azərbaycanın keçdiyi tarixi yolun, dövlətimizin qazandığı nəticələrin və qarşıdakı dövr üçün müəyyən olunan əsas istiqamətlərin siyasi mənzərəsini ortaya qoydu. Çıxışda dövlət suverenliyi, təhlükəsizlik, iqtisadi müstəqillik, Azərbaycanın beynəlxalq mövqeyi və YAP-ın ölkənin siyasi həyatındakı rolu xüsusi yer tutdu.
Şəxsi qənaətimcə, Prezident İlham Əliyevin nitqi yalnız ötən dövrə verilən siyasi qiymət deyil, eyni zamanda gələcəyə yönəlmiş mühüm mesajların ifadəsi idi. Dövlətin əldə etdiyi nəticələrlə yanaşı, qarşıda duran vəzifələrin də aydın şəkildə göstərilməsi siyasi idarəetmədə davamlılığın, məsuliyyətin və yenilənmənin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi.
Hesab edirəm ki, böyük siyasi təşkilatların gücü yalnız ənənələrinin qorunmasında deyil, zamanın tələblərinə uyğun olaraq özünü yeniləmək bacarığında da görünür. Bu baxımdan partiyanın rəhbər strukturlarında təşkilati yenilənməyə, peşəkar kadrların önə çəkilməsinə, təcrübə ilə yeni yanaşmalar arasında düzgün balansın yaradılmasına xüsusi əhəmiyyət verilməsi mühüm məsələdir. YAP-ın VIII Qurultayının yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirildiyini Prezident İlham Əliyev özü də çıxışında vurğuladı.

Bu məqamda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov haqqında da xüsusi fikirlərimi ifadə etmək istəyirəm.
Mənim üçün Tahir Budaqov uzun illər dövlət idarəçiliyinin müxtəlif məsul pillələrində çalışmış, böyük inzibati və siyasi təcrübə toplamış dövlət xadimidir. Onun fəaliyyətində milli dövlətçilik maraqlarına bağlılıq, dövlət institutlarına hörmət, məsuliyyətli idarəçilik və Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqlik ön plana çıxır.
Şəxsi münasibətimdə Tahir Budaqovu təmkinli, mədəni, insanlarla münasibətdə sadə və diqqətli, üzərinə düşən məsuliyyətə ciddi yanaşan bir şəxs kimi dəyərləndirirəm.
Dürüstlük, vicdanlılıq, prinsipiallıq, sözünə və dövlət qarşısındakı məsuliyyətinə sahib çıxmaq mənim nəzərimdə dövlət xidmətinin ən mühüm mənəvi meyarlarındandır. Tahir Budaqov haqqında məndə formalaşmış müsbət təsəvvürün əsasını da məhz bu keyfiyyətlər təşkil edir.
Onu milli dövlətçilik düşüncəsinə bağlı, Prezidentinə və dövlətinə sədaqəti fəaliyyətində əsas prinsip kimi qoruyan, uzun illərin idarəçilik təcrübəsini siyasi təşkilatçılıqla birləşdirən dövlət xadimi kimi görürəm. Belə insanların siyasi və dövlət idarəçiliyində topladıqları təcrübənin qorunması, eyni zamanda bu təcrübənin yeni nəsil kadrlarla bölüşdürülməsi institusional davamlılıq baxımından xüsusi əhəmiyyət daşıyır.
Tahir Budaqova bundan sonrakı fəaliyyətində möhkəm cansağlığı, yeni uğurlar və dövlətimiz, xalqımız naminə gördüyü işlərdə nailiyyətlər arzulayıram.
YAP-ın VIII Qurultayını isə mən siyasi kursun davamlılığı ilə yanaşı, yeni mərhələnin çağırışlarına uyğun təşkilati yenilənmə, daha çevik idarəçilik və kadr siyasətinə diqqətin artırılması baxımından əlamətdar hadisə kimi qiymətləndirirəm. Dövlətçilik ənənəsinə söykənərək yenilənmək, təcrübəni qoruyaraq gələcəyə baxmaq hər bir böyük siyasi təşkilat üçün mühüm məsuliyyətdir.
Ağasif Şakiroğlu, Gələcək Azərbaycan Partiyasının sədri











































