Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə Birliyi inkişaf edərək türk dünyasının həmrəyliyinə doğru genişlənir



Newscenter.az.9.10.2021. Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərməkdə davam edir. Azərbaycanı dəstəkləməklə haqqın, ədalətin tərəfində oduğunu nümayiş etdirdi. Çünki, Azərbaycanın işi haqq işi idi.

Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir. Bu, Mustafa Kamal Atatürkün “ Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir və ”Ulu öndər Heydər Əliyevin dahiyanə şəkildə elan etdiyi “Biz bir millət, iki dövlətik” təliminin nə qədər böyük həyati gücə və geniş imkanlara malik olduğunu hər dəfə yenidən təsdiq edir. Bu, həm də xalqlarımız arasındakı tarixi- mədəni bağların, dil və din birliyinin əbədi olan təzahürlərindən biridir. Azərbaycan və Türkiyə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Çox önəmli tarixə nəzər salaq. Biz 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsini unutmamışıq. Bu qardaş gəlişi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Bu hadisəni şərh edərkən Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “ Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır."

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı ədalətli mübarizədə nümayiş etdirdiyi əsl dövlət rəhbəri məharəti və sərkərdəlik qətiyyəti müharibədə qazanılan zəfərlərin əsasını təşkil edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, onun düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verir, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirir.

Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərləri dövlət başçılarımızın birgə apardıqları məqsədyönlü xarici siyasətin düşünülmüş şəkildə həyata keçirilməsinin təmin olunmasına uğurla xidmət edir. Ölkələrimizin Xarici İşlər nazirləri arasında qurulmuş etibarlı dialoq da xarici siyasətimizin uğurla aparılmasında və fayda gətirməsində mühüm rol oynayır.

Dağlıq Qarabağdan və ətraf rayonlardan, o cümlədən, ermənilər tərəfindən dinc əhalinin atəşə tutulduğu Gəncə, Tərtər, Bərdə və digər yerlərdən ən çətin şəraitdə Türkiyə televiziyalarının, informasiya agentliklərinin verdikləri xəbərlər Azərbaycanın ədalətli müharibəsi haqqında dünya ictimaiyyətinə məlumatların çatdırılmasında mühüm rol oynayır. Türkiyə mediasının qaynar nöqtələrdə Azərbaycan kütləvi informasiya vasitələri ilə çiyin-çiyinə birgə fəaliyyəti informasiya müharibəsi cəbhəsində üstünlüyümüzə, qələbəmizə haqq qazandıran gur səsimizin əks-sədasıdır. Türkiyə mediasının çətin şəraitdə Aazərbaycanda göstərdiyi operativ fəaliyyət hər cür minnətdarlığa layiqdir.

Türkiyə dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən regionumuzda böyük nüfuza malikdir. Bu artıq dünya ölkələri tərəfindən də qəbul olunub. Rəşadətli Azərbaycan ordusunun əldə etdiyi qələbə, sərgilədiyi döyüşkənlik ruhu, apardığı uğurlu döyüş əməliyyatları həm türkün əzəmətinin nümayişinə çevrildi, həm də bütün dünyaya Türkiyə müdafiə sənayesinin üstünlüklərini göstərdi. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan da ustalıqla yararlandı və bunlardan məharətlə istifadə etməklə düşmənlə ölüm-dirim savaşında böyük üstünlüyə nail oldu. Bu da Azərbaycanın öz ordusunu Türkiyə hərbi texnologiyası hesabına təkmilləşdirməsi üçün zəmin yaradır. Mətbuat konfransında bu məsələlər cənab Prezident İlham Əliyev tərəfindən önə çəkilmiş, Türk ordusunun NATO-da güc baxımdan ikinci ən güclü ordu olduğunu iştirakçıların nəzər-diqqətinə çatdırılmış və Türkiyə ilə hərbi sahədə iş birliyimizin davam etdiriləcəyini. O cümlədən Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmini xüsusi vurğulamışdır.

Azərbaycanın Vətən müharibəsinə başladığı günlərdən dövlətimizə ilk olaraq dəstək verən beynəlxalq qurumların içərisində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının açıq bəyanatı tam vaxtında ifadə olunmuş birmənalı münasibətin əks-sədası kimi səslənmişdir. Bu, həm də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası kimi nüfuzlu bir beynəlxalq qurumun münasibətini bildirən bəyanat kimi də dünya ölkələrində Azərbaycanın ədalətli mövqeyi haqqında obyektiv fikirlərin, düzgün ictimai rəyin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.

II Qarabağ müharibəsi bitdikdən sonra Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmışdır. Azərbaycanın Ağdam rayonunda yaradılmış monitorinq mərkəzinin fəaliyyət göstərməsində əsas məqsəd post-müharibə dövründə bölgədə nəzarəti təmin etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək münaqişə zonasında hər hansı bir qarşıdurma olmamasını təmin etməkdir.

Müharibədən sonra Qarabağda yenidənqurma işlərinin aparılması prosesində də Türkiyə ilə sıx əməkdaşlıq edilməkdədir. Görüləcək işlərin həcminin çox böyük olduğunu Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə dəfələrlə müzakirə etmişdir. Bu işlərin görülməsində də ölkəmiz beynəlxalq əməkdaşlıqlar çərçivəsində müəyyən addımlar atmaqdadır. Artıq icrasına başlanılmış bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində türk şirkətləri iştirak edirlər.

Tariximizin belə çətin anlarında Türk dünyasından ayrı-ayrı tanınmış siyasi xadimlərin, görkəmli elm və ədəbiyyat adamlarının da dəstəyi Azərbaycan üçün əhəmiyyətlidir. Bu cəhətdən Türkiyə Cümhuriyyətinin bütün səviyyələrdə dönmədən göstərdiyi əsl qardaşlıq münasibəti türk dünyası üçün və ümumiyyətlə dünyada əsl dostluq, qardaşlıq və həmrəylik nümunəsi kimi də ibrətamiz və qiymətli örnəkdir.

Bu dəstəkdən məmnunluğu ifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bu ifadələri səsləndirmişdir: “ Mən bir daha əziz qardaşıma Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyinə görə təşəkkürümü bildirdim. Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq! “

Göründüyü kimi, çətin sınaq günlərinin möhkəm və etibarlı Azərbaycan-Türkiyə Birliyi inkişaf edərək türk dünyasının həmrəyliyinə doğru genişlənir və daha da möhkəmlənir. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı bütün sahələri əhatə edən qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq, müharibə dövründəki böyük siyasi və mənəvi dəstək istənilən istiqamətdə, o cümlədən, hərb meydanlarında böyük qələbənin əsas dayağı və hərəkətverici qüvvəsidir. Eyni zamanda, əsl qardaşlıq nümunəsi olan sarsılmaz Azərbaycan-Türkiyə Birliyi dost və tərəfdaş ölkələr üçün də çağırışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın işğalçı Ermənistanı sülhə məcbur etməsi baxımından , istərsə də digər regional məsələlər baxımından qardaş Türkiyə dövləti aparıcı qüvvələrdən birinə çevrilib. Çünki ortada daha bir reallıq-“Bir millət, iki dövlət” sarsılmaz, əbədi prinsipi dayanmaqdadır.

Şəki şəhər beynəlmiləl məktəbin fizika müəllimi İlyasova İntizar
Xəbəri paylaş