Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Ermənistan onlayn xəritə pоrtalının təqdimat mərasimi keçirilib



Newscenter.az.9.10.2019. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən www.realmap.az onlayn xəritə pоrtalının təqdimat mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, təqdim edilən portalın özəlliyi Ermənistanın ərazisində Azərbaycan toponimlərini bərpa etməklə onlara yeni nəfəs verməsindədir. Bununla mövcud Ermənistan respublikasının əzəli oğuz torpaqlarında yerləşdirilməsi əsaslı coğrafi və demoqrafik dəlillərlə isbat olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan haqqında bütün beynəlxalq tribunalardan bəyan edir: “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”. www.realmap.az onlayn xəritə platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar ölkə başçısının dünya miqyasında səsləndirdiyi tezisini möhkəmləndirən unikal elektron bazadır.

Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilmişdir. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilir. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların sayının dəfələrlə azalması xəritədə öz əksini tapmış və Ermənistanda soydaşlarımıza qarşı törədilmiş soyqırımın təzahürü kimi önə çəkilmişdir. Xəritə ilə yanaşı portalda “Ermənistanda Azərbaycan toponimləri”, “Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr yer almışdır. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir sənədlər yerləşdirilmiş, kəndlərin adları əlifba üzrə sıralanmış və hər kənddə Azərbaycan əhalisinin soyqırımına dəlalət edən statistik məlumat verilmişdir. Layihənin koordinatoru Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şalalə Həsənovadır.

Ehtiram
Xəbəri paylaş