Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Gömrük Komitəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib



Newscenter.az.7.03.2020. Martın 7-də Dövlət Gömrük Komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Newscenter.az-a qurumdan daxil olan məlumata görə, gömrükçü qadınları təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Azərbaycanda qadınlara hər zaman xüsusi münasibətin olduğunu vurğulayıb.

Cəmiyyətin vətənə, millətə məhəbbət və sədaqət ideyaları əsasında formalaşmasında, milli adət ənənələrin qorunub yaşadılması və gələcək nəsillərə ötürülməsində Azərbaycan qadınının xüsusi rol oynadığını diqqətə çatdıran Komitə sədri, ölkəmizin bütün sahələrdə inkişafına qadınların öz töhfəsini verdiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə qadınların cəmiyyətin müxtəlif sahələrində önə çəkildiyini, şəxsi bacarıq və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində mühüm addımların atıldığını vurğulayan Səfər Mehdiyev qadın siyasətinin əsasının da ulu öndər tərəfindən qoyulduğunu qeyd edib. Öz növbəsində, Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunu sürətlə artırıb. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, cəmiyyətin bütün sahələrində lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradıb. Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını eyni zamanda fəal ictimai xadimdir.

Səfər Mehdiyev onu da bildirib ki, gömrük sistemində aparılan islahatlar çərçivəsində qarşıya qoyulan əsas məqsədlərdən biri də gender bərabərliyinin təmin olunmasıdır və bu məqsədlə Azərbaycan gömrüyünün tarixində ilk dəfə olaraq xidmətə qəbulla əlaqədar iki müsabiqə yalnız qadın namizədlərin iştirakı ilə keçirilib. Gömrük sistemində xidmət aparan qadınların gömrük işinin bütün sahələrində səmərəli fəaliyyət göstərdiklərini vurğulayan Komitə sədri onlara uğurlar arzulayıb.

Daha sonra gömrükçü qadınlar adından çıxış edən Yeganə Gözəlova, Günay Məmmədova, Aytən Pirəliyeva ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, gömrük sistemində qadınların rolundan danışıb və göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Mərasimin sonunda gömrükçü qadınlara bayram hədiyyəsi, gül-çiçək dəstələri təqdim olunub.

Zaur
Xəbəri paylaş