Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan–Türkiyə–Fələstin: Əslində kim kimə xəyanət edir?

Azərbaycan–Türkiyə–Fələstin: Əslində kim kimə xəyanət edir?


İsrail–Fələstin və İsrail–İran müharibələri fonunda, xüsusilə BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsinin Azərbaycana qarşı siyasi ittihama çevrilməsi göstərir ki, məsələ heç də Fələstinlə bağlı deyil. Bu kampaniya Azərbaycan–Türkiyə müttəfiqliyinə qarşı, həmçinin Azərbaycan–İran münasibətlərinin gərginləşdirilməsinə yönəlmiş siyasi məqsəd daşıyır.
Fələstin məsələsinə İslam həmrəyliyi kontekstində yanaşmanı tarixi yaddaş və yaxın keçmişə baxış mümkünsüz edir.
Bir neçə fakt:

1970–1980-ci illərdə Fələstin Azadlıq Təşkilatının (FAT) Livanın Bəkaa vadisindəki düşərgələrində PKK üzvlərinə hərbi təlim keçirilmiş, sığınacaq və logistik dəstək verilmişdir. 1982-ci ildə İsrailin Livana hücumu zamanı PKK yaraqlıları FAT sıralarında döyüşmüşdür.

Fələstin, xüsusilə Mahmud Abbas administrasiyası BMT-də Kipr məsələsində Yunanıstan və Yunanıstan Kiprinin mövqeyini müdafiə etmişdir. Həmçinin Mahmud Abbas Pekinə səfəri zamanı Çinin Sincan-Uyğur türklərinə qarşı siyasətinə açıq dəstək vermişdir.

Şərqi Aralıq dənizində Fələstin Türkiyənin ikitərəfli dəniz sərhədi sazişi təklifini rədd edərək, Türkiyəni kənarda saxlayan Şərqi Aralıq Dənizi Qaz Forumuna (EMGF) təsisçi üzv kimi qoşulmuşdur.
Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış Pınarı” əməliyyatı zamanı Ərəb Dövlətləri Liqasının Türkiyəni “işğalçı” elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb.

1916-cı ildə Məkkə şərifi Hüseyn bin Əli Britaniya kəşfiyyatçısı T. E. Lourensin təşkilatçılığı ilə Osmanlıya qarşı üsyan qaldırdı. Üsyan və sonrakı döyüşlərdə minlərlə Osmanlı əsgəri öldürüldü və əsir götürüldü. 1918-ci ildə Şamın tutulması zamanı hərbi xəstəxanalardakı yaralı türk əsgərləri kütləvi şəkildə qətlə yetirildi və ağır işgəncələrə məruz qaldı. Bu vəhşiliklər Lourensin xatirələrində də təsdiqini tapmışdır. Türkiyə mənbələri müharibə dövründə 15 mindən çox Osmanlı əsgərinin işgəncələrlə kor edildiyini sənədləşdirmişdir.

Fələstinin Azərbaycana xəyanəti 1970–1980-ci illərdə Livandakı Fələstin düşərgələri ilə erməni silahlı təşkilatlarının yaradılması tarixindən başlayır. ASALA və digər erməni terror təşkilatlarının, həm də FAT düşərgələrində hərbi hazırlıq keçməsi, Monte Melkonyan kimi terrorçunun bu təcrübədən sonra Azərbaycana qarşı Qarabağ müharibəsində iştirakı inkaredilməz faktlardandır.

Xocalı soyqırımının əsas təşkilatçısı və icraçılarından olan Robert Köçəryanın şərəfinə 1998-ci ildə Fələstində poçt markasının buraxılması, Fələstin liderləri, xüsusən də Yasir Ərəfat və Mahmud Abbasın Ermənistanla yüksək səviyyəli siyasi əlaqələri və ermənilərə açıq həmrəyliyi müsəlman Fələstinin müsəlman Azərbaycan ərazilərini işğal edən xristian Ermənistana dəstəyi – İslam həmrəyliyi tarixinin ən utancverici faktı olaraq qalır. Yasir Ərəfat 2000-ci ildə “Kemp Devid” danışıqları zamanı ABŞ-ın BPS kanalına Ermənistan–Azərbaycan münasibətləri barədə açıqlamasında “Hə, bundan bizə nə?” – demişdi. Ermənistan da 2024-cü ildə xristian İsrailin ziddinə Fələstini rəsmən tanıyıb.
Fələstinin İslama aidiyyətinə gəldikdə isə, dinə görə İslamda müsəlman müsəlmanın qardaşıdır. Fələstin siyasi qüvvələrinin tarixən Osmanlıya qarşı Britaniya ilə, müasir dövrdə isə Azərbaycan əleyhinə Ermənistanla həmrəyliyi “İslam həmrəyliyi” prinsipinin siyasi kontekstdə selektiv tətbiqini göstərir. Yəni, Fələstin Osmanlıya, Azərbaycana xəyanəti ilə əslində İslam mənsubiyyətini itirib.

Fələstin–İsrail konfliktindən pretekst kimi istifadə edərək Azərbaycanı Türkiyədən uzaqlaşdırmaq, İranla münasibətləri gərginləşdirmək, İslam həmrəyliyi ilə qarşı-qarşıya qoymaq cəhdlərinin siyasi xarakteri və sifarişi şübhəsizdir.
Azərbaycan–Türkiyə münasibətləri təkcə dini həmrəyliyə deyil, etnik-milli bağlılığa, ortaq tarixi yaddaşa və Şuşa Bəyannaməsi ilə təsbit olunmuş strateji müttəfiqliyə söykənir. Bir neçə gün əvvəl hərbi sahədə 500 milyon dollardan çox müqavilələrin imzalanması və mütəmadi hərbi koordinasiya müttəfiqliyin praktik xarakterini sübut edir. Azərbaycan öz müstəqil milli maraqlarından çıxış edir və bu münasibətləri xarici müdaxilələrlə qarşı-qarşıya qoymaq mümkün deyil.

Vüqar Dadaşov
Milli Cəbhə Partiyası - MCP başqanı müavini
Xəbəri paylaş