Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Florian Zenqstşmid: “Azərbaycanda səyahətçilərin marağını cəlb edəcək əsas amil insanların qonaqpərvərliyidir”



Newscenter.az.8.09.2020. Dünya turizm sənayesi üzrə tanınmış “Travel Awards” təşkilatı tərəfindən “Dünya Səyahət Sammiti 2020” adlı virtual onlayn konfrans keçirilib.

Newscenter.az-a Dövlət Turizm Agentliyindən bildirilib ki, “Yeni normalda səyahət” ("Travel - in the new normal") mövzusunda keçirilmiş tədbirdə müxtəlif ölkələri təmsil edən 17 spiker turizm və səyahət sənayesinin gələcəyi və perspektivləri barədə çıxış ediblər.

Konfrans çərçivəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Dünyaya yeni baxış – Azərbaycan necə uyğunlaşır” mövzusunda təqdimatla çıxış edib.

F.Zenqstşmid turizmin pandemiyadan ən çox zərər görən sənayə sahəsi olduğunu, “yeni normal” adlandırılan dövrdə daha məsuliyyətli və dayanıqlı turizmin inkişaf etdirilməsinin vacibliyini bildirib O, həm səyahətsevərlərin, həm də turizmçilərin yeni davranış qaydaları və vərdişlərinə yiyələnməli olduğu postpandemiya dövründə turizmin inkişafı üçün üstünlük veriləcək məqamlardan danışıb. Sosial məsafənin qoruna biləcəyi açıq havada və təbiətdə kənd turizmi və eko-turizmin əhəmiyyətinin artması kimi amilləri qeyd edib.

Baş icraçı direktor Azərbaycanın malik olduğu çeşidli turizm imkanlarından, o cümlədən turizmin müxtəlif növlərini inkişaf etdirməyə imkan verən əlverişli iqlimə malik olmasından, sayına görə dünyada birinci yerdə olan palçıq vulkanlarından, təbii müalicəvi sulardan, Xınalıq, Basqal kimi unikal məkanlardan, qastronomiya imkanlarından, zəngin mədəni-tarixi irsdən, etnik müxtəliflikdən, alman, yəhudi, polyak kimi irslərinin qorunub saxlanmasından bəhs edib. Bütün bunlarla yanaşı, Azərbaycanda səyahətçilərin əsas marağını cəlb edəcək amillərdən ən önəmlisinin insanların qonaqpərvərliyi və turistlərə isti münasibətin olduğunu bildirib.

Daha sonra turizmin bərpası üçün pandemiyadan sonrakı planlar və layihələr, “SAHMAN” proqramı və Turizm Təlim və Sertifikasiya Mərkəzi və s. layihələr və görülən işlər barəsində ətraflı məlumat verilib. F.Zenqstşmid, həmçinin beynəlxalq turizm sənayesinin nümayəndələrini oktyabrın 14-də keçiriləcək “Travel Business Online Azerbaijan” tədbirində iştirak etməyə dəvət edib.
Çıxışın sonunda Azərbaycan turizmi ilə bağlı suallar cavablandırılıb.

Konfransda Avstraliya Turizm Palatasının sədri Con Hart, Amerika Hotel və Qonaq Evləri Assosiasiyasının prezidenti Uilyam Rocers, Seyşel Adalarının Turizm Bürosunun Baş icraçı direktoru Şerin Frensis və Portuqaliyanın Milli Turizm Agentliyinin prezidenti Luis Arauho kimi nüfuzlu turizm mütəxəssisləri də iştirak edib.

Sevinc

Xəbəri paylaş