
Azərbaycanın şanlı vərəqlərlə zəngin bir salnaməsi var. Bu gün ölkəmizin dünya arenasında sərgilədiyi möhkəm və dayanıqlı mövqeyi, dinlənilən və hörmət edilən söz sahibinə çevrilməsi hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Lakin bu yüksəliş təsadüfən əldə edilməyib. Belə ki, beynəlxalq aləmdə qazanılan bu böyük nüfuzun təməl daşı xalqımızın 1993-cü il oktyabrın 3-də nümayiş etdirdiyi tarixi iradə və müdrik seçim oldu. Məhz həmin gün Azərbaycan xalqının müqəddəratının müəyyən edildiyi gün kimi tarixə yazıldı.
1993-cü il oktyabrın 3-də xalqımız Heydər Əliyevin liderlik bacarığına, yüksək nüfuzuna və möhkəm siyasi iradəsinə inanaraq 98 faizdən çox səs çoxluğu ilə onu Azərbaycan Prezidenti seçdi. Sonrakı proseslər göstərdi ki, xalq bu seçimdə doğru və uzaqgörən addım atmışdı. Nəzərə alsaq ki, o zaman ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, çətin və böhranlı bir dövr idi. Məhz bu çətin və böhranlı şəraitdə ölkəmizə sahib çıxa biləcək şəxs dövlətçilik təcrübəsi, siyasi müdriklik və yüksək liderlik keyfiyyətlərinə malik olmalı idi. Xalq da bu keyfiyyətlərin Heydər Əliyevin şəxsiyyətində cəmləşdiyini düşünərək, həmin seçimdə Heydər Əliyevə səs verdi. Hər zaman xalqına və dövlətinə layiqincə xidmət göstərən Ulu Öndərin rəhbərlik etdiyi dövrdə gördüyü işlər əvəzsizdir. Bu işlərin sayəsində Azərbaycan beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir dövlətə çevrilməyə başladı. Şəxsi nüfuzundan və liderlik bacarığından istifadə edərək böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmağa inandırdı və buna nail oldu. 1994-cü il 20 sentyabrda neft kontraktlarının imzalanmasının Azərbaycanın tarixində dönüş nöqtəsi olduğunu xüsusi vurğulamaq lazımdır. Eləcə də “Əsrin müqaviləsi” ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmlətdi. Məhz bu sazişdən sonra Azərbaycan dünya çapında neft ölkəsi olaraq tanınmağa başladı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində əsaslı islahatlar başladıldı.
1993-cü il 3 oktyabr seçkiləri Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamasında və gələcək inkişaf strategiyasının müəyyənləşməsində həlledici mərhələ oldu. Bu tarix ölkədə xaosdan sabitliyə, iqtisadi tənəzzüldən inkişafa keçidin rəsmi başlangıcı oldu.
Nəticə etibarilə onu qeyd edə bilərik ki, Heydər Əliyev fenomeni zamanın çərçivələrinə sığmayan, dünyada bənzərsiz bir dövlətçilik məktəbidir. O, xalqımızın yaddaşında sadəcə tarixi bir şəxsiyyət kimi değil, müstəqilliyimizi fırtınalardan qurtaran Xilaskar və Ümummilli Lider kimi silinməz iz qoydu. Azərbaycanı səmimi qəlblə sevən hər bir vətəndaş üçün onun əziz xatirəsi yalnız qürur mənbəyi değil, həm də gələcəyə addımlayan dövlətimizin əbədi yaşayacaq məşəlidir.
Ruhiyyə Mehdiyeva, "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri, fəlsəfə doktoru












































