Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əliyeva yazır: Bu tarixi bir qələbədir



Newscenter.az.12.11.2020. Əsrə bərabər 44 günlük əzmli mübarizəmizin nəticəsində işğal altındakı torpaqlarımızın ard-arda azad edilməsindən sonra, 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Baş nazirinin birgə imzaladıqları üçtərəfli bəyanat Azərbaycanın qəti qələbəsi, Ermənistanın isə tam məğlubiyyəti deməkdir. Bu üçtərəfli bəyanat həm hərbi, həm siyasi, həm də diplomatik qələbəmiz, deməkdir.

İmzalanan bəyanat Azərbaycanın şərtlərinin əks edildiyi mükəmməl bir sənəddir. Biz Laçını, Kəlbəcəri və Ağdamı döyüş olmadan, şəhid vermədən, qan axıdılmadan azad edirik. Bu bəyanatla Dağlıq Qarabağ statussuz qaldı. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 9 bənddən ibarət olan bu bəyanatda əsas məqamlardan biri ondan ibarətdir ki, Dağlıq Qarabağın ətrafında olan rayonlarımızın 20 gün ərzində işğaldan azad edilməsini Ermənistan rəhbərliyi öz imzası ilə üzərinə götürüb. Əhəmiyyətli məqamlardan biri də Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin artıq gündəmdən çıxmasıdır. Yəni Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycanın tərkib hissəsi kimi qəbul olunur.

Digər tərəfdən, önəmli olan digər bir məsələ də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsinin quru əlaqəsinə təminat verən razılaşmadır. Bu razılaşmayla Ermənistandan keçməklə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsi-dəhliz təmin edilir. İndi qalır razılaşmaların necə həyata keçiriləcəyi, razılaşmalara nə dərəcədə riayət ediləcəyi. Əlbəttə ki, bu amil də sülhün bərqərar olmasında böyük əhəmiyyət daşıyır. Elə bu səbəblə sülhməramlı mərkəz yaradılır. Bu mərkəz monitorinq funksiyasını daşıyacaq. Buna da qeyd edək ki, bu məqsədlə yaradılan mərkəzdə rus hərbçiləri ilə yanaşı Türkiyə hərbçilərinin də iştirakı olduqca əhəmiyyətlidir və bunun özü də Azərbaycanın maraqlarını əks etdirən vacib bir məqamdır. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.

Biz tariximizin ən möhtəşəm, parlaq səhifələrini yazdıq və yazmaqda davam edirik. Xalq böyük bayram içərisindədir. Xalq böyük xoşbəxtlik hissləri yaşıyır. Xalq Prezidentinə, ordusuna minnətdardır. Bu gün Azərbaycanda Xalq-Ordu-Prezident vəhdəti özünün ən yüksək zirvəsindədir. İndi qarşıda bizi böyük işlər gözləyir. Ermənistan və onun ordusu tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş torpaqlarımızda sürətlə abadlıq, quruculuq işləri həyata keçirəcəyik. Böyük Vətənin ayrılmaz parçası olan cənnət Qarabağımıza tarixi simasını qaytaracağıq. Bu qədimliyə sadiq qalaraq onu daha müasir, daha möhtəşəm layihələrlə bəzəyəcəyik. İnsanımız öz torpaqlarına, öz yurdlarına qayıdacaq. Toy-bayramlar çalınacaq o torpaqlarda. Olacaq! Əlbəttə olacaq! Bütün bunlar olacaq! Buna əminliyimiz tamdır!

Amma bu möhkəm əminliyi laxladmaq əzmində olan, bu möhtəşəm Qələbəyə kölgə salmaq istəyən, bütün zamanlarda ağa qara deməkdən usanmayan ağzıgöyçəklərə də buradan səslənmək istəyirik. İnsanları çaşdırmayın! Həqiqətləri çarpdırmayın! 30 ildir əyilən qəddimizi düzəltmişik. 30 ildir həsrətində olduğumuz xəbəri almışıq. 30 ildir gözümüzün yollarda qaldığı torpağa qovuşmuşuq. Azərbaycanın 30 illik işğalına birdəfəlik son qoyduq! Eşidirsinizmi? Etməyin! Eyləməyin! Buraxın sevincimizi sona qədər yaşayaq, buraxın xoşbəxtliyimizi doya-doya dadaq. Biz gəlmişik! Biz buradayıq! Şuşadayıq, Fuzulidə, Zəngilanda, Ağdamda, Ağdərədə, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Xocalıda, Xocavənddə, Xankəndidə, Laçındayıq! Eşidirsinizmi, bu torpaqlarda artıq bizim, bir daha səslənirəm, eşidirsinizmi, Azərbaycanın üç rəngli dövlət bayrağı dalğalanır və dalğalanacaq! Bax, budur əsas məsələ! Bax budur əsas Qələbə! Qarabağ artıq bizimdir! Bunu anlayın artıq!
Qarabağ Azərbaycandır"

Milli Məclisin deputatı, Jalə Əliyeva
Xəbəri paylaş