Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, ağac qıran dəstə saxlanılıb



Newscenter.az.8.10.2019. Quba və Qusar rayonlarının meşə massivlərində ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə ölkənin meşə fondunun qorunması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılması halları barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Qeyd edilən ərazilərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ağacların kütləvi kəsilməsi faktı ilə bağlı daxil olan məlumat təsdiqini tapıb. Qanunsuz olaraq kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən rayonların meşə massivlərində ağacların kütləvi olaraq qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Həmin dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.

Mütəşəkkil dəstənin Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağaclarının oduncaqları aşkar olunub. Təyin edilən ekspertiza nəticəsində müəyyən olunub ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və kəsilməsi qanunla qəti qadağan olunur.

Saxlanılan şəxslər barəsində Baş İdarədə Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

"Qeyd edək ki, Quba Qusar rayonları ilə yanaşı respublikanın digər meşə sahələrinin qanunsuz qırılmasına qarşı Daxili İşlər, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə tədbirlər davam etdirilir. Qanunsuz olaraq meşə sahələrində ağac kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, bu əməllərə yol verən şəxslər qısa zamanda müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar", DİN-dən bildirilib.
Xəbəri paylaş