
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib.
Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da Prezident Sərəncamına uyğunlaşdırılacaq və artırılacaq. Məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artırılacaq. Minimum əmək haqqı artırıldıqdan sonra sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqları artacaq.
Əmək haqqı artımlarının neçə faiz olacağına gəldikdə isə vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Aylıq tarif maaşları 400 manat ilə 1150 manat arasında dəyişir.
Hazırda ilk pillə üzrə əmək haqqı 400 manatdır. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 1150 manatdır. Minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.
Müəllim və həkimlərin maaşları məsələsinə gəldikdə isə hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. Minimum əmək haqqı artırıldıqdan sonra VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.
Vüqar Bayramov, Milli Məclisin deputatı












































