Newscenter.az.9.10.2021. Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planına və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib.
Newscenter.az xəbər verir ki, təlimin döyüş atışlı mərhələsindən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev, Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgənci və müxtəlif qoşun növü komandirləri silahlanmaya yeni qəbul edilən hərbi-texniki vasitələrə baxıblar, səhra şəraitində müasir cihaz və avadanlıqlarla təmin edilmiş döyüşü idarəetmə məntəqəsi ilə tanış olublar.
Təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat-taktiki təliminə Əlahiddə Ümümqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Türkiyə Silahlı Qüvvələrinin bölmələri cəlb edilib.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsi, yaradılmış birgə qərargahlarda əməliyyatların planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, bölmələrlə qərargahlar arasında qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə suallar işlənilib.
Planla tanışlıqdan sonra təlimə start verilib.