Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ATƏT-lə status mövzusunu müzakirə etməyəcək



Newscenter.az.16.03.2021. ATƏT-in fəaliyyətdə olan sədri Ann Linden Azərbaycana səfəri zamanı dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini uzun illərdən sonra özü həll edib. Ona görə də Azərbaycanın artıq ATƏT-in bu istiqamətdə fəaliyyətinə ehtiyacı yoxdur. Elə İlham Əliyevin ATƏT sədri ilə görüşdə səsləndirdiyi fikirlər də bundan xəbər verir: “Münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”. Azərbaycan prezidenti eyni sözləri müharibədən sonra Bakıya gələn ATƏT-in Minsk Qrupu həmsədrlərinə də demişdi.

İlham Əliyev ATƏT sədri ilə görüşdə onu da dedi ki, Azərbaycan işğal altındakı ərazilərin bərpasına başlayıb. Yəni Azərbaycan prezidenti bu sözlərlə ATƏT sədrini anlatmaq istəyib ki, Bakının artıq ATƏT-in vasitəçiliyinə ehtiyacı yoxdur. Bakı Dağlıq Qarabağın status mövzusunu müzakirə etmək istəmir. İlham Əliyev ATƏT sədri ilə görüşdən sonra yenidən azad olunmuş bölgələrə səfər edərək erməni işğalının acı nəticəsindən və aparılacaq yenidərqurma işlərindən danışdı.

ATƏT sədri ilə görüşən xarici işlər naziri Ceyhun Bayramov iki faktora diqqəti çəkdi.

Birincisi, nazir dedi ki, Ermənistan gizli şəkildə Azərbaycan ərazisinə silahlı şəxslər göndərir və ATƏT bunun qarşısını almalıdır.
İkincisi, nazir ATƏT sədrinə dedi ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda həbs edilən erməni silahlıları əsir deyillər və Ermənistana verilməyəcək. 10 noyabr bəyanatı imzaladıqdan sonra Ermənistan hakimiyyəti Ermənistanın Şirak bölgəsindən Qarabağa 60-dan çox hərbi qulluqçu göndərib. Bu hərbiçilər diversiya törədərək, Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini öldürüblər və qanun qarşısında cavab verəcəklər. Digər tərəfdən “əsir” mövzusuna qaldıranlara cavabımız bəllidir: “Emənistan Azərbaycan torpaqlarına minaladığı ərazilərin xəritələrini Bakıya təqdim etsin”. Bu olmadıqca “əsirlər” mövzusu da müzakirə edilməməlidir.

Bundan sonra Ceyhun Bayramov Azərbaycanla İsveç arasındakı əməkdaşlıqdan danışdı. Nazir dedi ki, iki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirir. Hər bir ölkə ATƏT-ə iki il sədrlik edir. İsveçin sədrliyi də iki il çəkəcək. Ona görə də ATƏT sədri Bakıya səfər edərək Dağlıq Qarabağ məsələsindən danışsa da, İsveçin xarici işlər naziri Bakıya təzyiq etməyəcək. Çünki, həmin nazir ATƏT-lə yanaşı həm də ölkəsini təmsil edir və İsveçin Azərbaycanla əməkdaşlığını genişlədirməsində maraqlıdır. Azərbaycan rəsmiləri də İsveçli nazirlə görüşdə diqqəti məhz ikitərəfli əməkdaşlığa yönəldiblər.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş